Çox qəribə xəbərlər gəlir

Bu gün, 10:54           
Çox qəribə xəbərlər gəlir
Çox qəribə xəbərlər gəlir:
Ərdəbilin Aslandüz məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz-2024" birgə taktiki təlimi keçirilir.`
Bu, o Aslandüz keşikçi qalasıdır ki, Qarabağlı İbrahim xan Cavanşir Qarabağın təhlükəsizliyi üçün o qalada 500 əskər saxlayırdı. Həmin İbrahim xan Arazın o tayında olan, başkəndi Əhər olan Qaradağın hakimini təyin edirdi. Kürəkəni olan Tehran bəylərbəyi də onun nisbi nəzarətində idi.
Aslandüz qalasının da, Naxçıvanın hərbi istehkam qalası olmuş Abbasabad qalası kimi o taylı bu taylı Azərbaycan tarixində ayrıca yeri vardır. `Türkmənçay Müqaviləsi`nin əsirdəyişmə işi bu qalada olmuş, hər iki tərəfdən məşhur sərkərdələrin dəyiş-düyüşü Aslandüz qalasında həyata keçirilmişdir.
Arazın o tayı ilə bu tayı iki məşhur Xudafərin körpüsü ilə birləşirdi. İpək yolu üzərində salınan o körpülərdən biri, tarixən ikinci olan - son bərpası 13-cü yüzilə aid İkinci Xudafərin körpüsü 1929-cu ildə Moskva ilə Tehranın anlaşması ilə partladıldı. İndi həmin 15 aşırımlı körpüdən cəmi üç aşırım - gözdağı qalır.
Nə yazıq ki... Azərbaycan xalqı hələ də... 21-ci əsrin ötməkdə olan ilk qərinəsində belə... yazılı məlumatı 8-ci əsrə gedən, gerçək tarixi bəlkə də on min ilə dayanan Xudafərin körpüləri üzərindən gedib gələ bilmir, soydaşına, yurddaşına əli çatmır.
Rus işğalından qalan 200 illik ayrılıq, yadlaşdırma, milli tarixi unutdurma siyasəti hələ də davam edir.
Aslandüz qalasında birgə təlim... bu xəbər xəyalımı haralara apardı...
Aparar, əlbəttə. Dünyanın hər ucuna metastaz vermiş Türk düşmənçiliyi bu yaranın sağalmasına yol vermir. Milli Ruhumuz da bu davadan vaz keçmir...
Aslandüzü gözləri ilə görən, torpağına ayaq basan, havasını udan hərbçilərimizə eşq olsun. Kaş ki birgə təlim keçdikləri o məkan haqqında tarixi keçmişimizi, o torpaqda əcdadlarının uyuduğunu bilmiş olaydılar. Harada olduqları, kimlərin varisi olduqları barədə bilgiləri olaydı.
İbrahim xan Cavanşirin əmri ilə Aslandüz qalasında Qarabağa keşik çəkmiş əskərlərimizin ruhu şad olsun!
Mehriban Vezir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.