Şimali Koreyanın hidrogen bombası İranı gücləndirdi: ABŞ getdikcə acizləşir

4-09-2017, 12:56           
Şimali Koreyanın hidrogen bombası İranı gücləndirdi: ABŞ getdikcə acizləşir
"Guam daxi olmaqla, ABŞ torpaqlarına və ya müttəfiqlərimizə yönəlik hər hansı təhdid olarsa, biz buna çox sərt cavab verəcəyik. Amma biz heç bir ölkənin tamamilə məhv edilməsini istəmirik. Ad çəkmək gərəkirsə, mesaj göndərdiyimiz ölkə Şimali Koreyadır".

Ovqat.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Ceyms Mattis Ağ evin bağçasında keçirdiyi mətbuat konfransında deyib.

Rəsmi Pxenyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (UNSC) meyarlarına uyğun hərəkət etməyə çağıran nazir Şimali Koreya liderinə nəsihət verməyi də unutmayıb:

"Kim Jong-Un BMT-nin ümumi rəyini nəzərdən keçirməlidir; bütün üzv dövlətlər Şimali Koreya təhdidinə qarşı birləşir və onun regiondakı nüvə gücünü tərk etməli olduğu fikrində həmrəydirlər".

Şimali Koreyaya qarşı "çox sayda hərbi variantlarının" olduğunu vurğulayan Mattis, məsələylə bağlı prezident Donald Trump ilə görüşəcəyini də deyib.

Müdafiə nazirinin bu cür həyəcan təbili çalması və açıq şəkildə Şimali Koreyanı xəritədən silməklə təhdid etməsi təsadüfi deyil. Onun bəyanatından bir neçə saat əvvəl Şimai Koreya hidrogen bombasını sınaqdan çıxarmış və bu sınaq 6.3 ballıq zəlzələ meydana gətirmişdi. Dünyanın bir sıra seysmologiya mərkəzləri tərəfindən qeydə alınan həmin zəlzələnin nüvə sınağı mənşəli ola biləcəyi təxmin olunmuşdu ki, Pxenyandan super dövlətləri xofa salan açıqlama gəlmişdi: “İndiyə qədərki ən güclü və 6-cı nüvə sınağını həyata keçirdik. Sınanan silah hidrogen bombası idi”.

Bu açıqlamadan sonra həm Rusiya, həm Çin, həm də ABŞ rəsmiləri Pxenyanı qınayan bəyantlar verdilər. İlk mesaj BRICS sammitinə qatılmaq üçün Çinin Şiam şəhərində bulunan Rusiya və Çin prezidentləri Putin və Şi Cinpingdən gəldi. Putin dünyanı lərzəyə gətirən həmin zəlzələdən dərhal sonra çinli həmkarıyla dərhal görüşdü və hər iki lider keçirdikləri ortaq birifinqdə Koreya yarımadasının nüvə silahlarından arındırılmasıyla bağlı fikirlər səsləndirdilər.

ABŞ prezidenti Donald Tramp da yenə öz məşhur Twitter səhifəsinə qaçdı və paylaşdığı statusunda Şimali Koreyanı “quldur dövlət” adlandırdı, rəqibinin “yalnız bir şeydən anladığını” bildirdi. Həmin şeyin nə olduğunu dilə gətirməsə də cənab Trampın müharibəyə eyham vurduğu aydın idi.


Bəs, ABŞ Şimali Koreyaya hərbi müdaxilə edə bilərmi?

Maraqlıdır ki, bu sual prezident Trampa da sorulub. Trampın cavabı isə xeyli qısa və qeyri-müəyyən olub: “Baxacağıq”.

Fikrimizcə isə, nə qədər hərbi alternativ və variantlardan danışsa da, ABŞ-ın bundan sonra Şimali Koreyanın qılına toxunmaq imkanı yoxdur. Nədən ki, hidrogen bombasından əvvəl ortamənzilli ballistik raketini sınaqdan çıxaran Şimali Koreya həmin silahını Yaponiyanın üzərindən keçirə bilmişdi. Xeyli riskli olan bu addımla “artıq əlimizdə ABŞ-ı hədəf ala biləcək raketər var” mesajını vermişdi. Bununla da aralarında Yaponiya, Çin, Cənubi Koreya və Rusiya da olmaqla bir çox dövlətləri təşvişə sala bilmişdi.

Hər kəs Şimali Koreyaya qarşı nə edə biləcəklərini düşündükləri bir vaxtda Pxenyan hidrogen bombasını sınaqdan çıxartdı. Bununla da, ABŞ-a və müttəfiqlərinə qarşı yönələcək ballistik raketlərin içərisində nə ola biləcəyini ortaya qoydu. Eyni çəkiyə malik hidrogen bombasının atom bombasından 1000 dəfə artıq təxribat gücünü nəzərə alsaq, Pxenyanın verdiyi mesaj xeyli qorxulu və düşündürücüdür.

