Almaniyadakı görüşlərdə Azərbaycanın mövcud potensialı dəyərləndirildi

29-04-2024, 11:37           
Almaniyadakı görüşlərdə Azərbaycanın mövcud potensialı dəyərləndirildi
Tarixinin ən qüdrətli Azərbaycanının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan ölkədir.
Bununla yanaşı, müstəqil Azərbaycan həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Bütün bu uğurların yeganə səbəbi isə əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir.
Azərbaycana rəhbərlik etdiyi 21 ildə Prezident İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, ölkəmiz mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.
Aprelin 25-26-da baş tutan Almaniya səfərində Prezident İlham Əliyev öncə bu ölkənin Kansleri Olaf Şolts ilə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirdi. Sonra dövlət başçısı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.
Prezident Azərbaycanın yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsini böyük şərəf adlandıraraq dedi ki, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə və görülən işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətə hörmətin əlaməti hesab edilir. Məhz Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı ölkəmizə müxtəlif qitələrin dövlətləri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.
Mötəbər toplantıda Azərbaycanın bu gün nəyə sahib və qadir olduğunu diqqətə çatdıran İlham Əliyev əldə edilənləri yetərincə dəyərləndirdi və mövcud potensialdan necə istifadə ediləcəyinin istiqamətlərini göstərdi. Ölkəmizin mövcud imkanlarını da dəyərləndirən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlükdür. Çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır.
Beləliklə, həmin müxtəlif rollar yaxşı həmrəylik ruhunu yaradacaq və qarşıya qoyulan məqsədlərə nail olmağa imkan verəcək.
Hazırda təbii qaz ixracının yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Dənizdə külək enerjisi üzrə təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır. Azərbaycan Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindədir. Bu kabel 4 qiqavat həcmində Azərbaycanın "yaşıl enerji"sini Avropaya ixrac etmək imkanını yaradacaqdır. İmzalanan memoranduma əsasən, 2027-ci ilə qədər Aİ-yə ixrac 20 milyard kubmetrə çatmalıdır.
2027-ci ilin sonuna qədər Azərbaycanın 2000 meqavat günəş və "yaşıl enerji" imkanları olacaq. 2027-ci ilin sonuna qədər Azərbaycanda ümumi enerji potensialı 2 qiqavata bərabər olan 9 günəş və külək elektrik stansiyası istismara veriləcəkdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədər olacaqdır. Bu potensialdan istifadə edərək, Azərbaycan qaz istehlakını əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcək, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaqdır.
Azərbaycan Prezidenti həmçinin dedi ki, ölkəmiz qaz hasilatının artırılmasına böyük həcmdə sərmayə yatırır və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda "yaşıl gündəlik" hələ COP29 qərarından əvvəl icra olunmağa başlayıb.
Cənab İlham Əliyevin sözylədiyi kimi, bu, əslində, hər kəs üçün uduşlu variantdır. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. Bütün "yaşıl enerji" layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir. Azərbaycan sadəcə öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Yaxın gələcəkdə Azərbaycan Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcək.
Enerji təhlükəsizliyi, gələcək planlar barədə ətraflı məlumat verən İlham Əliyev faydalı qazıntıları olan ölkələrə həmrəylik çağırışı etdi: "Enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin eyni zamanda artıq qeyd etdiyim kimi, faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar".


Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.