Saatlıda günün günorta çağı adamı oğurladılar - döyüb, təhqir etdilər

3-06-2016, 12:59           
Saatlıda günün günorta çağı adamı oğurladılar - döyüb, təhqir etdilər
Saatlı rayonunun Hacıqasımlı kənd sakini Gülüş Əliyev bir müddət əvvəl üç nəfər tərəfindən oğurlanıb. Telman və Möhübbət Həsənov qardaşları ilə birlikdə, yeznələri Elmanın da iştirak etdiyi adam oğurluğu hadisəsi isə sonradan müəmmalı şəkildə ört-basdır edilib. Bu barədə JAM.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Gülüş Əliyevi evindən çıxarıb, kəndin kənarındakı çöllüyə aparıb, orada döyüblər. Telman və Möhübbət Həsənovların hətta orada sözügedən şəxsi şəxsiyyətini alçaldan hərəkətlərə də yol verdikləri deyilir. Mənbənin bildirdiyinə görə, Gülüş Əliyev onların əllərindən güclə qaçıb və yaxınlıqdan maşınla keçən qaçqınlardan biri onu görərək, götürüb evlərinə gətirib.
JAM.AZ-a verilən məlumatda deyilir ki, hadisədən bir qədər sonra Gülüş Əliyevin qapısına gələn Hacıqasımlı kənd orta məktəbinin direktoru onu dolayısı ilə hədələyib. Bildirib ki, qohumu olan Elman, Telman və Möhübbətlə bağlı kimsəyə şikayət etməsin. Hadisədən 10 gün sonra məsələdən xəbər tutan Gülüş Əliyevin həyat yoldaşı onun qanlı paltarlarını Saatlı rayon Polis Şöbəsinə gətirirək, ərinin başına gələnləri nəql edib. Bundan sonra Saatlı Polis Şöbəsindən Gülüş Əliyevi dəvət ediblər və o, izahatında hər şeyi olduğu kimi yazıb. Həmin izahatdan dərhal sonra Telman və Möhübbət Həsənovları, habelə yeznələri Elmanı polisə gətiriblər. Lakin sözügedən şəxslərdən Möhübbət və Elman iki gün şöbədə saxlanılıb. Telman Həsənov isə şöbədə cəmi bir-neçə saat qaldıqdan sonra sərbəst buraxılıb.
JAM.AZ xəbər verir ki, Telman Həsənov və yaxınları kənddə söhbət yayıblar ki, Gülüş Əliyevi döyməkdə məqsədləri onun «ağzını yummaq» olub. Belə ki, Əliyev guya, onların haqqında xoşagəlməz söz-söhbət yayırmış və bu səbəbdən də onu cəzalandırıblar. Amma zərərçəkən birmənalı olaraq bunu təkzib edib. Ancaq hələ də məsələnin əsl səbəbi barədə tərəflərin heç biri hər hansı bir açıqlama vermirlər.
Mövzu ilə bağlı araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.