Əlilliklə bağlı səlahiyyətlərin TƏBİB-ə verilməsi nəyi dəyişəcək - reaksiyalar

15-06-2022, 09:34           
Əlilliklə bağlı səlahiyyətlərin TƏBİB-ə verilməsi nəyi dəyişəcək - reaksiyalar
Azərbaycanda əlilliyin müəyyənləşdirilməsində beynəlxalq meyarlar tətbiq olunacaq

Məlum olduğu kimi, əlilliklə bağlı səlahiyyət Səhiyyə Nazirliyindən alınaraq TƏBİB-ə verilib. Dəyişikliyə əsasən, TƏBİB-ə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirmək və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etmək tapşırılıb.

Eyni zamanda TƏBİB tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etməlidir.

Teref.az yazır ki, qazi Nicat Əmrəliyev “Yeni Müsavat”a bildirdi ki, əlilliyi təyin olunarkən problem yaşamayıb: “Yeni qərarın narazılığı olan qaziləri razı salacağına ümid edirəm. Mənim tanıdığım, xəstəliyi olan qazilər əlilliyin təyin olunması ilə bağlı problem yaşamayıb. Sosial şəbəkələrdə gördüklərim məni təəccübləndirir. Adi güllə yarası olan əlillik istəyir. Güllə yarasına əlillik düşmür. Özüm xəstə yatanda oxuyub maraqlanmışdım, meyarlarda sırf güllə yarasına görə əlilliyin təyin olunması ilə bağlı müddəa yoxdur. Mənim bədənimdə 100-dən çox qəlpə var, amma əlilliyim qəlpələrlə bağlı deyil. Verməsəydilər də, etiraz etməzdim. Əlillik iş qabiliyyətinin itirilməsi deməkdir. Bədəndəki qəlpə yaraları iş fəaliyyətinə təsir göstərməyə də bilər”.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzunu şərh edərkən bildirdi ki, əlilliklə bağlı narazılıqlar hər zaman olub: “SSRİ dövründə və sonrakı illərdə də əlilliklə bağlı 100 faiz məmnunluq indeksi olmayıb. Belə təcrübə heç yerdə yoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə həm əlilliyin profilaktikası, həm də əlilliyin müəyyən edilməsi ilə bağlı TƏBİB-in üzərinə məsuliyyət düşür: Profilaktik işi, müalicə işini hansı qurum aparırsa, sağlamlıq durumunun və əlillik vəziyyətinin qiymətləndirilməsində cavabdehlik də həmin qurumda olmalıdır. Azərbaycanda əlilliyin müəyyənləşdirilməsində beynəlxalq meyarlar tətbiq olunacaq. Bununla əlaqədar olaraq, həm TƏBİB-in, həm də tibbi-sosial ekspertiza mərkəzlərinin elektron informasiya bazaları bir-birinə uyğunlaşdırılmalıdır.İnformasiyaların mübadiləsi üçün rahat şərait yaradılmalıdır. Narazılıqların əsas səbəbi əsasən əlillik meyarlarının düzgün qurulmamasıdır. 2016-cı ildə qanuna dəyişiklikdən sonra 5 il ərzində ekspertizadan keçirilmə məsələsi qeyd olundu. Bundan başqa, əlilliyin kriteriyalarının sayı xeyli azaldılmışdı. İndi həmin kriteriyaların sayı genişlənir. Əlillik şəxslərin reabilitasiya potensialının araşdırılması və fərdi bərpa proqramının tətbiq olunması ilə bağlı 5 il yox, xəstəliyin gedişinə, klinik diaqnoza və əlilliyin funksional imkanlarının saxlanma dərəcəsindən asılı olaraq müxtəlif müddətdə veriləcək. Yəni bu müddət 1-5 il arasında dəyişəcək. Hesab edirəm ki, vətəndaşlarımız yeni ekspertiza xidmətindən razı qalacaqlar. Səlahiyyətlərin TƏBİB-ə verilməsi bu dəyişikliklərlə bağlıdır və tamamilə məntiqlidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.