Rusiya Ermənistandan qonşulara nüvə zərbəsi endirə bilər - şok iddia
11-11-2015, 20:28
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Ermənistanla ortaq Raketdən Müdafiə Sistemi (RMS) yaradılması haqda sənəd imzalayıb.
Muasavat.com-un məlumatına görə, Putin dünənki müşavirədə bildirib ki, Moskva Qərbin son vaxtlar güclənən RMS-ə adekvat cavab vermək niyyətindədir.
Məsələyə münasibət bildirən lragir.am portalı bu xüsusda yazıb: “Putin faktiki surətdə təsdiqləyir ki, Qərbin RMS-i altında olan ölkələrə paket zərbələri endirilə bilər. Bu isə məlum olduğu kimi, təkcə Avropa ölkələri və ABŞ deyil, həm də Türkiyə, İsrail, gələn ildən etibarən isə Gürcüstandır. Bəllidir ki, Tiflis öz ərazisində müasir RMS-in yerləşdirilməsinin mümkünlüyü ilə bağlı Fransa ilə ilkin anlaşma əldə edib”.
Saytın təhlilçisinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana etdiyi səfər də məhz Gümrüdəki Rusiya hərbi bazasından Suriyaya aviazərbələr endirmək üçün dayaq məntəqəsi qismində istifadə eləməklə bağlı olub.
“Bu gün Putin Ermənistanla birgə RMS yaratmaqla bağlı danışıqlara başlamaq göstərişi verib. Ermənistan buna razılıq verməklə faktiki, özü də Qərbin strateji hədəfinə çevriləcək - bütün mümkün nəticələri ilə birgə”, – deyə portal xəbərdarlıq edib.