İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşları sırasındadır
Bu gün, 00:03

İyun ayının 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyası istifadəyə verildi. Bu yeni stansiyası ölkəmizin enerji istehsalının daha da artmasına töhfə verəcək bir hadisə oldu. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsinə çevrildi.
Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir.
Son illərdə Azərbaycan enerji təsərrüfatında dərin struktur islahatları apararaq bu sahəni demək olar ki, sıfırdan yenidən qurmuşdur. Bu prosesin nəticəsi olaraq, hazırda Azərbaycan regionun ən böyük enerji potensialına malik ölkələrindən birinə çevrilmişdir. Xüsusilə, Mingəçevirdə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji sektorunda mühüm hadisədir. Bu stansiya Azərbaycanın elektrik enerjisinə olan tələbatının təqribən 40%-ni təmin etməklə, ölkənin Qafqaz regionunda enerji mərkəzinə çevrilməsində mühüm rol oynayır.
Stansiyanın açılış mərasimdəki çıxışında ölkə başçısı həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşları olduğunu bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
Dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkənin enerji resurslarından səmərəli istifadə təmin olunur. Eyni zamanda, yaxın perspektivdə Azərbaycanın yaşıl enerji potensialı, xüsusilə bərpa olunan enerji sahəsində əldə olunan nailiyyətlər, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaqdır. Bu kontekstdə İtaliya və Çin ilə enerji, texnologiya və infrastruktur sahələrində mövcud olan strateji tərəfdaşlıq əlaqələri Azərbaycanın uzunmüddətli milli maraqlarına və strateji hədəflərinə nail olunmasında mühüm əhəmiyyət daşıyır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası