Qardaşlıq rəmzi “Azərbaycan” məhəlləsində həyat yenidən canlanır
Bu gün, 15:02

2023-cü ilin fevral ayının 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık, Elbistan rayonlarında baş verən, sonra Malatya, Adana, Hatay və digər şəhərləri də əhatə edən dəhşətli zəlzələlər törətdiyi dəhşətinə görə ilə «əsrin fəlakəti» adlandırıldı. Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirdi. 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38 min 901 bina yararsız hala düşdü. Zəlzələnin baş verdiyi ilk anlardan qardaş köməyinə çatan Azərbaycan xalqı bir nəfər kimi səfərbər oldu. Türkiyədə baş verənləri geniş mənada bəşəriyyətin insanlıq qarşısında borcu, sınağı, xeyirlə şər, ölümlə yaşamaq istəyi arasında mübarizə adlandırmaq daha uyğun olardı.
Təbii fəlakətin ilk anlarında həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, hər cür kömək göstəriləcəyini bildirən Prezident İlham Əliyev qardaşlıq dəstəyini əsirgəmədi. Dağıntıların, acı fəsadların aradan qaldırılmasında hər cür yardım göstərilməsini xalqımızın qardaşlıq borcu adlandırdı: «Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı.»
Prezident İlham Əliyevin göstərişlərinə əsasən hadisə yerinə ilk gələn və axtarış-xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, zəngin təcrübəyə malik mütəxəssisləri türkiyəli həmkarları ilə birgə çalışaraq insanların dağıntılar altından çıxarılmasında fəallıq göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə böyük yardım kampaniyası təşkil edildi.
Zəlzələdən sonra da fəlakət zonasında aparılın bərpa işlərində Türkiyəyə yardım göstərən Azərbaycanın maliyyə dəstəyi ilə daha çox dağıntıya məruz qalan Kahramanmaraşda geniş ərazini əhatə edən «Azərbaycan” məhəlləsi»nin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dollar (170 milyon manat) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Artıq sakinlərini qəbul etməyə hazır olan 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Kahramanmaraşda ucaldılan türk dünyasının dostluq abidəsi kimi möhtəşəmliyini qoruyan məhəllənin istifadəyə verilməsi qardaşlığın uğur təntənəsidir. Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan «Azərbaycan” məhəlləsi» artıq ilk sakinlərini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 19-da Kahramanmaraş şəhərinə səfəri şübhəsiz ki, 2023-cü il zəlzələsindən sonra şəhərin yenidən qurulmasında və "Azərbaycan" məhəlləsinin inşasında iştirak etmək məqsədi daşıyırdı. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Dost, qardaş və strateji müttəfiq olan bu iki dövlət həm çətin, həm də xoş günlərdə bir-birinə dayaq olur. Kahramanmaraşda inşa edilən "Azərbaycan" məhəlləsi ölkəmizin qardaş köməyinin və mənəvi töhfəsinin simvoludur.
İyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Qeyd etdi ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə hamı kimi Azərbaycan xalqını da sarsıtdı. Qardaş xalqın dar günündə onun səsinə ilk səs verən Azərbaycan oldu. “İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Vurğulanıb ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı öz çıxışında bildirib: “Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.
Azərbaycan-Türkiyə münasibətləri bu gün dünyada nadir nümunələrdən biridir. Bu səfər isə həmin münasibətlərin, qarşılıqlı hörmətin və əsl qardaşlığın təzahürü kimi dəyərləndirilməlidir.
Tufan Məmmədov – iqtisadçı ekspert