ABŞ kəşfiyyat mərkəzi Azərbaycan ordusunun strateji yüksəkliyi tutmasını qeydə aldı
8-02-2016, 20:12
Azərbaycan ordusunun Ermənistanla sərhəddə, Qazax rayonu istiqamətində strateji əhəmiyyətli “Odundağ” yüksəkliyinə nəzarəti təmin edərək orada möhkəmlənməsi ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un diqqətini cəlb edib.
Virtualaz.org xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan mərkəz Azərbaycan-Ermənistan sərhədi boyu vaxtaşırı olaraq kiçikmiqyaslı döyüşlərin baş verməsini gözardı etməməyə çağırır.
“Ötən ilin sonunda Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş bölgəsi arasında atışmalar gücləndi. Sərhədin bu hissəsində relyef mürəkkəbdir, minalar ərazini daha da təhlükəli edir. Mövcud nəqliyyat dəhlizləri vaxtaşırı monitorinq olunur, ancaq tərəflər tez-tez bir-birinə hədə-qorxu gəlir, bəzən də digərinin sərhəd ərazisini tuturlar”,-“Stratfor” bildirir.
Mərkəz qeyd edir ki, dekabrın sonu, yanvarın əvvəlində də oxşar hadisə baş verib. Azərbaycan əsgərləri Ermənistanın Tavuş vilayətinin şimalında erməni qüvvələrinə doğru manevr ediblər. Bu toqquşmalar münaqişənin birbaşa komponenti olmadığına görə, monitorinq missiyaları onları nadir hallarda izləyir.
“Azərbaycan ordusu Odundağ yüksəkliyində postunu bərpa etdiyini bildirib. Regiondan gələn xəbərlər də bu iddianı təsdiqləyənə bənzəyir. Azərbaycanın, əslində, o mövqedən niyə çəkildiyi də aydın deyil. Amma Ermənistan Qazaxa gedən təchizat xətlərini kəsməklə Azərbaycan əsgərlərini geri çəkilməyə məcbur etmək istəyirdi. Azərbaycan ordusunun öz mövqeyini gücləndirdiyi barədə məlumatlar var. Bu yüksəklik ətrafdakı ərazilərə nəzarət baxımından vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir... Bu strateji mövqe Azərbaycan-Ermənistan münaqişəsində, kiçik də olsa, bir dəyişiklik yarada bilər”,-“Stratfor” bildirir.
Xatırladaq ki, Azərbaycan ordusunun Ermənistanla sərhəddə yerləşən “Odundağ” yüksəkliyində möhkəmlənməsi və orada yerləşən monastıra silah-sursat cəmləşdirməsi barədə əvvəlcə sərhədyanı kəndlərin sakinlərinə istinadən erməni mənbələri xəbər yayıb. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi ordumuzun bu strateji yüksəkliyə nəzarət etdiyini təsdiqləyib.
“Həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”, – deyə Müdafiə Nazirliyi bəyan edib.
“Odundağ” yüksəkliyi Ermənistanın Noemberyan rayonu ilə Azərbaycanın Qazax rayonunun sərhədində – Bağanis kəndi yaxınlığında yerləşir.