4 milyonluq qızıl daşıyan azərbaycanlı kuryer tutuldu - Rusiyada
2-11-2015, 12:56
Rusiyada Azərbaycan vətəndaşı böyük ölçüdə qiymətli metalın qanunsuz dövriyyəsinə görə tutulub.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Muysk rayonunun prokurorunun müavini tərəfindən Abbasov soyadlı şəxs qiymətli metalların qanunsuz saxlaması maddəsi üzrə ittiham edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Buna səbəb Azərbaycan vətəndaşının 30 min rubl ( təqribən 490 manat) müqabilində gümüş və qızılın qarışığından ibarət külçələri Rusiyanın bir vilayətindən digərinə keçirməyə razılaşması olub.
Müəyyən edilib ki, Azərbaycan vətəndaşı naməlum şəxsdən 1 762 015 (təqribən 29 min manat) rubl dəyərində 1280 qramdan çox qızıl və gümüş qarışığından ibarət külçələr alıb və Amur vilayətinin Muysk rayonun Tında şəhərinə aparmağa razılaşıb.
Daha sonra o, külçələri torpaqda gizlədib və həmin metalları basdırdığı yerdən çıxartdığı zaman saxlanılıb.
Lakin ilk cəhdinin uğursuz olması azərbaycanlını dayandırmayıb. Belə ki o, qiymətli metalın müsadirə edilməsindən 17 gün sonra yenidən istintaq tərəfindən kimliyi müəyyən edilməmiş şəxsdən də 30 min rubl alaraq bu dəfə 1300 qramdan çox külçəni aparmağa razılaşıb ki, həmin qızılın da qiyməti 1 milyon 898 min 864 rubldur (təqribən 30 min manat). Külçələri Abbasov özünə məxsus avtomobildə gizlədib, o, yolda saxlanılıb. Qiymətli metal müsadirə edilib.
Muysk rayon məhkəməsinin qərarı ilə Abbasova 2 il müddətinə şərti cəza ilə və 100 min rubl cərimə tətbiq edilib.
3 gün əvvəl də Rusiyada taksi fəaliyyəti adı altında fəaliyyət göstərib narkotik satan qrup üzvləri saxlanıb. Onlardan biri azərbaycanlı idi.
Onlar taksi fəaliyyəti adı altında heroinin tədarükü və satışı ilə məşğul olublar və narkotik vasitələri müştərilərin evlərinə qədər çatırıblar.
Həmin şəxsləri 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.