Göyçayda fermerlər sahibsiz qalıb... - NAZİRİN NƏZƏRİNƏ...

5-12-2023, 09:28           
Göyçayda fermerlər sahibsiz qalıb... -
“On ildən çoxdur ki, bağımda 104 heyva ağacı əkmişəm. Ötən ildən həm məhsul az oldu, həm də satışı 20 qəpiyi keçmir. Bu il 80 ağacdan 2 ton məhsul yığmışam. Bir aydır ki, tökülüb qalıb, gəlib soruşan da yoxdur. Ötən il bezib 20 ağacı kəsdim, bu il də cəmi 44 cavan ağacı saxlayıb yerdə qalanları kəsirəm. İldə tək budamaq mənə qalır, nə məhsulunu görürəm, nə məhsuldan qazanc götürürəm”.

Göyçayın Mırtı kənd sakini Gündüz İsayev Meydan TV-yə deyir ki, illər öncə əziyyətlə saldığı heyva bağında ağacları tək-tək kəsərək azaldır.

Səbəb isə məhsuldarlıq və qiymətdən narazı olmasıdır. Ağacları kəsib yerində tərəvəz əkəcəyini deyir. Hansı ki ona da ümidli deyil.

“Qiyməti niyə öldürürlər?”

O, məhsulun xeyli hissəsinin çürüdüyünü deyir:

“Salamat məhsulu 15-20 qəpiyə satacağamsa, ondansa tərəvəz əkərəm. Heç 400 manat etmir ki, dərmanının pulunu ödəsin. İki aydır gözləyirəm ki, 2 tonu heç olmasa, 80 qəpiyə və ya 1 manata satım. Qiyməti niyə öldürürlər? Onsuz da kəndlinin bazarı ölüb”.

“Heç 20 qəpiyə istəmirlər”

Son iki ildə Gündüz kimi yüzlərlə kəndli nə məhsulunu bazara çıxara, nə də çəkdiyi məsrəfə uyğun sata bilir.

Onların sözlərinə görə, payızlıq meyvənin bazarı o qədər zəifdir ki, 5-6 il öncə kiloqramı 1-2 manata satılan heyva indi 20 qəpiyə belə daxili bazar alıcılarının marağında deyil.

Ləkçıplaq kənd sakini Daşqın Əliyev də topladığı məhsulu sata bilmədiyindən gileylidir.

Dediyinə görə, iki aydır ki, məhsuluna alıcı axtarır:

“Ötən il 4 ton məhsuldan iki tonu məhv oldu, iki tonu kilosu 20 qəpiyə satdıq. Rusiya bazarına alınmır. Ancaq seçmə, əla sort olsa, nadir halda 70-80 qəpiyə satılır. Yanvardan sentyabra qədər qurd, qırmızı çil daxil müxtəlif xəstəliklərə qarşı dərmanlar, pestisidlər vurmuşuq. Bir dəfə çiləməsi 50-60 manatdır. Ancaq bu il məhsul çox keyfiyyətsiz olub. 100 ağaca min manatdan çox xərcimiz çıxıb. Heç 20 qəpiyə istəmirlər. Oktyabrın əvvəlindən yığmışıq noyabra qədər 4 ton məhsuldan 1 tonu çürüdü, 3 ton qalıb. Hələ 1 tonu da ağacdan tökülüb yerə məhv olub, yenə də çürüyür “, – deyə kəndli zəhmətinin boşa getdiyindən şikayətlənir.

“Xurma daxili bazarda alınmır”

Xurmanın xarici bazarda alıcılığı nisbətən yaxşı olsa da, daxili bazarda satış qiyməti ürəkaçan deyil. Məhsuldarlıq isə hava şəraitinə görə ötən ilə nisbətən azdır.

Xurmanın istehsalı ilə tanınan Göyçayın Potu kəndində sahibkarlar daha çox məhsulu soyuducuda saxlayıb yanvar-fevral aylarında baha satışına nail olmağa çalışırlar:

“Kəndimizdə 1500 hektardan çox sahədən tonlarla xurma istehsal olundu. Ötən ilə nisbətən hər ağacda 5-10 kiloqram az idi məhsul. Yağış, külək çiçəyi tökdü yerə. Qiymətlərdə isə 3-5 manat fərq var. Ən yaxşı sort olan “Şişburun”un kiloqramı 1 manata satıldı. Minumum qiymətlər 30-40 qəpiyədir. Ümumilikdə kiloqramında 40 qəpik fərq var. Rusiyada da yaxşı növ məhsul alınır. Xurma daxili bazarda alınmır. Yəni 20-30 qəpiyi keçmir”.

“Logistika, gömrük rüsumu çox bahadır”

Rayonun daxili bazarında qiyməti maksimum 30-35 qəpiyə olan heyva bol olduğundan alıcılıq qabiliyyəti aşağıdır.

Bakı bazarlarında isə qiymət əlli qəpikdən üç manata qədər dəyişir.

Mənbə: Meydan TV
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.