Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
1-05-2024, 09:34
İnəyi ov tüfəngi ilə vuran şəxslərin məhkəmə prosesi başa çatıb.
Xızı Rayon Məhkəməsində keçirilən prosesdə 1969-cu il təvəllüdlü Qubadlı sakini Rəvan Mirzəyev və 1976-cı il təvəllüdlü Füzuli sakini Qurban Namazova (ad-soyadlar şərtidir) hökm oxunub.
Hökmə əsasən, hər iki şəxsin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.
Onların cəza almasına səbəb olan qeyri-adi hadisə ötən ilin 2 sentyabr tarixində baş verib.
Belə ki, adıçəkilən şəxslər Bakıdan ov məqsədilə Xızıya yollanıblar. Lakin onlar meşədə ovlamaq üçün heyvan tapa bilməyiblər. Bundan sonra nahar etmək qərarına gəliblər və bu zaman onların gözünə meşədə otlayan inək sataşıb.
Nə qədər qəribə səslənsə də, Rəvanla Qurban 200 kq çəkisi olan inəyi ov tüfəngi ilə vurublar.
Onlar daha sonra bıçaqla heyvanı doğrayıb ətini avtomobilin arxa yük yerinə yığıblar. Bu zaman polis əməkdaşları onları saxlayıb, Xızı RPŞ-yə gətiriblər.
Ovçular inəyi vurmaq ideyasının haradan yarandığını özləri də bilmədiyini açıqlayıb.
Zərərçəkmiş şəxs, inəyin sahibi isə ona məxsus heyvanı fotosundan tanıyıb. Belə ki, o, polis şöbəsinə gedərək inəyinin itdiyi barədə məlumat verib. Şöbədə isə ona kəsilmiş heyvan şəklini göstərərək "bir inək vurublar, bax gör sənin inəyindir?” deyə soruşduqda, şəklə baxıb inəyin ona məxsus olmasını təsdiqləyib.
Bundan sonra kəsilmiş inəyin ətini ona veriblər. Hadisədən sonra təqsirləndirilən şəxslər zərərçəkmişə başqa bir inək alıb veriblər. O isə ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirib. \\Qafqazinfo.Az