“Ona əmi deyirdim, əlimdən tutub əxlaqsız təklif etdi” - 2 uşaq anası necə qatil oldu
28-08-2016, 23:46
Ailəsi dağılan qadını həbsxanaya aparan yol
İki uşaq anası 6 il azadlıqdan məhrum edildi. Keçmiş əri, qayınanası, qayınatası onun əsəblərinin pozulduğunu, özünü idarə edə bilmədiyini deyib. 32 yaşlı qadının qatil olmasına səbəb isə keçmiş ərinin əmisinin ona əxlaqsız təklifi olub. Ərinin əmisi isə bir neçə dəfə məhkumluq həyatı yaşamış, narkotik maddə asılılığı olan və tənha yaşayan şəxs olub.
1984-cü il təvəllüdlü Aygün Ələkbərova əslən Şəmkir rayonundandır. O, ərinin əmisini, özünün də “əmi” deyə müraciət etdiyi Hökməli Fətəliyevi 27 yanvar 2016-cı ildə bıçaqlayıb.
İki uşaq anası necə qatil oldu...
Hadisə Aygünün yaşadığı Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi 25 ünvanında baş verib. Mərhum Hökməli Fətəliyev də Aygünlə qonşu olub. Aygün ilk ifadəsində Hökməli Fətəliyev tərəfindən əxlaqsız təklif aldığını və buna dözməyərək onu bıçaqladığını etiraf edib. Elə Aygün hadisəni törətdiyi andaca peşman olub və yaralının xəstəxanaya aparılmasına çalışıb. Qonşuları köməyə səsləyən Aygün təcili yardıma özü zəng vurub. H.Fətəliyevə tibbi yardım göstərilib, əməliyyat olunub. Ancaq hadisədən 15 gün sonra o, aldığı xəsarətlərdən xəstəxanada keçinib.
Törətdiyi cinayət əməlinə görə, A.Ələkbərovaya Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Şizofreniyadan əziyyət çəkən Aygün qətlin səbəbini Hökməli Fətəliyevin ona təcavüz etməsi olduğunu desə də mərhumun yaxınları bununla razılaşmayıb. Onlar deyiblər ki, vərəm xəstəsi olan və yataqda yatan şəxsin Aygünə təcavüz etməsi mümkün deyil. Məhkəmə proseslərində çıxış edən Aygünün keçmiş əri, qayınanası və qayınatası onun cəzalandırılmasını tələb edərək onu yalançılıqda, başqa şəxslərlə gəzməkdə ittiham ediblər.
Aygün Ruhi-Əsəb Xəstəxanasında müalicə alıb
Aygün Ələkbərova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. 2000-ci ildə ailə həyatı qurduğunu deyən Aygün Elşən Fətəliyevlə bir-birlərini sevərək ailə həyatı qurduqlarını bildirib. Elşən Fətəliyev qonşuları olan Aygünü qaçırıbmış. Aygün ifadəsində birgə nikahdan iki övladları olduğunu göstərib. Birinci övladı dünyaya gəldikdən sonra onda depressiv xəstəliklər yarandığını, həkimlərə müraciət etdiyini deyən Aygün şizofreniyaya bənzər psixoz və depressiv nevroz diaqnozu ilə 2 saylı Ruhi-Əsəb Xəstəxanasında müalicə aldığını açıqlayıb.
Aralarında anlaşılmazlıqlar yaşanandan sonra həyat yoldaşı ilə ayrıldığını deyən Aygün bu məsələdə qayınanasını da suçlayıb və qeyd edib ki, Elşən ailəsinin istəyi ilə başqa bir qadınla ailə qurub.
Elşən ailə həyatı qursa da, bir neçə ildən sonra Aygünlə yenidən barışıblar. Onlar yenidən bir yerdə yaşamağa başlayıblar. Elə ikinci övladları da bu zaman dünyaya gəlib. İkinci dəfə başlayan münasibət uzun sürməyib və onlar 2009-cu ildə yenidən ayrılmalı olublar. Bu dəfə birdəflik. Azyaşlı qızını da özü ilə aparan Aygün qətlin baş verdiyi evdə yaşamağa başlayıb.
Keçmiş məhkumla qonşu olan Aygün mülki nikaha girir
Həyat yoldaşından rəsmi qaydada ayrılan A.Ələkbərova 2013-cü ildə Əjdər Hüseynov adlı şəxslə mülki nikaha girib. Əjdər Hüseynov Aygündən tələb edib ki, qızını keçmiş ərinə versin, belə də olub. Aygün Əjdərlə nikaha girdiyi ərəfədə keçmiş ərinin əmisi Hökməli Fətəliyev həbsdən çıxıb və onlarla qonşu olub. H.Fətəliyev narkotik maddə istifadəçisi kimi bir neçə dəfə məhkumluq həyatı yaşayıbmış.
Aygün ifadəsində deyib ki, Hökməli Fətəliyev vərəm olduğu üçün ailəsi ona baxmayıb. Hökməlinin heç kimi olmadığına görə qonşular ona kömək edib, Aygün də ona dərman və yemək alırmış.
