Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi – Tükürpədici VİDEO
18-08-2018, 20:19

Avqust ayının 13-də Novxanı qəsəbəsi ərazisində sahibsiz küçə itləri kütləvi şəkildə güllələyiblər. Güllələndikdən sonra itlərin cəsədi dövlət nişanı olmayan yük maşınlarına yığılaraq ərazidən aparılıb.
Bu haqda məlumatı BakuPost.az-a Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyi və Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin üzvləri tərəfindən verilib.
İctimai Birliyin üzvü Fərid Mansurov güllələnən itlərin arasında peyvəndləri vurulmuş və qısırlaşdırılmış 12 itin də olduğu bildirib: "Bu itlər İdea (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən peyvəndləri vurulmuş və qısırlaşdırılmışdə. Yəni onlar sakinlər üçün heç bir təhlükə yaratmadıqları kimi, xəstəlik daşıyıcısı da deyildilər. Küçə itləri ilə yanaşı sahibləri olan heyvanlar da öldürülüb”.
F. Mənsurovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, heç bir reaksiya verilməyib: "Biz faktla bağlı polisə müraciət etsək də heç bir reaksiya verilmədi. Daha sonra biz Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin 30-a yaxın üzvü ilə Abşeron Rayon polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdik. Lakin yalnız mənim ərizəm qəbul olundu”.
Qəsəbə sakinlərində BakuPost.az-a bildiriblər ki, sahibsiz itlər sakinlər arasında qorxuya səbəb olub: "Günün günorta çağı adamlara hücum çəkirlər. Xüsusən azyaşlı uşaqları olan valideynlər təşviş içərisindədirlər. Bu yaxınlarda həmin itlər hücum çəkərək bir uşağı dişləmişdilər. Buna görə də itlərin yığışdırılması lazımlı addım idi”.
Qeyri-iş günü olduğundan rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmadı.