İkitərəfli münasibətlərdə yeni səhifə
Dünən, 16:16

Azərbaycan-Vyetnam münasibətləri yalnız diplomatik müstəvidə deyil, ortaq tarixi təcrübə, iqtisadi əməkdaşlıq və mədəni yaxınlıq kontekstində də inkişaf edir. Hər iki ölkə uzun illər xarici müdaxilələr və siyasi təzyiqlərlə mübarizə aparıb. Ortaq tarixi təcrübə xalqlar arasında qarşılıqlı anlayış formalaşdırıb. Bu həm də enerji, təhsil və humanitar sahələrdə davamlı və səmərəli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Vyetnamın müharibədən sonrakı iqtisadi dirçəlişində enerji sektoru həlledici rol oynayıb. 1981-ci ildə Sovet İttifaqı ilə Vyetnam arasında yaradılan "Vietsovpetro" birgə müəssisəsi məhz bu əməkdaşlığın bariz nümunəsi idi. Azərbaycanın neft-qaz sahəsində zəngin təcrübəsi bu layihənin uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edib. Onlarla azərbaycanlı mütəxəssis - neft mühəndisləri, geoloqlar və texniki heyət üzvləri Vyetnama ezam edilərək ölkənin neft yataqlarının kəşfiyyatı və istismarı prosesində birbaşa iştirak ediblər. Azərbaycanlı mütəxəssislər - "Vietsovpetro"nun ilk baş direktoru Cəlal Məmmədov və geologiya bölməsinin rəhbəri Müslüm Vəliyevin rəhbərliyi ilə görülən işlərin nəticəsində Vyetnamda ilk neft hasilatı 1986-cı ilin iyununda - proqnozlaşdırılandan xeyli əvvəl gerçəkləşdi. Bu, təkcə iqtisadi baxımdan deyil, həm də siyasi və strateji mənada əhəmiyyətli idi. Azərbaycan uzaq bir coğrafiyada yerləşən dost ölkənin enerji təhlükəsizliyində dayaq olmuşdu. Bu əməkdaşlıq xalqlar arasında etimadı möhkəmləndirdi, Azərbaycan-Vyetnam münasibətləri konkret layihələr və insan resursları vasitəsilə davamlı tərəfdaşlığa çevrildi.
1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri çərçivəsində Vunq Tau şəhərində neftçilərlə görüşü, Azərbaycan mütəxəssislərinin fəaliyyətinə verdiyi dəstək bu əməkdaşlığa strateji məzmun qazandırdı. Bu gün "Vietsovpetro"nun Vunq Tau şəhərindəki baş ofisində şirkətin fəaliyyətinə və Vyetnamın neft-qaz sənayesinə dair muzeydəki eksponatlar arasında Ulu Öndərin bu şəhərə səfərinə, neftçilərlə görüşlərinə, həmçinin Azərbaycan mütəxəssislərinin Vyetnamdakı fəaliyyətinə dair şəkillərə də rast gəlmək mümkündür. Muzeyin girişində isə Ho Şi Minin Bakıda neft mədənlərinə səfərinə aid iri fotoşəkli və Bakı haqqında məşhur kəlamı əks olunub. SSRİ dövründə minlərlə vyetnamlı gənc, xüsusilə indiki Neft və Sənaye Universitetində təhsil alıb. Bu təhsil körpüsü iki xalq arasında mədəni və mənəvi bağların əsasını qoydu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra münasibətlər yeni mərhələyə yüksəldi. 2014-cü ildə Prezident İlham Əliyevin Hanoya, 2015-ci ildə isə Prezident Truonq Tan Sanqın Bakıya səfərləri strateji dialoqun formalaşmasına şərait yaratdı. Hazırda Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqelərini dəstəkləyir. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı məqsədilə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın sistemli və ardıcıl inkişafına töhfə verir. Enerji təhlükəsizliyi, kənd təsərrüfatı, təhsil, turizm, ətraf mühit və innovasiyalar kimi sahələrdə geniş əməkdaşlıq perspektivləri var. Eyni zamanda SOCAR ilə PVN (Vyetnamın Neft və Qaz Qrupu) arasında əməkdaşlığın genişlənməsi və neft-qaz sənayesində yeni texnologiyaların tətbiqi üzrə müzakirələr bu sahədə inteqrasiyanı göstərir. 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Vyetnamın paytaxtı Hanoyda təşkil olunan tədbir ölkəmizin zəngin ədəbi irsinin beynəlxalq arenada tanıdılması baxımından əlamətdar hadisəyə çevrildi. Bu yubiley yalnız bir ədibin xatirəsinin yad olunması deyil, həm də Azərbaycan-Vyetnam mədəni əlaqələrinin dərinləşdirilməsi istiqamətində atılmış mühüm addım oldu.
Azərbaycan-Vyetnam münasibətləri təkcə enerji və təhsil sahələri ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi xeyriyyə layihələri bu dostluğun təməllərini gücləndirib. Aprelin 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoya səfəri zamanı Vyetnamın nüfuzlu təhsil ocaqlarından olan Hanoy Ticarət və Turizm Kollecində tələbələrlə görüşdə 1965-ci ildən fəaliyyət göstərən, 3000-dən çox tələbəsi və 50-dən artıq təlim proqramı olan kollecin regional miqyasda da əhəmiyyət daşıdığı qeyd edildi. Azərbaycanın bu sahədə Vyetnamla əməkdaşlığa verdiyi önəm xüsusi vurğulandı, mövcud əlaqələrin əsasının çoxşaxəli və uzunmüddətli əməkdaşlığa söykəndiyi bildirildi. Xüsusilə bu münasibətlərin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu qeyd edildi. 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri və həmin dövrdən etibarən Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayında əhəmiyyətli artım münasibətlərin təməlini təşkil edən mühüm amil kimi dəyərləndirildi. Ticarət və Turizm Kollecində məzunlarla keçirilən görüş iki ölkə arasında mənəvi və tarixi körpünün yenidən təsdiqi idi. İkitərəfli əlaqələrin mədəni müstəvidə inkişaf etdiyini göstərən başqa bir məqam isə tədbir çərçivəsində baş tutan kulinariya təqdimatı oldu. Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, tanınmış aşpaz David İsrafilov Azərbaycan mətbəxinin seçilmiş nümunələri qonaqlara təqdim etdi. Bu, Azərbaycan mədəniyyətinin Vyetnam ictimaiyyətinə tanıdılması baxımından əhəmiyyətli hadisəyə çevrildi. Həmçinin dövlət başçımızın 2014-cü ildə Vyetnama dövlət səfərinin münasibətlərdə yeni səhifə açdığı qeyd edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü olub. Son illər Vyetnam ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur. Pandemiyadan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində də artımlar müşahidə edilməkdədir. 2021-ci ildə 185.7 milyon dollar qarşılıqlı dövriyyə qeydiyyata alınmışdırsa, bu göstərici ötən il 223.9 milyon dollaradək yüksəlib. Bununla yanaşı, 2022-ci və 2023-cü illərdə daha böyük ticarət dövriyyələri qeydə alınıb: müvafiq olaraq 594.6 milyon və 482.1 milyon dollar.
Son illərdə Azərbaycanın xarici siyasətində Asiya qitəsi ilə genişlənən əlaqələr yeni mərhələyə qədəm qoyub. Əgər əvvəllər Azərbaycanın Asiya siyasəti əsasən Mərkəzi Asiya və Cənubi Qafqazın tranzit imkanları ilə məhdudlaşırdısa, artıq Cənub-Şərqi Asiya kimi dinamik və strateji əhəmiyyətə malik regionla əlaqələr xüsusi önəm daşıyır.
Azərbaycanın Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən və 100 milyona yaxın əhaliyə malik Vyetnamla münasibətləri tarixi dönüş nöqtəsinə çatıb. Azərbaycan Prezidentinin Vyetnam Sosialist Respublikasının səfiri ilə görüşü zamanı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi rəsmən bəyan edildi. Bu addım iki ölkə arasında enerji, təhsil, kənd təsərrüfatı, səhiyyə və rəqəmsal texnologiyalar sahəsində genişlənən əməkdaşlıq perspektivlərinə əsaslanır. Vyetnam ASEAN Cənub-Şərqi Asiya Ölkələr Birliyi daxilində nüfuzlu aktor olmaqla yanaşı, qlobal ticarət zəncirlərində mühüm rol oynayır. Azərbaycanın qeyri-neft məhsullarının bu bazarlara çıxışı, Xəzər dənizi-Qara dəniz-Hind okeanı əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Həmçinin Vyetnamın TANAP və TAP kimi enerji layihələrinə maraq göstərməsi bu tərəfdaşlığın enerji təhlükəsizliyi kontekstində də dəyərini artırır. Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin fəallaşması onun çoxvektorlu xarici siyasətində Asiya vektorunun daha sistemli və uzunmüddətli şəkildə qurulmasından xəbər verir. Bu, təkcə iqtisadi maraqların deyil, həm də qlobal güc balansında Azərbaycanın rolunu gücləndirməyə yönəlmiş diplomatik xəttin tərkib hissəsidir. Pekin, Hanoy və digər Asiya paytaxtları ilə qurulan münasibətlər, Azərbaycanın Qərb-Rusiya-Çin üçbucağında balanslı və çevik mövqeyini möhkəmləndirir. Hazırkı geosiyasi şəraitdə Cənub-Şərqi Asiyanın dünyada yeni iqtisadi və texnoloji güc mərkəzinə çevrildiyi bir dönəmdə, Azərbaycanın bu regionla siyasi və iqtisadi əlaqələrini dərinləşdirməsi ölkənin gələcək strateji sabitliyinə və iqtisadi diversifikasiyasına xidmət edən mühüm addımdır.
Azərbaycan-Vyetnam münasibətləri tarixi mirasla müasir dinamizmin vəhdətini ehtiva edir. Ortaq tarixi keçmişə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq gələcəkdə də regionlararası əməkdaşlığa nümunə olacaq.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru