Dünya Kiyev və Moskva arasında danışıqları gözləyir: Pekin Putini təəccübləndirən bəyanat verib

Dünən, 17:34           
Dünya Kiyev və Moskva arasında danışıqları gözləyir:
"Biz israr edirik ki, Ukrayna böhranından yeganə çıxış yolu dialoq və danışıqlardır..."

Çin Ukrayna, Avropa və ABŞ-ın 30 günlük atəşkəs təşəbbüsünü şərh edərək bəyan edib ki, Ukraynada müharibənin bitirilməsinə yönəlmiş bütün təşəbbüsləri, o cümlədən bu təşəbbüsü dəstəkləyir.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan "Ukrinform" nəşrinin müxbirinin sualını cavablandırarkən deyib. Məlumatı "censor.net" nəşri yayıb.

“O ki qaldı Ukrayna böhranına (Çin Rusiya ilə müharibəni belə adlandırır), Çinin mövqeyi ardıcıl və aydındır. Hesab edirik ki, bütün səylər sülhə nail olmağa yönəlməlidir", - o, deyib.

Onun sözlərinə görə, Pekin ümid edir ki, danışıqlar nəticəsində tərəflər hamı üçün məqbul olan ədalətli, uzunmüddətli və məcburi sülh sazişinə çata biləcək və nəticədə siyasi həllə nail olunacaq. "Biz hər zaman hesab etmişik və indi də israr edirik ki, yeganə real çıxış yolu dialoq və danışıqlardır", - Çin XİN-in nümayəndəsi vurğulayıb.

O, həmçinin ABŞ prezidenti Donald Trampın müharibənin dayandırılması üçün böyük güclərin, xüsusilə Türkiyə və Çinin prosesə cəlb olunması barədə çağırışına münasibət bildirib və qeyd edib ki, Çin əməkdaşlığa hazırdır.

"Çin maraqlı tərəflərin istəklərini nəzərə almaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlığa və bu "böhran"ın həlli, uzunmüddətli sülhün əldə olunması üçün konstruktiv rol oynamağa hazırdır", - Lin Tszyan bəyan edib.

Sülh danışıqları və atəşkəs

Avropa liderləri - Fransa, Almaniya və Polşa danışıqlardan öncə atəşkəsin vacibliyinə dair Ukraynanın mövqeyini dəstəkləyiblər. Bu mövqeni Trampın xüsusi nümayəndəsi Kit Kelloq da ifadə edib.

Lakin Putin tam atəşkəsin əleyhinədir və əvəzində danışıqların Türkiyədə bərpasını təklif edir. Tramp isə sosial şəbəkələrdə bu təklifə cavab olaraq bildirib ki, Ukrayna dərhal Rusiya ilə danışıqlara razılıq verməlidir.

Eyni zamanda, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas Ukraynada atəşkəsin prioritet olduğunu vurğulayıb və bildirib ki, "bombalanma altında danışıqlar mümkün deyil".

Mayın 12-də, bazar ertəsi gecəsi Rusiya ordusu Ukraynaya 108 ədəd "Shahed" tipli zərbə PUA-sı və müxtəlif tipli imitasiya dronları ilə hücum edib. Beləliklə, Kiyevin mayın 12-də gecəyarısından başlamalı olan yeni 30 günlük atəşkəs təklifini Rusiya rədd etmiş olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.