Qarşılıqlı addımlar, birgə əməkdaşlıqlar

Bu gün, 12:03           
Qarşılıqlı addımlar, birgə əməkdaşlıqlar
Azərbaycan və Türkiyə bütün məsələlərdə ayrılmaz birlik sərgiləyir. Həm sevincli, həm də ağır günlərdə bu iki qardaş ölkə daim bir-birinin yanında olur. Təəssüf ki, 2023-cü ilin fevralında Türkiyədə demək olar ki, əsrin ən dəhşətli faciəsi, dağıdıcı zəlzələ baş verdi və bu fəlakət çox sayda insanın həyatına son qoydu. Zəlzələnin baş verdiyi ilk andan etibarən Azərbaycan Türkiyəyə ilk dəstək verən ölkələrdən oldu. Xalqımız fəlakətin ilk günündən sonuncu xilasetmə əməliyyatına qədər gecə-gündüz Türkiyənin acısını özününkü kimi yaşadı və əlindən gələn bütün yardımları göstərməyə çalışdı.
2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və “əsrin faciəsi” adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. 5373 tonluq humanitar yardımın tərkibində 9183 çadır, 145 konteyner tipli mobil ev, səhra hospitalı, səhra mətbəxi, generatorlar və digər həyati əhəmiyyətli ləvazimatlar yer aldı. Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ çıxardı, 780 nəfərin cəsədini tapdı, ümumilikdə 3123 nəfərə tibbi yardım göstərildi. Bu yardımların ümumi maliyyə dəyəri 31 milyon 510 min 900 ABŞ dolları (53 milyon 568 min 530 AZN) təşkil etdi. Həmçinin 13 milyon 397 min 883 ABŞ dolları (22 milyon 776 min 400 AZN) birbaşa maliyyə yardımı şəklində təqdim olundu.
Lakin bu dəstək yalnız təcili yardım səviyyəsində qalmaqla kifayətlənmədi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb.

Şükürlər olsun ki, bu çətin günlərin ardından Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı baş tutdu. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyəyə səfər etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi rəsmi şəkildə qarşıladı və hər iki lider xalq qarşısında birlik mesajı verdi. Elə həmin gün "Azərbaycan" məhəlləsində yaşayan insanlar yeni mənzillərlə, həm də yeni iş yerləri ilə təmin olundular.
İyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Qeyd etdi ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə hamı kimi Azərbaycan xalqını da sarsıtdı. Qardaş xalqın dar günündə onun səsinə ilk səs verən Azərbaycan oldu. “İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Vurğulanıb ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı öz çıxışında bildirib: “Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.
Əgər bu gün dünyaya nəzər salsaq, görərik ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin bənzəri yoxdur. Bu əlaqələr sadəcə sözlə ifadə edilə biləcək bir münasibət deyil, strateji müttəfiqlikdən də yüksək səviyyədə olan birlikdir. Biz hər ötən günlə bir daha sübut edirik ki, "bir millət, iki dövlət"ik. Həyatın bütün sahələrində ortaq addımlarımız, birgə əməkdaşlığımız həm dövlətlərimizin güclənməsinə, həm də xalqlarımızın sosial rifahının yaxşılaşmasına töhfə verir.
Hazırkı dövrdə dünyada yeni nizam formalaşır. Xüsusilə də bizim region çox mürəkkəb və gərgin coğrafiyadır. Belə bir zamanda Azərbaycan və Türkiyənin bir-birinə arxalanması təkcə sərhədlərimizin deyil, eyni zamanda xalqlarımızın təhlükəsizliyinin təmin olunmasına, sosial rifahın yüksəlməsinə və iqtisadiyyatlarımızın möhkəmlənməsinə xidmət edir.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.