“Böyük Ermənistan” dərsliyi: klanların savaşında revanşın - Pərdəarxası

12-10-2017, 09:01           

Hakimiyyətdaxili qruplaşmaların savaşı şiddətlənir. Tərəflər bir-birinə macal vermirlər və hər fürsətdə heyf çıxmağa başlayırlar.
Klanlarası qarşıdurmanın açıq müstəviyə keçməsi gedişatın dərinləşməsi ehtimalını gücləndirir.
Siam.Az-ın Analitik Mərkəzi yazır ki, ATV telekanalındakı dəyişikliklər bir klanın digəri üzərində “əzələ nümayişi” idisə, 10-ci sinif “Azərbaycan tarixi” rus dili dərsliyində ölkəmizin “Böyük Ermənistan”ın tərkibinə daxil edilməsi rəzalətinin ifşası da qarşı tərəfin revanşıydı.
Bu məsələdə hədəf təkcə təhsil naziri Mikayıl Cabbarov deyildi, ona sahib çıxan siyasi qanada atılan gülləydi. Və nişangaha gələn cinahın sarsıdıcı zərbəsi özünü çox gözlətməyəcək.
Nəticədə iqtidar içindəki qrupların müharibəsi get-getdə alovlanacaq. Qarşıdakı dövrdə biz daha şiddətli və çılpaq toqquşmaların şahidi olacağıq.
2018-ci il seçkiləri yaxınlaşdıqca tərəflər bir-birinin ən iri fiqurlarını, önəmli kadrlarını, belə desək - müharibədəki ən yaxşı generallarını “təmizləməyə” çalışacaqlar. Postlar boşaldıqca mövqeyini möhkəmlədirən klan öz adamını yerləşdirəcək.
Təhsil naziri postu da çoxdandır ki, Qərbi Azərbaycan və Naxçıvan qruplaşmasının əlindən çıxmışdı. Misir Mərdanovun nazir vəzifəsindən gedişi ilə bu klan təhsil sektoruna nəzarəti idi.
Mikayıl Cabbarov isə islahatçı nazir kimi təqdim olunsa da, zaman M.Mərdanova “rəhmət oxumağa” şərait yaratdı.
Sabiq nazir nə də olmasa, təhsil adamıydı, elm-bilik nə olduğunu bilirdi. Əlbəttə, bu onun rüşvətxor təhsil sistemi qurmasına bəraət qazandırmır.
Sadəcə, reformist kimi gələn M.Cabbarovun fəaliyyəti”sabun köpüyü”nə çevrildi və heç bir irəliləyiş əldə olunmadı. Əksinə, biabırçı dərsliklər meydana çıxdı, rüşvət yığımı öz yerində qalmaqdadır və s.
Bütün idarəçilik prinsiplərinin M.Mərdanovun dövründən də betər olması kulminasiya nöqtəsində partlayışa gətirib çıxardı.
Bu da son - nazirin dostu olan, vaxtilə dələduzluğa görə həbs edilmiş dərslik müəllifi Kamran Əsədov Azərbaycan ərazilərini “Böyük Ermənistan”ın tərkibində göstərir, erməni mətbuatına göydəndüşmə hədiyyə verir, gələcək nəsillərə qarşı tarixi cinayətə imza atır, M.Cabbarovun təmsil olunduğu klanı vurmaq üçün fürsət qazandırır...
Siam.Az-ın Analitik Mərkəzi yazır ki, hadisələr qabaqcadan ssenariləşdirilməyib.
Sadəcə, faktın üstünün açılması və tirajlanması, bir qrupun bu məsələni körükləməsi qarşı tərəfə cavab üçün yem olub.
Kamran Əsədovun dələduzluq ittihamı ilə həbsdə olması faktının üzə çıxması və təhsil naziri Mikayıl Cabbarovla dostluğunun ifşa edilməsi ciddi prosesin başlanğıcı oldu.
Onunla K.Əsədovun dostluğunun üzə çıxması nazirin reputasiyasını möhkəm zədələdi. Əlbəttə, Azərbaycanda hazırda heç bir nazir barəsində belə güclü kampaniya olmamışdı.
Üstəlik, bu hadisədən Təhsil Nazirliyi nə üzr istədi, nə açıqlama yaydı, nə çoxdan “rəhmətə getmiş” mətbuat xidməti rəhbəri Cəsarət Valehov danışdı.
Sanki ittihamlar Baytarlıq Xidmətinə ünvanlanmışdı. TN-nin mətbuat katibi nə işlə məşğul olduğunu, niyə əmək haqqı aldığını özü də bilmir.
Bundan əlavə, K.Əsədov barəsində saxtakarlıq etmək, dərsliklərə yalan məlumatlar yazmaqla bağlı cinayət işi açıla bilər. Maraqlıdır ki, K.Əsədov 3 il öncə dələduzluqda ittiham olunub.
Maraqlıdır ki, təhsil nazirinin istefaya çağırılmasına başlanıb. Bu yanlışlıq Ukrayna və ya Rusiya ilə bağlı olsaydı bəlkə də bağışlamaq olardı. Bilrsiniz ki, Ermənistan daima bizə əsassız ərazi iddiaları irəli sürür.
Onlar bunu saxtalaşdırılmış tarixi faktlara söykənərək etməyə çalışırlar. İndi belə bir dərslik kitabını nəşr etməklə biz onların əlinə ciddi əsaslar vermiş olduq.
Mikayıl Cabbarovun idarə etdiyi nazirlik deyir ki, həmin kitabların hamısı yığışdırılıb. Kim zəmanət verə bilər ki, həmin kitablardan ermənilərin əlinə keçəni olmayıb?
Təhsil nazirinin dostunun bu xəyanəti hər ikisinə baha başa gələcəyi gözlənilir. Baxmayaraq ki, vaxtaşırı K.Əsədov M.Cabbarovu tənqid edir, lakin bunun razılaşdırılmış olduğu söylənir.
Hər halda 2018-ci ildə gözlənilən dəyişikliklər prosesində M.Cabbarovun komandada olub-olmayacağı görünəcək...

Siam.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.