20 milyon insan xərçəngə tutulacaq - Qorxunc proqnoz
1-02-2016, 20:07
Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən, ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq.
Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəlirli ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.
Nazirlikdən onu da bildiriblər ki, dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsəd ilə bütün dünyada 4 fevral hər il Dünya Xərçəng Günü kimi qeyd edilir. Xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilmiş bu beynəlxalq gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib.
Nazirlikdən onu da qeyd ediblər ki, Azərbaycanda daha çox ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçəngi yayılıb.