Çinin addımı: Birinci növbədə “Fələstindaxili barışıq”

2-05-2024, 00:06           
Çinin addımı: Birinci növbədə “Fələstindaxili barışıq”
Fələstinin azadlığı uğrunda yanaşma və mübarizə metodologiyasında fərqli dünyagörüşünə sahib olan HƏMAS-la FƏTH təmsilçiləri Pekində görüşüblər.
Qəzza zolağına nəzarət edən HƏMAS-la Fələstin Muxtariyyətinin təmsilçisi olan FƏTH arasındakı gərginliyin aradan qaldırılmasında Çinin vasitəçiliyi iki məqamla diqqət çəkir.
Birincisi, Pekin Yaxın Şərqdə ABŞ-nin əhəmiyyətli sıxışdırılmasının aktiv tərəfdarıdır. Vaşinqtonun isə Qəzza zolağındakı müharibəni idarəedilə bilən səviyyədə dayandırmaq cəhdləri boşa çıxır.
Çünki onun İsraillə qırılmış ipləri yenidən bərpa etmək istəklərinə Təl-Əvivdən müsbət cavab verilmir.
İkincisi, Çin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyi ilə Yaxın Şərqdə geosiyasi ambisiya qoyduğunu göstərəndən sonra münaqişələrin həllinə olan həvəsini artırıb.
İndi aydın görünür ki, Çin HƏMAS-ın Fələstin Muxtariyyətinə daxil edilməsini asanlaşdırmaq üçün danışıqlar masası qurur və prosesdə etibarlı broker olmaq niyyətini göstərir.
Pekinin “Fələstindaxili barışıq” modeli, güman ki, daha geniş mənada İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün atılan qarmaqların tərkib hissəsidir.
Çinin belə dinamikası Rusiyanın da mövqeyi ilə səsləşir və ümumilikdə Fələstində konsensus hökuməti yaratmaq planını əks etdirir.
Ancaq Yaxın Şərq arenasında Çinin münaqişə arteriyalarına müdaxilə cəhdləri ABŞ-ni adekvat cavab tədbirlərinə vadar edir.
Buna görə də, ABŞ hər necə olursa-olsun İsraili Çinin vasitəçilik vədlərinə inanmamağa dəvət edə bilər. Bir məqam da var ki, İsraillə ABŞ arasında İran mövzusundan tutmuş, Rəfahda quru əməliyyatına qədər məsələlərdə fikir ayrılıqları mövcuddur.
Pekinin isə bu ziddiyyətlərdən doğan boşluqlara sızmaq üçün fürsəti yaranır. Böyük bir ehtimalla Çin maneələri aşmaq üçün Rusiya ilə mövqelərini tutuşduracaq. Hələlik ABŞ-nin Çinin genişlənən maraqları qarşısında həlledici addımları görünmür.
Vaşinqton nəticə əldə etmək üçün münaqişələrin alovunun bir qədər yüksəlməsini seçim kimi nəzərdən keçirə bilər. Misal üçün İranla İsrail arasında tənzimlənən qarşıdurma ABŞ-nin Yaxın Şərqdə potensial imkanlarını artıran vasitə kimi diqqətdə saxlanıla bilər.
Aqşin Kərimov
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.