Ümumiyyətlə, başda ABŞ olmaqla, super güclər Şimali Koreyanın nüvə silahlarından arındırılması fürsətini çoxdan itiriblər. Nədən ki, ciddi müzakirələrdən sonra 1994-cü ildə Şimali Koreya ilə ABŞ arasında nüvə müqaviləsi bağlanmışdı. Müqaviləyə əsasən, Pxenyan öz üzərinə bir sıra öhdəliklər götürmüş və insafən, buna ciddi şəkildə əməl etməyə başlamışdı; ölkədəki bir sıra nüvə təsisatlarını bağlamış, iki reaktorun inşasını dayandırmış, zənginləşdirilmiş nüvə ehtiyatlarını Beynəlxalq Atom Enerji Qurumuna təhvil vermiş, qurumun müşahidəçilərinə ölkədə istədikləri kimi yoxlama aparmaq imkanı yaratmışdı.

Qısacası, bütün hər şey 2001-ci ildə ABŞ-da Corc Buşun hakimiyyətə gəlməsinə qədər öz axarında gedirdi. Corc Buş hakimiyyətə gələndən sonra isə açıq şəkildə Şimali Koreyanı hədəf nöqtəsinə çevirdi, onu Əfqanıstan və İranla yanaşı “şeytan üçbucağına” daxil etdi. Bununla da Koreya yarımadasının atomdan arındırılması prosesinə son qoyuldu. Rəsmi Pxenyan atomdan arındırılmış ölkənin daha rahat ABŞ hücumlarına məruz qalacağını düşünüb Beynəlxalq Atom Enerjisi Qurumunun nümayəndələrini Şimali Koreyadan qovdu, dayandırdığı işləri yenidən və daha sürətlə həyata keçirməyə başladı. Beləcə, qarşılıqlı təhdidlərlə davam edən vəziyyət indiki mərhələyə gəlib çıxdı.

Ekspertlərin fikrincə, 1994-cü ildə Şimali Koreyanın 1 və 2 atom bombası olduğundan ehtiyat edilirdi. İndisə onun 60-a qədər nüvə silahı var. Dünən keçirdiyi sınaqla Pxenyan həmin silahlar arasında hidrogen bombasının olduğunu da rəsmən sübuta yetirdi. Onun vaxtaşırı sınadığı ballistik raketlərlə nüvə başlıqlarını hədəfə necə göndərə biləcəyi də ortadadır.

Təsadüfi deyil ki, indi ABŞ onunla nəzakətlə danışır. Tramp Şimali Koreya ilə diplomatik danışıqlar aparmağın mənasız olduğuna inandığı halda, hərbi müdaxilə barədə suala qəti cavab verə bilmir, “baxacağıq” deməklə kifayətlənir. ABŞ Müdafiə naziri Şimali Koreyanı yer üzündən silə biləcəkləri hərbi gücüylə qürurlansa da, fikrini şərtli cümlələrlə ifadə edir: “əgər ABŞ-a və müttəfiqlərinə qarşı təhdid olarsa”. Yəni təhdid olmazsa, problem deyil. Bu isə o deməkdir ki, münasibətlərimizi “mənə toxunmayan ilan yüz yaşasın” müstəvisində də davam etdirə bilərik.

Prinsipcə, Pxenyana da elə bu lazım idi: nüvə silahlarından vaz keçmədən 1994-cü ildə bağlanan müqavilədə əldə etdiyi hüquqlardan faydalanmaq və özünə qarşı tətbiq olunan sanksiyaları ortadan qaldırmaq. Hazırda ABŞ bu ritorikanı tam olaraq mənimsəməsə belə, hər halda Şimali Koreyayla münasibətlərdə addımbaaddım o istiqamətə doğru yaxınlaşır.

Şimali Koreyanın əldə etdiyi bu uğurlardan ən çox yararlanan isə cənub qonşumuz İran olacaq. Çünki bu gün Tehran da Pxenyanın 1994-cü ildə qarşılaşdığı situasiya ilə üz-üzədir. 2015-cü ilin 14 ilyulunda İranla bağlanmış 5+1 (BMT Təhlükəsiz Şurasının 5 daimi üzvü və Almaniya) müqaviləsi Tramp hakimiyyətə gəldikdən sonra şübhə altına alındı. Hər an ABŞ-ın o müqavilədən imtina etmək ehtimalı var. Tehran isə “gözü çıxmış” qardaşı olan Şimali Koreyanın uğurlarını görüb nüvə proqramına yenidən start verə bilər və böyük ehtimalla bunu edəcək də. Ən azı ona görə ki, hazırkı dünyada nüvə silahı həm də hərbi toxunulmazlıq və gerçək suverenlik deməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.