KANDİDİN İFRAT OPTİMİZMİ

Bu gün, 09:44           
KANDİDİN İFRAT OPTİMİZMİ
“Kandid və Optimizm” əsərini ilk dəfə tələbə ikən oxumuşdum.
Volterin bu ölümsüz əsəri həyatımı dəyişdirmədi, amma hafizəmdə silinməz izlər buraxdı.
Dünya görüşümə təsir etdi, ən əsası da özümə olan güvənimi artırdı. Zarafatdırmı, ilk dəfə idi bir filosofun əsərini oxyurdum, həm də Volter kimi nəhəng bir filosofun.
Kandiddən o qədər danışmışdım ki, ətrafımda kitabı oxumayan qalmamışdı.
“Kandid və Optimizm” Volterin ən çox nəşr edilən və ən çox oxunan əsəri olsa da görkəmli filosof onu bəyənmir, hətta müəlliflikdən belə imtina etmək istəmişdi sonralar.
Fəlsəfi povest olsa da sadə bir dillə yazılıb.
Çəkilən filmlər, səhnəyə qoyulan tamaşalar isə yaddaşlarda qalmayıblar.
Hətta Leonard Bernstaynın eyni adlı müziklini belə bəyənməmişdim dinlədiyimdə.
Adətən kitabı iki dəfə oxumuram, ancaq Volterin bu kitabını qırx yaşlarımda bir də əlimə aldım.
Kandidi, qız arkadaşı Kuniqunda və müəllimi Panqlosu unutmadım.
Oxuduğum ən “absurdistik” kitab idi.
Volter qəhrəmanlarının dili ilə bol-bol ilahiyyatı, savaşları, ədəbiyyatı, incəsənəti və metafizikanı lənətləyir.
Povestdə doktor Panqlos sübut edir ki, “Dünyaların bu ən yaxşısında” hər şey hansısa bir məqsədlə yaradılıb. Və nə baş verirsə versin hər şey yaxşılığadır. Əsərin sonunda ölüm ayağında olmasına rəğmən Kandid durmadan təkrarlayır:
“Dünyaların bu ən yaxşısında hər şey yaxşılığa doğrudur”..
Volter Kandidin sözləri ilə görkəmli alman filosofu Leybnitslə alay edir əslində.
O, Leybnitsin “Bu Dünya mümkün ola biləcək bütün Dünyalardan ən yaxşısı olmasaydı Tanrı onu yaratmazdı” fikrini incə bir üslubda tənqid edir.
"Axmaq adam heç dəyişməyən, eyni qalan adamdır" yazırdı Volter.
Onu müxtəlif fəlsəfi düşərgələrə çəkməyə çalışdılar, lakin o, qütblərdəki ideyaları arasında dolaşırdı. Volter bu fikrini belə əsaslandırdı: “Hər azad fikirli adam filosof deyil, ancaq hər filosof azad fikirlidir”.
Bir yandan 18-ci əsrin fransız materialist fəlsəfəsi fonunda materialist olmaması ilə öyünür, digər yandan idealizmi də tənqid edirdi.
O, sərt anti-klerikal idi, amma ateizmi də qəbul etmirdi.
Həm deyirdi Allah yoxdur, həm də onun var olduğuna inanırdı.
İsa Məsihin şəxsiyyətinə hörmət edir, ancaq xristianlıq və yəhudiliyə münasibətdə qəddar idi.
Gah optimist olurdu, gah da pessimist, bəzən də skeptik.
"İnsan düşünməyə başlasa hər şey məhv olacaq" deyərək xalqa təhsil lazım deyil söyləyir, ancaq hamı onu maarifçi olaraq qəbul edirdi.
Belə bir eksentrik filosof idi Volter.
Düşüncələrini, baxışlarını tez-tez dəyişsə də dəyişməyən bir şey vardı –
onun ədəbi istedadı, cəsarəti və fəlsəfi mirası…
***
Son vaxtlar Dünyada baş verənlər yorur məni.
Pessimist olmamaq üçün dirənirəm.
“Optimist olmaq lazımdır”, – təlqin etmək istəyirəm özümə.
Bəlkə də elə buna görə 21 noyabrda gözümü açan kimi Kandid və onun ifrat optimizmini düşündüm.
Günorta isə təsadüfən məlum oldu ki, 21 noyabr Volterin (1694-1778) doğum günüdür.
“Təsadüfə bir bax” dedim öz-özümə.
Yox, bələ təsadüf ola bilməz axı, bu, “Sinxronluq Fenomeni” deyilmi?..
Keçənlərdə demişdim ki, görkəmli psixiatr, analitik psixologiyanın banisi Karl Qustav Yunq ilə dahi alman fiziki, Nobel mükafatı laureatı Volfqanq Paulinin dostluğundan və onların “Sinxronluq Fenomeni” mövzulu məktublaşmalarından yazacam…
Yunq və Pauli haqda bu aralar çox düşünmüşəm deyəsən.
Sinxronluq Fenomeni möcüzədir.
Bir az xəlvət yapsam yazacam.
Təkcənəlik gözəldir…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.