Səfər Mehdiyevin "görə bilmədiyi" inhisarçılıq - "Karqo Şamil"in şirkətlərinin siyahısı

23-02-2019, 09:17           
Səfər Mehdiyevin "görə bilmədiyi" inhisarçılıq - "Karqo Şamil"in şirkətlərinin siyahısı
Ötən ilin sonunda Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev KİV təmsilçilərilə görüşü zamanı əminliklə deyirdi ki, monopoliyanın tam aradan qaldırıldığına dair fikirləri araşdırmaq artıq siz jurnalistlərin işidir


Sitat: “Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm!”.

Doğrudur, Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olunandan sonra Azərbaycanda gömrük sahəsində də müsbət irəliləyişlər gözə çarpmaqdadır. Ancaq köhnə dövrə əsası qoyulmuş monopoliya və inhisarçılıq halları hələ də davam edir. Bunu sübut edən minlərlə faktlar mövcuddur. Əgər Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev həmin faktları ciddi araşdırsa, bəlkə o özü də bizimlə razılaşar.


Gömrük orqanları ilə təmasda olan bir çox iş adamları da iddia edirlər ki, indi bu sahədə müəyyən yumşalmalar olsa da, ancaq bir sıra malların ölkəyə gətirilməsində hələ də inhisarçılıq halları qalır. Şübhəsiz ki, bütün bu məsələlər araşdırma mövzusudur. Ona görə Komitə sədrinin jurnalistlərə etdiyi çağırışı özüm üçün fürsət bilib sahibkarların narazı qaldığı monopolist yükdaşınma şirkətləri ilə bağlı kiçik araşdırma apardım.

Araşdırma zamanı adı ilk qarşıma çıxan şəxs "Karqo Şamil" adlı həm müəllim, həm də ticarətlə məşğul olduğu deyilən Heydərov Şamil Hilal oğlu oldu. Xaricdən, xüsusilə də Çindən Azərbaycana mal gətirmək istəyən sahibkarların "Karqo Şamil"ə mütləq işi düşür.

Sahibkarların iddialarına görə, hər gün Çindən və digər ölkələrdən Şamil Heydərovun adına 10-20 TIR yük gəlir. Başqa yüklərdən fərqli olaraq, onun sifariş verdiyi mallar Azərbaycanın gömrük keçid məntəqələrindən yubanmadan keçə bilir. Həmin yüklər əsasən "Xəzri-2018" MMC (Direktoru Cəfərov Mirsamir Mircəfər oğlu, təsisçisi Vəliyev Vəzir Xudab oğlu), "Mirstar" MMC (Təsisçisi və direktoru Əliyev Mirzə Musa oğlu), "Odlar Yurdu-2018" MMC (Direktor Heydərov Kənan Rəhim oğlu, təsisçisi Heydərov Şamil Hilal oğlu), "Teyyub-2007" MMC (Təsisçisi və direktoru Əkbərov Xəyyam Teyyub oğlu), "Texnologi" MMC (Direktoru Həsənov Hüseyn Cəmşid oğlu, təsisçisi Heydərov Kamal Şamil oğlu) kimi şirkətlər tərəfindən Şamil Heydərovun sifarişilə gətirilir. Özü də bu MMC-lərin adları nədənsə 3-4 aydan bir dəyişdirilir.



Yuxarıda adları qeyd olunan şirkətlər arasında Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər də var. Bunlar "Odlar Yurdu-2018" MMC və "Texnologi" MMC-dir.

İndi hörmətli Səfər Mehdiyev, ortaya çıxan bu qədər faktların adı monopoliya və inhisarçılıq deyil, bəs nədir?!

Məlumat üçün bildirək ki, Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasında müəllim olan Şamil Heydərovun Bakının Binəqədi şossesi, məşhur "Zəngəzur" restoranı yaxınlığında da "Technoline-k" MMC adlı şüşə və plasmas istehsalı zavodu mövcuddur. Həmçinin, həmin ərazidə hektarlarla torpaq sahəsi var.
Səfər Mehdiyevin "görə bilmədiyi" inhisarçılıq -

Tikinti-inşaat sahəsində də biznes fəaliyyəti göstərən "Karqo Şamil" "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı tikdirdiyi binaları ilə də tanınır.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu kiçik araşdırma zamanı ortaya çıxan faktlardır. Bu sahədə araşdırmalarımız davam edir və mütəmadi olaraq onları oxuculara təqdim edəcəyik.(demokrat.az)шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.