"Örüş sahələrimizi də məhv ediblər" - GİLEY

21-01-2020, 10:16           
"Örüş sahələrimizi də məhv ediblər" - GİLEY
Ucarın Təzə Şilyan kəndinin sakinləri qonşu kəndin icra nümayəndəsindən şikayətçidirlər. 5 nəfər kənd sakini heyvanlarının qonşu Qazıqumlaq kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Məmmədovun öldürdüyünü söyləyir. “İndi də nə pulunu verir, nə də əvəzində heyvan alıb qaytarır”,- deyirlər.

DİA.AZ-ın məlumatına görə, 5 yaşlı Zahir Şirinov deyir ki, kəndlərindən bir az aralıda, əvvəl boş olmuş ərazilərdə qonşu kəndin icra nümayəndəsi Mehman Məmmədov pambıq əkib. Heyvanları həmin sahəyə giriblər deyə, onları tövləyə bağlayıb, günlərlə ac-susuz saxlayıb və nəticədə kəndlilərin 5 iribuynuzlu heyvanı ölüb:

“Heyvan da insan deyil ki, izah edəsən, girmə, girməsin. Gediblər, o da sahədə tutub və bağlayıb tövləyə. Hər şeyi qoyaq qırağa, günah deyilmi? 5 sağlam heyvanı acından, susundan öldürmək nə dərəcədə doğrudur?”

Zahir Şirinov deyir ki, onlar günlərlə heyvanlarını axtarıblar. Buna görə polisə də şikayət ediblər. Sonra heyvanlar icra nümayəndəsinin tövləsindən çıxıb:

“Kasıb adamlarıq. Hamımız heyvanla, əkin-biçinlə dolanırıq. Məsələn, mən ölən heyvanı əlilliyi olan oğluma bağışlamışdım. Aztəminatlı ailədir, dedim, heç olmazsa, uşaqlarının südü olsun. Onu da öldürdülər. Hamı bilir, sirr deyil ki, bölgələrdə işsizlikdir, aclıqdır. Hökumət gün ağlamır, anladıq. Özümüzün qurduğumuz güzəranı da yerlərdə hökumətin adamları beləcə darmadağın edir”.

Ölən heyvanlardan biri də Şahnəzər Şirinova aiddir. Deyir, əvvəlcə icra nümayəndəsi heyvanların necə öldüyünü onlardan gizlədib:

“Heyvanlar itdiyi günlərdə gətirib pambıq əkdiyi əraziyə plakat yapışdırdı ki, zəhərlidir, girmək olmaz. Guya dərmanlanıb. Heyvanların leşi tapılanda da dedi, mən yazıb yapışdırmışam ki, ora zəhərlidir, girmək olmaz. İşin içindən bu cür sıyrılmaq istədi. Ancaq biz bilirik, heyvanlar zəhərlənib ölməyiblər”.

Şahnəzər Şirinov deyir ki, buna görə ekspertizaya müraciət ediblər. Cavabda heyvanların zəhərlənmədən ölmədiyi məlum olub:

“Deməli, adam bizim sağılan, nəvələrimizin gözünü dikdiyi heyvanlarımızı qəsdən öldürüb. Özü də zəhərli ot yemələri söhbəti başdan doğru deyildi. Çünki biz illərdir heyvan saxlayırıq, bilirik. Heyvan heç vaxt zəhərli ot yemir. İyləyir, orada yad nəsə varsa, başını kəs yeməz. Heç bir-birlərinin su içdiyi qaba yaxın getmirlər, qaldı, zəhərli ot yeyələr”.

Şikayətçilərdən Sabir Səlimovun nə az, nə çox, 2 böyük, sağılan heyvanı ölüb. Deyir, bu gün onların bazar qiyməti azı 2 min 500 manat edir:

“İcra nümayəndəsi isə səhvini heç cürə düzəltmək niyyətində deyil. Nə bizə dəyən zərər ödənir, nə də əvəzində gətirib heyvan verirlər. Belə də dərd olar?

Üstəlik, hara müraciət edirik, baxılmır. Deyirlər, burada qanunsuz heç nə olmayıb. Necə yəni olmayıb? Bəs bu 5 heyvan necə ölüb?”

Təhmasib Məmmədov da şikayətçidir. Deyir, onların işi bircə Allaha qalıb. Pambıq əkirlər, suyu həmin tarlalara yönəldirlər, nəticədə, onların arpa, buğdası quruyur. Bir tərəfdən də canavar heyvanlarını parçalayır:

“Örüş sahələrimizi də məhv ediblər. Hər yerdə pambıq əkiblər. Dərdinimiz hara, kimə deyək, bilmirik. İş yox, pul yox. Bəs bu camaat nə ilə dolanmalıdır?”

Kəndlilər tələb edirlər, ya onların heyvanlarını qaytarsınlar, ya da həmin heyvanların bugünkü bazar qiyməti ilə pulu ödənsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.