Əhali artımının sürəti getdikcə daha da azalır: 11 milyon nəfərə çatmaya bilərik...
Bu gün, 15:54
Xeyli standart, hər hansı mənbəyə güvənməyən belə fikir var ki, ölkədə əhali artımı ilə bağlı problem yoxdur. Adicə rəqəmlərə göz atanda bunun belə olmadığını görmək mümkündür. Əhali artımının sürəti getdikcə daha da azalır. Bu gedişlə yaxın illərdə artım heç qeydə alınmayacaq. Nikahların azalması həm də çoxalmaya imkan vermir.
Bizimyol.info xəbər verir ki, 2000-ci illərdə Azərbaycan əhalisi təxminən 27 faiz artıb. İlk 12 ildə artım 15 faizdən çox olub. Sonradan sürət azalmağa başlayıb. Dünya ölkələri ilə bağlı 2014-2023-cü illəri əhatə edən hesabat var. Burada bizim əhali artımının hansı səviyyədə olduğu aydın görünür. Yəni indiyə qədər formalaşmış fikir yanlışdır.
Azərbaycan 2014-2023-cü illəri əhatə edən hesabatda əhali artımına görə heç ilk 50-likdə də yer almır. Bizim ölkə 64-cü pillədədir. Hesabatı aparılan illər ərzində artım cəmi 6,85 faiz olub. Bu göstəriciyə görə Afrika ölkələrindən geri qalmağımız təbiidir. Çünki bu qitə dövlətlərində ailə planlaması yox dərəcəsindədir. Amma Avstriyanın, Norveçin, İsveçin, İrlandiyanın, Kanadanın, Yeni Zelandiyanın, Lüksemburqun daha irəlidə yer almasına təəccüblənməmək olmur.
Sizə maraqlıdırsa, bunu da yazaq ki, siyahıya Ekvatorial Qvineya başçılıq edir. Bu ölkədə artım 52,79 faiz olub. Ümumiyyətlə, ilk 11 pillədə Afrika dövlətləri gözə dəyir. Nigerdə artım 41,39, Konqo Demokratik Respublikasında isə 38,63 faiz olub. Lüksemburqda təkcə 2023-cü ildə 2,1 faiz artım qeydə alınmışdı. Ümumi göstərici isə 20 faizi aşır.
BMT-nin proqnozları Azərbaycanda əhali artımı sürətinin xeyli azalacağından xəbər verir. Qorxduğumuz da ola bilər, çoxalma tamamilə dayanar. İndi əhali sayının 10,2 milyon nəfər olduğu bildirilir. Hətta ümumi sayın 11 milyon nəfərə çatmayacağı da ehtimallar sırasındadır.
Niyə belədir? Çünki xüsusilə gənc nəsil yetərincə qayğı görmür. Gələcəklə bağlı ciddi narahatlıq var. Xaricə axın da sürətlənib. Bu şəraitdə artım yüksək ola bilməz. İnsanlar ölkədə özünü o qədər rahat hiss etməlidir ki, burada övlad dünyaya gətirmək istəsin.