Azərbaycan əsgərinin meyiti qaytarılıb
28-11-2017, 16:19
Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Azərbaycana qaytarılıb.
APA-nın xəbərinə görə, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirdiyi tədbirlər nəticəsində noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun tapılmış cəsədi noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycana təhvil verilib.
Prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun vasitəçiliyi ilə Azərbaycan hərbçisinin olduğu ehtimal olunan meyit Ermənistandan Azərbaycana qaytarılıb.
Qeyd edək ki, B. Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıb.