"Qalmaqalları bitməyən Sosial-İqtisadi Kolleci: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
Bu gün, 08:16

İqtisad Universiteti (UNEC) nəzdində Sosial-İqtisadi Kollecinin direktoru Şəhriyar Laçınov adıçəkilən təhsil ocağında Təsərrüfat şöbəsinin müdiri işləmiş Orxan Hacıyev tərəfindən məhkəməyə verilib.
Tehsilmedia.az xəbər verir ki, buna səbəb Orxan Hacıyevin direktor tərəfindən qanunsuz əsaslarla işdən çıxarılmasıdır.
Hər halda bu iddia ilə sabiq şöbə müdiri çıxış edir və o, işə bərpa olunması tələbi ilə direktor Şəhriyar Laçınova qarşı məhkəmədə iddia qaldırıb.
Məhkəmə prosesində işə hakim Adilə Paşayevə tərəfindən baxılacaq.
Orxan Hacıyev mövcud məsələ ilə bağlı Tehsilmedia.az-a verdiyi açıqlamasında bildirib ki, yeni təyin olunan direktor Şəhriyar Laçınov fəaliyyətinin ilk günündən ona qarşı qərəzli münasibət sərgiləyib, heç bir əsas olmadan intizam komissiyası vasitəsilə qısa müddət ərzində töhmət verib, maaşa əlavələri kəsib və sonda işdən kənarlaşdırıb:
"Mən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm. 26 saylı Sabunçu birinci seçki dairəsinin məntəqə sədri kimi işləmişəm və fəaliyyətimdə heç vaxt hansısa nöqsan aşkar olunmayıb. Amma direktor Şəhriyar Laçınov mənim yanımda dəfələrlə deyib ki, "Kaspi Tədris Mərkəzi"ndən olan dostları ondan yeni şöbə müdiri vəzifəsinə təyin olunmalarını xahiş ediblər. Direktor deyirdi ki, onların təklifini yerə sala bilməz. Ona görə də, məni otağına çağırıb öz ərizəmlə işdən çıxmağımı təklif etdi. Qəbul etməyəcəyim təqdirdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə işdən çıxardacağı ilə hədələdi. Nəhayət həqiqətən də Əli Həsənovun "Kaspi"dən olan kadrını mənim yerimə şöbə müdiri təyin etdi və məni həmin maddə ilə işdən uzaqlaşdırdı. Mənim isə öhdəliyimdə iki azyaşlı övladım var. Yaşlı atam və anam bizimlə birgə yasayır və ailədə yeganə qazanc mənbəyi mənəm. Sosial dövlət olan Azərbaycanda qüvvədə olan əmək qanunvericiliyinə görə, mənim heç bir səbəb olmadan işdən çıxarılmağım qanunlara ziddir. Bunu bilsə də, direktor Şəhriyar Laçınov ölkənin qanunlarını heçə saydı və "Kaspi"dəki dostlarının xahişini üstün tutdu", - Orxan Hacıyev vurğulayıb.
P.S. Səslənən iddialarla bağlı yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!