Rəsuldan Faiqə SƏRT CAVAB: - “Üç dənə kitab oxuyub, yaxşı danışmaqla deyil”
11-06-2024, 17:57
Müğənni Rəsul Əfəndiyev mahnı üstündə qalmaqal yaşadığı Xalq artisti Faiq Ağayevin “İfaçılar mənim repertuarımda yer alan bir sıra mahnılara icazəsiz müraciət edirlər. Adını çəkmək istəmədiyim iki ifaçı mənim mahnımı icazəsiz oxuduqları üçün həmin ifanı hər yerdən sildirdim” sözlərinə cavab verib.
Bizim.Media xəbər verir ki, bu haqda Rəsul qonaq olduğu “İncə səhər” verilişində danışıb.
R.Əfəndiyev bildirib ki, qarşı tərəf yəni F.Ağayev “Əldə bir qədəh şərab” mahnısını rəsmi “Youtube” kanalından sildirməyib:
“Adını çəkmək istəmədiyim bir ifaçı verilişlərin birində mahnıdan danışmışdı. Mən o ifaçının repertuarından bir mahnısını (“Əldə bir qədəh şərab” nəzərdə tutur – red.) ifa etmişdim. O nəğmənin bəstəkarı Gülər Həsəniyə göndərmişdim. Bəstəkar da mənim ifamda o mahnını dinləmişdi. Həmin ifaçıya da mənim ifamda o mahnı göndərilmişdi. Hər dəfə bu mövzu düşəndə o insan bu haqda danışır. Mən isə hələ indiyə qədər bu haqda danışmamışdım. Yəni bu mövzunun üstündən keçirdim. O müğənni deyib ki, “Mən o mahnını hər yerdən sildirmişəm”.
O mənim bəy həmkarımdır. “Youtube” kanalı özəldir və müəllif hüquqları da mənə aiddir. Kanalımda hansı mahnını istəyirəm “gizlədirəm”, “silirəm”. Yəni bu mənə aid olan bir məsələdir. Amma o bəy ifaçı deyir ki, “O ifaçı məndən icazəsiz şəkildə mənim mahnımı oxuduğu üçün onun ifasında olan həmin mahnını hər yerdən sildirmişəm”. Heç kim sildirməyib, mən özüm bağlamışam. Mənim ifamda olan o mahnıya izləyicilər tərəfindən yüzlərlə xoş rəylər yazılmışdı.
O mahnıya 2 milyon insan baxmışdı və 3 mindən çox şərh yazılmışdı. Yazmışdırlar ki, sanki bu mahnını indi eşidirik.
Mən ona hörmət olaraq “YouTube” kanalımda o mahnını bağladım. Bu gün istəsəm açaram. O silinməyib və mənə də heç kim sildirtməyib. Bu mahnı oxunubsa sevinmək lazımdır. Mən də yeni mahnılar yazdırıram. Sabah yeni gənc ifaçılar gəlir, onlara yol açmaq lazımdır. Necə ki, mənə böyük sənətkarlar yol açıb, dəstək olublar. Üç dənə kitab oxuyub, yaxşı danışmaqla deyil. Qəlbi gözəl, yaxşı insan olmaq lazımdır. Gənclərə yol açmaq lazımdır”.