İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…

Bu gün, 07:46           
 İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək –
Son vaxtlar beynəlxalq mediada “İran üç yerə bölünəcək” tezisi tirajlanır. Bu fikir İranın gələcəkdə siyasi və coğrafi baxımdan üç əsas hissəyə ayrılması ehtimalını gündəmə gətirir. İddialara görə, bu bölgü ölkədəki müxtəlif etnik qrupların yaşadığı əraziləri əhatə edəcək və hər bir hissə özünəməxsus milli və mədəni kimlik əsasında formalaşacaq. Bu cür mümkün ssenari regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişə, həmçinin ətraf ölkələrin maraq və təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Bəs bu “üç yer” dedikdə konkret olaraq İranın hansı coğrafiyaları və etnik qrupları nəzərdə tutulur?

Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, İranın parçalanacağı ilə bağlı fikir yürütmək asan olsa da, bu ssenarinin reallıqda baş verəcəyini söyləmək çətindir:

“Bunun gerçəkləşməsi sual altındadır. “İran üç yerə bölünəcək” deyənlər adətən ölkədəki əsas etnik bölgüləri fars, türk və kürd ərazilərini nəzərdə tutur. Ancaq İran daxilində rejim dəyişikliyi olsa belə, fars elitasının ölkənin parçalanmasında maraqlı olacağı inandırıcı deyil. İkincisi, türk elitası, yəni azərbaycanlılar bu prosesdə maraqlı olacaqmı? Bu suala birmənalı cavab vermək çox çətindir.

İranın parçalanmasında ən çox maraqlı olan qrup kürdlərdir. Kürdlər bu ssenariyə digər etnik qruplarla müqayisədə daha çox hazırdır. Uzun illərdir ki, İranın qərb vilayətlərində PKK-nın İran qolu olan PJAK fəaliyyət göstərir. Belə bir bölünmə baş verərsə, kürdlər prosesin ön sıralarında olacaq”.

Şahin Cəfərli

Politoloq bildirir ki, belə parçalanma müxtəlif etnik qruplar, xüsusilə kürdlərlə azərbaycanlılar arasında ciddi qarşıdurma riski yarada bilər:

“Kürdlər “Böyük Kürdüstan” ideyasına əsasən, Qərbi Azərbaycan vilayətini də bu layihənin şərq vilayəti kimi təqdim edirlər. Qərbi Azərbaycan vilayəti isə İraq Kürdüstanı ilə sərhəddə yerləşir. Əgər kürdlər İranda dövlət qurmağa yönəlik ciddi addımlar atsalar, bu, onların İraq Kürdüstanı ilə coğrafi baxımdan birləşməsinə yol aça bilər. Bu isə İranın qan gölünə çevrilməsi deməkdir. Belə bir vəziyyət nə İran, nə Azərbaycan, nə də Türkiyə üçün arzuolunandır.

Fikrimcə, İran üçün ən məqbul və sabitlik yaradan çıxış yolu federal idarəetmə modelidir. Yəni qarşılıqlı razılaşma əsasında bütün etnik qrupların təmsil olunduğu və hüquqlarının qorunduğu federativ bir sistemin yaradılması mümkündür və daha real görünür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.