ABŞ Dövlət Departamentindən İrana qarşı təkrar sanksiyalar təhlükəsi barədə açıqlama
13-11-2015, 21:14
İrana qarşı sanksiyalar ləğv edildikdən sonra onlar yenidən tətbiq edilə bilər. Bunu Trend-ə müsahibəsində Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin İran işləri İdarəsinin direktoru Stiv Feqin deyib.
O xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurası 21 iyul tarixli 2231 saylı qətnaməsi ilə İranla nüvə sazişini bəyənib və Tehranın 90 gün müddətində müəyyən öhdəlikləri yerinə yetirməli olduğunu qərara alıb.
S.Feqinin sözlərinə görə, ardından ABŞ və Avropa İttifaqı elan etdilər ki, İran nüvə sazişi üzrə bütün zəruri tədbirləri gördükdən sonra sanksiyalar yumşaldılacaq və Beynəlxalq Atom Enerjisi Agentliyi təsdiq edəcək ki, Tehran hər şeyi doğru edib.
O, hesab edir ki, İranın terrorçuluğu, Yaxın Şərqdə vəziyyətin gərginləşməsini, insan haqlarının pozulmasını dəstəkləməsi ilə bağlı ABŞ-ın tətbiq etdiyi digər sanksiyalar qüvvədə qalacaq: “Məqsədimiz nüvə sazişini reallaşdırmaqdan ibarətdir, lakin bu, İrandan asılıdır. İran sövdələşmənin şərtləri üzrə zəruri tədbirlər görməlidir”.
S.Feqin vurğulayıb ki, əldə edilmiş sazişin müddəalarının reallaşdırılması üzrə birgə komissiya hamının qarşıya qoyulan vəzifələri düzgün anlamasına əmin olmaq üçün onun icrasının gedişini müzakirə edir.
“Əgər İran öhdəliklərini yerinə yetirməsə və ya beynəlxalq vasitəçilər Tehranın öhdəliklərə əməl etməsindən razı qalmazlarsa, nə baş verəcək” sualını cavablandıran S.Feqin deyib: “Sövdələşmənin şərtlərinə uyğun olaraq, bu sazişi müzakirə etmək üçün mexanizmlərimiz var. Lakin yekunda sövdələşmənin şərtləri kobud şəkildə pozularsa, BMT Təhlükəsizlik Şurasının qərarına əsasən İrana qarşı ləğv edilən sanksiyaları tətbiq etmək haqqımız var”.
Onun sözlərinə görə, çoxtərəfli sanksiyaların qaytarılması üçün BMT Təhlükəsizlik Şurasında səsvermə daxil olmaqla konkret mexanizm mövcuddur.