Çexiyada öldürülən azərbaycanlı biznesmenin qətli müəmma olaraq qalır

29-08-2017, 09:22           
Çexiyada öldürülən azərbaycanlı biznesmenin qətli müəmma olaraq qalır
Rəşad Qafarovun ölümündən iki ay ötsə də, onun qatilinin izinə belə düşülməyib

Bizneslə məşğul olduğu Çexiya paytaxtı Praqada iyunun 30-da öz avtomobilində ölü tapılan azərbaycanlı iş adamı, “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru Rəşad Qafarovun ölümünün üstü açılmaq bilmir. Aldığımız məlumata görə, iş üzrə istintaq tədbirlərinin çox ləng getməsi mərhumun yaxınlarının narazılığına səbəb olub. Onlar Azərbaycanın Çexiyadakı səfirliyinə də bu haqda bildiriblər.

R.Qafarov “TERN Transport & Trading CZ” şirkəti ilə yanaşı, “TERN Transport & Trading AZ” şirkətinin də sahibi olub. Birinci şirkət əsasən Avropa ərazisində beynəlxalq yükdaşımaları, ikincisi isə Azərbaycan yerli və beynəlxalq yükdaşımaları həyata keçirməkdədir.

Rəşad Qafarovun ölümündən sonra onun Azərbaycandakı şirkətində müavini olan Mübariz Süleymanov “Yeni Müsavat”a açıqlamasında demişdi ki, mərhumun düşməni olmayıb. 10 ilə yaxın Çexiyada yaşayan R.Qafarov orada kiminləsə problem yaşamayıb. Şirkəti beynəlxalq yükdaşımaları ilə məşğul olub, İngiltərədən Çexiyaya, Çexiyadan İtaliyaya, Azərbaycana və digər ölkələrə yüklər daşıyıb.

“Qətl şəxsi münasibətlər zəminində baş verə bilərdimi” sualına isə M.Süleymanov belə bir cavab vermişdi.

Sitat: “Rəşad ibadət əhli idi, gözəl insan idi. Onun ölümü hamımızı sarsıdıb. Onun kimsə ilə problemi olmayıb. Yaxşı ailəsi, övladları vardı”.

M.Süleymanov R.Qafarovun beynəlxalq yükdaşımalar və logistika biznesində Azərbaycanın Praqadakı səfiri Fərid Şəfiyevlə ortaq olması haqda bunları deyib: “Rəşad həmin şirkəti sıfırdan özü yaratmışdı. Kimsə ilə şərikliyi yox idi. Şirkəti özü yaradıb, özü də idarə edirdi. Heç bir problem də yox idi. Bu iş dəhşətdir ki, başımıza gəlib”.


“Onun Azərbaycanda kimlərləsə problemləri vardımı" sualına M.Süleymanovun cavabı belədir: ”Bu, “sifarişli ölümdür” deyə bilmirəm. Ona 5 bıçaq vurulub. Hazırda istintaq bu məsələni araşdırır ki, ona həmin xəsarətləri maşında yanında əyləşən şəxs yetirib, yoxsa hadisə maşından kənarda olub. Mən özlüyümdə belə düşünürəm ki, bıçaqlanma maşından kənarda olub. Sonra Rəşad maşına minib ki, özünü xəstəxanaya çatdırsın, çatdıra bilməyib. Hadisə Argentinskaya deyilən bir küçə var, ona yaxın yerdə olub. Belə düşünürəm ki, nə olubsa küçə mübahisəsi zəminində olub. Bildiyim budur. Oraların küçələri Bakıdakı kimi deyil. Hər addımbaşı hər küçədə kameralar yoxdur. Avropa şəhərlərində kameralar ancaq yolayrıclarında, dördyollarda, bəzi yerlərdədir. Bu da işin üstünün tezliklə açılmasını əngəlləyir. Çexiya polisi bu iş üzərində işləyir. Yüksək səviyyədə tapşırıq var. Gözləyirik ki, orada nə baş verdiyi aydınlaşsın, görək bu nə məsəldir".


Qeyd edək ki, biznesmen Rəşad Qafarov öldürülməzdən bir neçə saat əvvəl həyat yoldaşına deyib ki, işlə bağlı görüşə gedir. Rəşad Qafarov hadisədən bir neçə saat əvvəl onu görüşə çağıran şəxslə danışıb, bu zaman onun danışığında hər hansı həyəcan, narahatlıq müşahidə olunmayıb. Çexiya polisi biznesmenlə danışan həmin şəxsin kimliyini dəqiqləşdirib-dəqiqləşdirməməsi də bilinmir. Ailəni narazı salan da belə məqamlardır.


R.Qafarov iyunun 29-da öldürülüb, meyiti maşınında ertəsi gün tapılıb. Rəşad Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl “Panalpina” beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib.

Sonuncu vəzifəsi “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır. “TERN Transport & Trading” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir. Şirkətin ilkin yükdaşıma marşrutu Azərbaycandan olsa da o, tezliklə fəaliyyətini genişləndirib, Çexiya, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədə filiallar şəbəkələri, anbarlar yaradıb. Şirkət hazırda Avropanın avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində liderlərindən biridir. Saytda göstərilir ki, şirkət dünyanın istənilən nöqtəsindən istənilən başqa nöqtəsinə yükləri çatdırmağa hazırdır. Yükdaşımalardan əlavə şirkət yüklərin qısa və uzunmüddətli saxlanılmasını, yüklərin idarə edilməsini, gömrük xidmətlərini, sığorta və digər məsələləri də həll edir. R.Qafarovun cənazəsi Çexiyadan Azərbaycana gətirilərək Bilgəh qəbiristanlığında torpağa tapşırılıb.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.