Türkiyədə evlilik verilişinə qatılan azərbaycanlı qız haqqında – ŞOK FAKTLAR
3-06-2016, 12:56
Özünü Azərbaycanda Mələk adı ilə qələmə verən İlhamə vaxtilə anasını və qardaşını dəfələrlə polisə şikayət edib.
“O, Türkiyəyə heç cürə gedib çıxa bilməzdi… “
33 yaşlı İlhamə adlı azərbaycanlı qızın Türkiyədə evlilik proqramına qatılması mətbuatda, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Qafqazinfo” saytının yaydığı məlumata görə, Türkiyənin “ATV” kanalında yayımlanan “Esra Erolla evlilik” adlı proqrama gələn İlhamə ata-anası tərəfindən ailə qurmadığı üçün həmişə şiddət gördüyünü, təhqir olunduğunu, evdən qovulduğunu, buna görə də evlilik verilişinə müraciət etdiyini söyləyib. Aparıcı Esra Erol isə valideynlərinin söz haqqı olduğunu xatırladaraq onların proqramla canlı əlaqə saxlaya biləcəklərini, İlhamə adlı xanımın dediklərinin onun iddiası olduğunu, hadisənin təfərrüatlarını öyrənmədən bunu təsdiqləyə bilməyəcəklərini söyləyib. Qeyd edək ki, İlhamə Şenol adlı bəyə elçi düşərək adı çəkilən verilişə qatılıb. Onun valideynləri haqda verdiyi açıqlamalar həm Türkiyə, həm də ölkə ictimaiyyətində çoxları tərəfindən qınanılıb.
“Yeni Müsavat” İlhamə haqqında bəzi məlumatlar əldə edib. Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumata görə, əslən şəkili olan İlhamə Azərbaycanda özünü daha çox Mələk adı ilə təqdim edirmiş. “Heç kimlə yola getməyən, insanları sevməyən bir insan” olduğu iddia edilən İlhamənin ata-anası barədə dediyi ittihamlarının da əsassız olduğu bildirilir.
Deyilənə görə, onun evdən çıxmasına səbəb isə anası və qardaşı ilə mülk davası etməsi olub. Bu cür davaların birində polislə evi tərk edən İlhamə təxminən 4 il bundan əvvəl “Təmiz dünya” qadınlara yardım ictimai birliyinə müraciət edir və təşkilatın sığınacağına yerləşdirilib. Lakin sığınacağın sakinləri ilə də yola getməyən İlhamə 3 gündən sonra qalmaqallı şəkildə sığınacağı tərk edib.
Mövzu ilə əlaqədar “Təmiz dünya” birliyi ilə əlaqə saxladıq. Təşkilatın əməkdaşı Gülnar Ağazadə İlhamənin həqiqətən sığınacaqda qaldığını təsdiqlədik:
“Bizim təşkilata müraciət edərkən bildirmişdi ki, anası və qardaşı onu döyərək yaşlı bir insanla ailə qurmağa məcbur edib. Lakin buna etiraz olaraq evi tərk edib və qalmağa yeri olmadığı üçün sığınacağımıza üz tutub. Bununla əlaqədar olaraq onun anası ilə əlaqə saxladıq. Lakin anası bildirdi ki, onun döyülməsi, zorla kiməsə ərə verilməsi yalandır. Anasının dediyinə görə, İlhamə qardaşı ilə tez-tez mübahisə edərək ona ata evindən pay düşdüyünü, bunun əvəzində isə ona torpaq sahəsi verilməsini tələb edirmiş. Qardaşının buna imkanı olmadığı üçün aralarında tez-tez mübahisə düşürmüş. Bu səbəbdən qardaşı və anası haqda dəfələrlə polisə şikayət edib. Sonuncu mübahisə zamanı isə evi tərk edib. Sığınacağa gələrkən üzərində heç bir döyülmə əlamətləri də yox idi.
Bizim sığınacaqda 3 gün qalan İlhamə sığınacaq sakinləri ilə də yola getmir, tez-tez mübahisələr salırdı. Sığınacağın daxili qaydalarını pozduğu üçün akt tərtib edərək onu sığınacaqdan uzaqlaşdırdıq. Bizdə olan məlumata görə, o, digər sığınacaqlara da müraciət edib”.
Təşkilat əməkdaşı onu da qeyd etdi ki, İlhamə 4 il bundan əvvəl sığınacağa müraciət etdiyindən onun barəsində olan rəsmi sənədlər arxivə salınıb, bu səbəbdən onun barəsində daha geniş məlumat verməkdə çətinlik çəkir.
Vaxtilə onunla birgə sığınacaqda yerləşən, adının qeyd olunmasını istəməyən başqa bir mənbənin dediyinə görə isə İlhamə bu günədək ailə qurmadığı üçün davranışlarında əsəbilik, gərginliklər hiss olunurmuş:
“Yadımdadır ki, o, bizi onun 25 manat pulunu, ayaqqabısını oğurlamaqda ittiham edirdi. Halbuki, sığınacağa gələndə üstündə pulu olmadığını demişdi. Ola bilsin ki, həyatında yaşadığı hadisələrdən irəli gələrək heç kimə inanmır, bəzən əsası olmadan kimlərəsə şər-böhtan atırdı… Onun Türkiyəyə necə gedib çıxması isə mənə təəccüblü gəldi. O, heç cürə ora gedə bilməzdi. Çünki buna onun imkanı yox idi… Başqalarına özünü bəzən Mələk adı ilə təqdim edirdi”.