Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL

Bu gün, 18:24           
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

2024-cü il noyabrın 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0491 manat təşkil edib.

Rusiyanın 100 rublu 1,5024 manata kimi ucuzlaşıb, avro isə 1,7943 manata kimi bahalaşıb.

Belə olan halda Rusiyada işləyib Azərbaycana pul göndərənlərin vəziyyəti necə olacaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, rubl ilə bağlı baş verən proseslər Rusiyada fəaliyyət göstərən miqrantların əməkhaqlarına, gələn gəlirlərinə və öz ölkələrinə göndərdikləri vəsaitə çox böyük təsir göstərir:

“Onsuzda Rusiya-Ukrayna müharibəsi başlayandan bəri pul köçürmələrdə problemlərin yaranması orada çalışanlara əlavə yük gətirmişdi.

Çünki bir çox hallarda beynəlxalq pul köçürmələrdə Rusiya ərazisində problemlər olduğuna görə, əldə etdikləri vəsaiti öz ailələrinə göndərməkdə problem yaşayırdılar və müxtəlif üsullardan istifadə etməyə məcbur qalırdılar.

İndi rublun ucuzlaşması ilə təbii ki, həmin insanlar qazandıqları vəsaiti Azərbaycana və başqa Mərkəzi Asiya respublikalarına rubl ilə göndərmirlər. Daha çox dollar və ya avro ilə göndərirlər ki, ailələri də burada həmin vəsaiti yerli valyutaya çevirib xərcləyə bilsinlər”.

Onun sözlərinə görə, rubl dollar qarşısında kəskin ucuzlaşdıqca, həmin şəxslərin gəlirlərinin də rubl ilə olduğunu nəzərə alsaq, o zaman onların maaşları artmır:

“Dünənə qədər qazandıqları vəsaitə aldıqları dolları bu gün ala bilmirlər. Çünki dolar kəskin şəkildə bahalaşıb. Ona görə də Rusiyadan gələn, Azərbaycana daxil olan valyutanın həcmində ciddi azalmalar müşahidə olunacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.