Ramiz Zeynalova "hədiyyə" verilən avtomobillə bağlı qeyri-adi cavab - BƏXTİYAR HACIYEV ŞOU YARADIR

6-06-2016, 00:27           
Ramiz Zeynalova "hədiyyə" verilən avtomobillə bağlı qeyri-adi cavab - BƏXTİYAR HACIYEV ŞOU YARADIR
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyevin Penitensiar Xidmət binasının qarşısında park edilmiş maşını evakuasiya edilib.
Bu barədə “Qafqazinfo”ya Bəxtiyar Hacıyev özü məlumat verib.
O, iddia edir ki, həmin ərazidə uzun müddətdir ki parklanan avtomobillər olsa da DYP məhz gənc fəalın maşınını evakuasiya edib:
“Dünən Suraxanı məhkəməsinin göndərdiyi bir sorğunu Penitensiar Xidmətin poçt qutusuna atmaq üçün bir neçə dəqiqəlik Penitensiar Xidmət qarşısında avtomobili saxladım, cəmi bir neçə dəqiqə sonra çıxdıqda avtomobilin evakuasiya edildiyini gördüm. Həmin ərazidə həm mənə məxsus avtomobildən öndə, həm də arxada avtomobillər park edilmişdi. Onların bəziləri axşam saatlarında da orada idilər, amma nədənsə, cəmi bir neçə dəqiqə ərzində DYP mənim avtomobilimi evakuasiya etmişdi.
Sürücülərin dayanma, durma, parketmə qaydalarını pozmasına görə cərimələnməsi qanuni və anlaşılandır, cərimə edildikdə, cəriməni ödəyirəm. Ancaq nəqliyyatın hərəkətinə mane olmadıqda avtomobillərin evakuasiya edilməsi minlərlə vətəndaşın haqlı etirazına səbəb olur.
Eyni zamanda, qayda pozuntusuna görə cərimələr sonradan ödənə bilsə də, evakuasiya xidməti üçün ödəniş edilməsə, avtomobil cərimə meydançasından buraxılmır. Bu isə o deməkdir ki, sürücünün bir ay nəğd pulu olmayacaqsa, avtomobili cərimə meydançasında girov saxlanılır.
Üçüncüsü, evakuasiya edildiyi zaman ödənişlərin hara, hansı hesaba köçürülməsi barədə heç bir məlumat, qəbz və sənəd verilmir”.
Bəxtiyar Hacıyev evakuatorla maşınının aparılmasına qeyri-adi formada etiraz edib:
“Bütün bunları nəzərə alaraq, evakuator oğurluqlarına etiraz əlaməti olaraq, cərimə meydançasına aparılmış avtomobilimin üstünə “Baş DYP rəisi general-mayor Ramiz Zeynalova hədiyyə” yazısını yapışdırıb, velosipedimi avtomobildən götürüb çıxdım. Velosipeddən istifadə edə-edə, bacardığım qədər bütün yollarla həm bu problemlə, həm də DYP nəzarətində olan bütün digər problemlərlə mübarizə aparmağa başlayacam.
Hər halda, vətəndaşı əlinə çəkic götürüb DYP avtomobilini sındıracaq qədər aqressivləşdirən bu addımlar məni də kifayət qədər gərginləşdirsə də, mən sivil etiraza üstünlük verdim və avtomobili DYP rəhbərinə hədiyyə etməyə qərar verdim.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov qısa araşdırmadan sonra Avtosfer.az-a bildirib ki, avtomobilin evakuasiya edilməsi qanunidir:

“Sürücü Bəxtiyar Hacıyev gündəmdə qalmaq və qalmaqal yaratmaq naminə belə hərəkətlərə yol verir. Təkcə onu demək kifayətdir ki, sürücünün bu avtomobillə 14 dəfə inzibati xəta törətməsi onun məsuliyyətə cəlb edilməsinə səbəb olub. Doğrusunu deyək ki, tətbiq edilən cərimələrin ödənilməsi faktı da var.
Sonuncu paylaşdığı məlumatlara gəldikdə isə sanki sürücü hazırlaşıb ki, avtomobil evakuasiya edildikdən sonra əvvəlcədən yazıb hazırladığı bildiriş vərəqəsini şüşəyə yapışdıracaq, avtomobilində gəzdirdiyi velosipedlə getməsinin fotosunu sosial şəbəkələrdə paylaşmaqla piar aparacaq”.
Vaqif Əsədov bildirib ki, Bəxtiyar Hacıyevin avtomobilinin evakuasiya edildiyi ərazidə Formula 1 yarışlarına son hazırlıq işləri gedir. Eləcə də, DYP əməkdaşlarının paytaxt üzrə dayanma-durma və parketmə qaydalarını pozanlara qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir vaxtda sürücünün narazılıq etməsi başadüşüləndir:
“Çünki qanun hər kəsə şamil edilir. Əgər dayanmaq-durmaq qadağandırsa, özünün dediyi kimi, maşını 3-4 dəqiqə belə park edib qayda pozursa, hansı güzəştdən danışmaq olar? Həmin avtomobil qanun çərçivəsində müvəqqəti mühafizə olunan duracağa aparılıb. Yəni, sürücü barəsində seçilən tədbir qanunauyğundur. Hamı kimi o da cərimələnəcək və inzibati məsuliyyətə cəlb ediləcək”.
Vaqif Əsədov sonda Bəxtiyar Hacıyevin yaydığı məlumatla bağlı bunları deyib:
“Əgər çox hörmətli Bəxtiyar Hacıyev cənabları avtomobilini həqiqətən hədiyyə etmək niyyətindədirsə, təşəkkür edirik və bildiririk ki, bizim üçün ən böyük və ən dəyərli hədiyyə törətdiyi xətanı səmimi etiraf etməsi olardı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.