Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə
25-09-2020, 09:53
Türkanda 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovaya qarşı baş tutan böyük cinayət əməlinə “Bridge Plaza” sahibi Yaqub Hüseynovun da adı qarışıb.
Bu haqda “Yeni Müsavat”a Əzizəxanım Atayeva məlumat verib. Deyib ki, onlara qarşı baş verənlərdə Yaqub Hüseynovun adı hallanır: “Mən də, qohumum 90 yaşlı Xumara Şabanova da sağ-salamatıq. Amma sənəd üzərində bizi kənd soveti Hacı Rahil Babayev ”öldürüb". Əlimizdə ölüm haqda şəhadətnamələrimiz var. Bu işdə Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun, Çingiz Xeyrəli oğlunun adı da var. İndi də bir milyonçunun adını çəkirlər, Yaqub Hüseynovun. Deyirlər ki, onun bizim sənədlərimizlə bağlı saxtakarlıqdan xəbəri olub, torpaq alıb bunlardan. Biz Prezident Administrasiyasına gedəcəyik, orada deyəcəyik ki, icra hakimiyyəti Rahil Babayevin dalında dayanıb. Bizə qarşı cinayəti bu günə qədər araşdıran olmayıb. İndi də Yaqub Hüseynovun adını öyrənmişik. Onun şəhərdə ofisinə də gedəcəyik. Bu adam bizə qarşı cinayətə şərik olub-olmadığını qoy özü desin".
Əzizəxanım Atayeva deyir ki, 5 övladı var, son ümidləri olan torpaq sahəsi ilə bağlı dələduzluq onu həyatdan küsdürüb: “İşi araşdırmırlar. Mən 80 yaşında yollarda qalmışam. İstəyirdim ki, yoldaşımdan bizə miras qalan torpağı ödladlarım arasında bölüm, satıb gedib həyatlarını yaşasınlar. Bu adamlar məni son ümidimdən etdilər. Mən həyatımı yaşamışam, 80 yaşım var. 2 dəfə Baş Prokurorluqda olmuşam. Hacı Rahil hər ora gedib qayıdandan sonra xəbər göndərir ki, uşaqlarının cibinə narkotik atıb tutduracağam. Bizi təhdid edir. Onu tutmurlar, ortalıqda gəzib bizi hədələyir”.
İcra nümayəndəsi 2 ahıl qadını “öldürüb” bağlarını ələ keçirib – Türkanda inanılmaz cinayət – VİDEO » 7news.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Xatırladaq ki, Əzizəxanım Atayeva və Xumara Şabanova torpaqlarının zəbt olunmasına etirazlarını bildirmək üçün Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəliyi önündə etiraz aksiyası keçiriblər.
Əllərində “Türkanda torpaq mafiyası - icra nümayəndəsi Rahil Babayev, Daşqın Nəsirov, Çingiz Səfərov, Xəzər Rayon İcra Hakimiyyəti”, “Cənab Prezident! Biz sağ olduğumuz halda bizi ”öldürüb" torpaqlarımızı ələ keçiriblər. Onları Allaha tapşırıram" sözləri yazılmış transparantlar tutublar. Məsələnin mahiyyəti budur ki, Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev Türkan qəsəbə sakinləri olan ahıl qadınların ailə tərkibləri haqda saxta arayışlar verib. Bundan başqa, hər iki qadının “ürək çatışmazlığı”ndan ölməsi haqda saxta ölüm haqda şəhadətnamələr düzəldilib. Həmin ölüm şəhadətnamələrinə görə Xumara Şabanova 2007-ci, Əzizəxanım Atayeva isə 2014-cü ildə “dünyadan köçüblər”. Bu saxtakarlıq qadınların mülkiyyətlərində olan torpaq sahələrinin ələ keçirilməsi və satılması məqsədilə həyata keçirilib. İşdə icra nümayəndəsi Rahil Babayevin yaxını kimi tanınan dəllal Çingiz Səfərov və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov da iştirak ediblər. Əzizəxanım Atayeva, Xumara Şabanova Xəzər Rayon İcra Hakimiyyəti rəsmilərinin Rahil Babayevə gizli himayədalıq etdiklərini dilə gətiriblər. Deyirlər ki, Rahil Babayevin onlara qarşı atdığı cinayətə bərabər addımların araşdırılmaması onun himayə olunması ilə əlaqədardır. Əzizəxanım Atayeva və Xumara Şabanova Baş Prokurorluqda olublar. Ahıl qadınlar tələb ediblər ki, onlara qarşı baş verən cinayət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın.
İndi məlum olur ki, 2 qadının “ölümü” üzərindən ələ keçirilən torpaq sahəsi “Bridge Plaza” sahibi Yaqub Hüseynova satılıb. Yaqub Hüseynovun bu cinayətdə iştirak edib-etməməsi bəlli deyil. Bilinmir ki, Yaqub Hüseynov qadınlara məxsus torpaq sahələrini alarkən onlara qarşı böyük bir cinayətin baş verməsindən xəbərdar olub və ya bundan bixəbər imiş. Məsələ ilə bağlı “Bridge Plaza” sahibi Yaqub Hüseynova telefon açdıq. Özünü onun köməkçisi kimi təqdim edən şəxs bildirdi ki, baş vermiş cinayət haqda danışmaq istəmirlər.
Mövzuya qayıdacağıq.