“Əxlaqsız təklif etməsinə əsəbləşdim”
Aygün Ələkbərova hadisə baş verən günü yaşananları belə danışıb: “Evə gələndə aptekdən həm öz dərmanlarımı, həm də Hökməlinin xahiş etdiyi dərmanları aldım. Mənzilə keçib sobanı yandırdım. Hökməlinin məni çağırdığını eşidib, dərmanları vermək üçün onun yaşadığı otağa gəldim. Hökməli biləyimdən yapışıb məni özünə tərəf çəkdi, əxlaqısz təklif etdi. Əsəbləşdim və indi qayıdacağımı deyib otaqdan çıxdım. Əsəbdən əsirdim, Elşənə zəng vurub əmisinin bu hərəkətlərini ona dedim. Elşən isə “məni narahat etmə” deyib telefonu söndürdü. Bundan sonra Hökməlini cəzalandırmaq istədim”.
Özü ilə bıçaq götürən A.Ələkbərova Hökməli Fətəliyevin yaşadığı otağa keçərək ona bıçaq zərbələri endirib. Həmin an əsəbi olduğunu deyən Aygün ifadəsində bir bıçaq zərbəsi endirdiyini xatırladığını bildirib.
“Törətdiyim əməldən peşmanam. Onu öldürmək istəmirdim. Bıçaqla çiynindən vurdum. Otaqdan çıxıb təcili yardıma zəng vurdum. Sonra polisə gedib təslim oldum”,- deyə, A.Ələkbərova ifadəsində qeyd edib.
Məhkəmədə Aygünün keçmiş ərinin atası Fətəli Fətəliyev də ifadə verib. O, Aygünü ittiham edərək qətlin səbəbinin əxlaqsız təklif olmadığını deyib.
Zərərçəkmiş şəxs qismində dindirilən Fətəli Fətəliyev ifadəsində qardaşı Hökməlinin xasiyyətcə mülayim insan olduğunu qeyd edib.
Fətəli Fətələiyevin ifadəsindən: “Oğlumun keçmiş həyat yoldaşı Aygün qardaşımla qonşu idi. Ona qulluq edir, çay-çörək verirdi. Aygünlə onun arasında heç vaxt dava-dalaş, narazılıq olmayıb. Amma Hökməli Aygünün ayrı-ayrı maşınlarla gəlib-getməsindən xoşlanmırdı. Oğlumla boşanmasına səbəb də Aygünün belə hərəkətləri olub. Aygün başqa şəxslərlə mülki nikaha girmişdi, evdən gedəndə kiçik uşağı da özü ilə aparmışdı. Lakin sonradan uşağa baxa bilmədiyinə görə onu gətirib bizə vermişdi”.
“Özünə başqa oğlanlar tapırdı”
Məhkəmədə şahid qismində Aygünün keçmiş əri Elşən Fətəliyev də ifadə verib. O, Aygünlə evlənəndən onda əsəb xəstəliyi yarandığını deyib.
Aygünün ailəsi ilə birgə qonşuluqlarında kirayədə yaşadığını deyən Elşən Fətəliyev onu öz razılığı ilə qaçırdığını deyib: “Evləndikdən sonra Aygündə əsəb problemləri yarandı. Münasibətlərimiz pozuldu deyə, Aygünü anası öz evlərinə apardı. İkinci dəfə barışdıqdan sonra Aygün yenə evdə oturmurdu. Anasıgilə gedirdi, özünə yaşamaq üçün başqa oğlanlar tapırdı. Amma onlarla yaşaya bilmir, yenidən geri qayıdırdı”.
Elşən Fətəliyev hadisə baş verən gün Aygünün ona zəng vurduğunu və əmisinin ona əxlaqsız təklif etdiyini, lakin ona inanmayaraq telefonu söndürdüyünü deyib.
Şahid kimi ifadə verənlərdən biri də Aygünün keçmiş qaynanası Püstəxanım Fətullayeva olub. O da Aygündə əsəb problemlərinin olduğunu və onun təzə əri tərəfindən hədələndiklərini deyib.
Tərəflər dinlənildikdən sonra söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında A.Ələkbərovaya 9 il iş istəyib.
Aygün Ələkbərovanın vəkili müdafiə çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs mərhumu öldürmək niyyətində olmayıb, onu qorxutmaq istəyib. Vəkil Aygünün iki uşaq anası olmasını, depressiya keçirdiyini, hadisəni törətdikdən sonra təcili yardıma zəng etməsini və polisə könüllü təslim olmasının nəzərə alınmasını xahiş edib.
Aygünün son sözü
Hökmdən əvvəl çıxış üçün Aygünə son söz verilib. O, xəstəliyi ilə bağlı müalicəyə göndərilməsini və uşaqlarına görə yüngül cəza verilməsini xahiş edib.
“Bacarırsınızsa məni bağışlayın, onu öldürmək istəməmişəm. Öz əmim kimi ona qulluq edirdim”,- deyə, o, son sözündə bildirib.
Məhkəmədə Aygün Ələkbərovanın xəstəliyi ilə bağlı psixatrik ekspertizanın rəyi elan edilib. Onda psixi xəstəliyin aşkar olunmadığı, psixatrik müalicəyə ehtiyacı olmadığı qeyd edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsidə hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Aygün Ələkbərova 6 il müddətində azadlıqdan məhrum edilib.
A.Ələkbərova bu qərara görə məhkəmə heyyətinə təşəkkür edib. (Musavat.com)