AĞSU FƏLAKƏTLƏ ÜZ-ÜZƏ... - Ekologiya və Təbii Sərvətlər NAZİRİNİN nəzərinə!!!
21-03-2018, 10:31
Bir neçə ildir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri işləyən Əlirza Əliyevinin adı, yerində olmayan kadrlar sırasındadır. Onun böyük və cox yümşaq kresloda əyləşən havadarı ( adını hələlik məlum səbəblərdən cəkmirik!) bu gündə haqsız olaraq belə bir səriştəsiz insanın müdafiəsindədir. Belə ki, təbiətdən və qorunmalı olan təbii sərvətdən başı çıxmayan müdirin işi-gücü yalnız stol dalında pul yığmaqdır. Tabeçiliyindəki ərazilərdə ağaclar rahatca qırılır, çay vadiləri sahibkarlar tərəfindən zəbt edilir, tüstü-duman yaşayış massivlərini ağuşuna alır, xam torpaqlarda hər kəs öz bildiyi kimi qazıntı işləri aparır, nəticədə təbiətə küllü miqdarda ziyan vurulur. Əlirza Əliyev isə belə məsələlərə "əncam" cəkməyi Babək adlı birisinə həvalə edib ki, onun da idarədə hansı vəzifə tutması naməlumdur. Ümumiyyətlə bu idarədə iş deyilən məfhum "bu gün nə qədər pul cırpışdırıb gətirmisən" kimi başa düşülür.
Həmişə "kasıbcılıqdan" şikayətlənən, lakin xeyrini hec vəchlə əldən verməyən müdir işıq gələn yerdə ayıq-sayıqlığı daha çox sevir. Adicə, bu yaxınlarda tamah ona necə güc gəlibsə rayonda, kecmiş 20 Yanvar deyilən parkdakı kafe-restoranda bir tanınmış jurnalistin adından istifadə edib əməlli-başlı "qaz vurub, qazan doldurmaq" sevdasına düşdüyünu, işi "faş" olanda isə nə vəziyyətdə qaldıgını yadından cıxıb. ( Bu ƏNDİRABADI HADİSƏ barədə novbəti sayımızda təfsilatı ilə mütləq məlumat verəcəyik).
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ərazilərdə baş verən qanunsuluqları hansısa vətəndaşın və ya sahibkarın ayağına yazmaqla işini bitmiş sayır. Sonra isə qanunsuzlugu edənlər cüzi miqdarda cərimələnir. Cərimə edilənləri hansısa məhkəmə orqanı xitam etsə də, Əlirza Əliyev bu işə göz yumur. İnanmırıq ki, müdir dövlətin mənafeyi naminə məhkəmənin azad buraxdıqlarından apellyasiya şikayəti verə bilə. Çünki, bu məsələ cənab Əliyevə da sərf eləmir. Danışıq belədir!
Tutduğu vəzifənin mahiyyətini bilməyən, oraya gəlir mənbəyi kimi baxan Əlirza Əliyevin bu əməllərindən, görəsən nazir Hüseynqulu Bağırovun xəbəri varmı?
Əlirza Əliyevin nə vecinə ki, Ağsu rayonunun ərazisindən keçən "Ağsu çayı" ekoloji fəlakətə səbəb ola bilər. Rayonun mərkəzindən keçən çayın hər yerinə zibillər axıdılmagından məgər onun xəbəri yoxdur? Rayon icra hakimiyyətinin tabeçiliyində olan qurumlar yaşayış məntəqələrindən yığdıqları zibil və tullantıları çaya boşaltmırlar?!
Kecən sayımızda qeyd etdiyimiz faktların araşdırmaları göstərir ki, vətəndaşların müraciətlərində qeyd olunanlar həqiqəti əks etdirir. Rayonun mərkəzindən keçən çayın ətrafı zibilxanaları xatırladır. "Ağsu çayı"nı zibil anbarına çevirənlərin cəzasız qalması vəziyyəti daha da ağırlaşdırıb. Hazırda çayın yaşayış məntəqələrinə yaxın olan ərazilərində baş alıb gedən özbaşınalıq Əlirza Əliyevin narahat etmir. Məsələ ilə baglı ondan münasibət soruşanda rayon rəhbərliyini ittiham edir.
Agsunun kənd camaatının istifadə etdiyi su arxının "yamacını" zibillik poliqonu ediblər. Zibilin suyu kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. Nəticədə də kəndlərdə yaşayan sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Son bir il ərzində görun rayonda necə nəfər sakin xərçəng xəstəliyindən dünyasını dəyişib. 100 nəfərə yaxın insan onkoloji xəstədir. Mal-qara tələf olur. Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə, həm əkinə və mal-qaraya istifadə edir. Başqa su mənbəyi yoxdur ki, istifadə edilsin.
Əlirza Əliyevin fəaliyyətsizliyi nəticəsində Ağsuda yaranmaqda olan ekoloji fəlakətin fəsadları artıq hiss olunmaqdadır. Kecən sayımızda rayon sakinlərinin müraciətləri əsasında qeyd etdiyimiz faktlarla bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxett.az