Tanınmış iqtisadçı Neft Fondunun büdcəsindəki dəyişikliyin səbəbini açdı:"Türkiyədəki "STAR" layihəsinə görədir"
6-10-2017, 20:54
Qulu İBRAHİMLİ,
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2017-ci il büdcəsinə edilən dəyişikliklərə əsasən, əvvəlki büdcənin dəqiqləşdirməsindən sonra, Fondun gəlirləri 2 443,27 milyon manat artırılaraq 10 813,86 milyon manat, xərcləri 759,07 milyon manat artırılaraq 15 242,93 milyon manat müəyyən edilib. Nəticədə, büdcə xərclərinin gəlirlərdən artıq olan məbləği 1 684,2 milyon manat azalaraq 4 429,07 milyon manat olub.
Fondun gəlirlərində artım Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin 2 275,5 milyon manat artırılaraq 9 826,21 milyon manata, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin 164,85 milyon manat artırılaraq 963,95 milyon manata çatdırılması ilə daha çox bağlı olub.
Xərclərdəki artım isə Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi məqsədilə 744,07 milyon manat məbləğində xərc maddəsinin əlavə edilməsi, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi xərc maddəsinin 15,0 milyon manat artırılaraq 105,0 milyon manat müəyyən edilməsi ilə bağlı olub.
Mərkəzi Banka transfert nə qədər olacaq?
Dövlət Neft Fondunun icraçı direktoru altı ay öncə, 18 apreldə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün Fonddan Mərkəzi Banka köçürülməsi nəzərdə tutulan 7,5 milyard manat məbləğ ilin sonunadək tam icra olunmayacaq, amma icra ediləcək dəqiq rəqəmi də indidən söyləmək çətindir.
İlin bitməsinə üç aydan da az müddətin qaldığı vaxtda Fondun dəqiqləşdirilən büdcəsində Mərkəzi Banka nəzərdə tutulan transfertin yuxarı həddinin dəyişilməz saxlanılaraq 7,5 milyard manat (4,4 milyard dollar) müəyyən olunması belə qənaətə gəlməyə əsas verir ki, Mərkəzi Banka təqribən həmin məbləğdə transfert ediləcək. Əks halda, üç aylıq müddət üçün proqnoz müəyyən etmək hökümətə çətin olmamalı idi.
Amma bir məsələ də var: Fondun dəqiqləşdirilən büdcəsində nəzərdə tutulan xərclər gəlirlərdən 4,4 milyard manat artıqdır. Mümkündür ki, Mərkəzi Banka transfert məbləğinin ilin sonuna az icra olunması hesabına həmin fərq azaldılsın.
Cəmiyyətdə, xüsusən də iş adamları, maliyyə bazarlarının iştirakçıları və araşdırmaçılar arasında ilin sonunadək milli valyutanın məzənnəsi ilə bağlı mövcud olan sualların düzgün izah olunması baxımından Mərkəzi Banka transfertin məbləğinin dəqiqləşdirilməsi çox vacibdir. Ona görə də cənab Şahmar Mövsümovun yenə mətbuat konfransı keçirməsinə ehtiyac var.
“STAR” layihəsinə ayırmalar haqqında
Əslində Dövlət Neft Fondunun 2017-ci il büdcəsinə dəqiqləşdirmə edilməsi Türkiyədə “STAR” neft emalı kompleksinin tikintisi layihəsinin maliyyələşdirilməsinə Fonddan vəsait ayrılması zərurəti ilə bağlı olub.
Belə ki, “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodunun (STAR) tikintisi layihəsinə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 31 iyul 2017-ci il tarixli 3136 nömrəli Sərəncam imzalanıb. Həmin sərəncamla “STAR" layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 fevral tarixli 2698 nömrəli Sərəncamında dəyişiklik edilərək, səhmlərinin 40 faizi dövlət mülkiyyətində olan müvafiq Səhmdar Cəmiyyətin nizamnamə kapitalı 1,070 milyard dollar artırılmaqla 2,412 milyard dollardan 3,482 milyard dollara çatdırılıb.
Artırılan 1,070 milyard dolların 40 faizi isə 428,0 milyon dollar, manat ekvivalentində isə USD/AZN məzənnəsi 1,7385 səviyyəsi ilə 744,07 milyon manat edir ki, büdcədə də bu məbləğ nəzərdə tutulub. Hal-hazırda USD/AZN rəsmi məzənnəsi 1,7002 səviyyəsində olduğunu nəzərə alsaq və məzənnələr arasındakı fərqi görsək, deyə bilərik ki, STAR layihəsinin maliyyələşdirilməsi, əslində, ilin əvvəlindəki aylarda məzənnənin yüksək olduğu vaxtlarda həyata keçirilib, budcəyə dəqiqləşmə ilə indi rəsmiləşdirilir. Elə olubsa, 2017-ci ilin ilk aylarında manatın ucuzlaşmasında bu təsir də nəzərə alınmalıdır.
Xatırladaq ki, 31 iyul 2017-ci il tarixli Sərəncamın 2-ci bəndində Dövlət Neft Fonduna tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsini (nizamnamənin artımı – Q.İ) nəzərə alaraq, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında müvafiq dəyişiklik edilməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 27 sentyabr tarixdə Fondun Müşahidə Şurasının (MŞ) iclası keçirilərək, qurumun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb, MŞ dəyişiklikləri məqbul hesab edib və təsdiq olunmaq üçün ölkə Prezidentinə təqdim olunması barədə qərar qəbul edib. Bir həftə ərzində büdcəyə dəyişikliklər təsdiq olunub.
2013-2016-cı illər ərzində STAR layihəsi üzrə Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün Neft Fondu tərəfindən ayrılmış vəsaitin həcmi 927,9 milyon manat təşkil edib. 2017-ci ildə nəzərdə tutulan 744,0 milyon manat da daxil olmaqla, indiyədək ayrılmış vəsaitin ümumi həcmi 1 672,0 milyon manat təşkil edir. Bu da müvafiq Səhmdar Cəmiyyətin dövlət mülkiyyətindəki 40 faizlik səhm payının dəyəri olan 1 392,8 milyon ABŞ dollarının tam maliyyələşdirilməsi deməkdir.
SOCAR-ın Bakı Neft Emalı Zavoduna Fonddan vəsait ayrılmadımı?
1 iyun 2017-ci il tarixdə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov jurnalistlərə bildirimişdi ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidənqurma işləri üçün lazım olan vəsait Dövlət Neft Fondundan veriləcək, modernizasiya işlərinin maliyyələşməsi tam olaraq dövlət tərəfindən həyata keçiriləcək və son bir ay ərzində bu məsələlər artıq dövlət səviyyəsində həll olunub. Həmçinin qeyd edib ki, lazım olan vəsait Dövlət Neft Fondundan dollarla veriləcək, bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılması hesabına olacaq və Neft Emalı Zavodunda işlər üçün lazım olan vəsait 1,5 mlrd. dollar həcmində qiymətləndirilir.
Fondun 2017-ci il büdcəsində cənab Tofiq Qəhrəmanovun bəhs etdiyi Neft Emalı Zavodu üçün ayırma olmadı. Görünür, Türkiyədəki "STAR" layihəsinin maliyyələşdirilməsi qabağa salınıb və növbəti ilin büdcəsində birbaşa SOCAR-a vəsaitlər ayrılması nəzərdə tutulacaq.