Latviya NATO-dan təcili kömək istədi: “Rusiya müharibəyə başlayıb”

28-02-2016, 17:08           
Latviya NATO-dan təcili kömək istədi: “Rusiya müharibəyə başlayıb”
NATO-nun Şərqi Avropadakı üzvləri alyansı Rusiya ilə sərhəddə mümkün qədər qısa müddət ərzində sanballı hərbi qüvvə cəmləşdirməyə və bu qüvvələri “maksimal uzun müddətə” orada saxlamağa çağırır.

Virtualaz.org xəbər verir ki, bu narahatlıq Rusiyanın Baltik ölkələrinə mümkün hərbi intervensiyası ilə bağlıdır.

“The Washington Post” qəzetinin yazdığına görə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç fevralın 26-da Vaşinqtona səfəri zamanı NATO-nun iyulda Varşavada keçiriləcək sammitini gözləmədən alyansın Baltik regionunda güclü qoşun birləşmələri dislokasiya etməli olduğunu deyib. Nazirin sözlərinə görə, NATO “olduqca birmənalı və qətiyyətli bəyanatla” çıxış edərək Rusiyanı mümkün hərbi intervensiyadan çəkindirmək üçün regionda hərbi qüvvə cəmləşdirəcəyini bildirməlidir.

“Bu qüvvələr nə qədər uzun müddət lazım olsa o qədər regionda qalmalıdır, çünki bizim belə qonşumuz var” - Edqars Rinkeviç deyib.


Edqars Rinkeviç

Rinkeviçin sözlərinə görə NATO-nun hazırda Baltik regionundakı bir neçə yüz nəfərlik kontingenti Rusiya təhdidinə qarşı yetərli deyil. Bu hərbi kontingentin sayını artırmaq, o cümlədən ağır silahlar və tanklar cəmləşdirmək lazımdır. Xarici işlər naziri Latviyanın hava hücumundan müdafiə sistemini gücləndirməyə də kəskin zərurət hiss etdiyini deyib. Nazirin sözlərinə görə, Latviya hava hücumundan müdafiə sistemini gücləndirsə NATO-nun əsas qüvvələrinin köməyə yetişməsinə qədər ölkəni müdafiə edə bilərdi.

Rusiya ilə NATO arasında 1994-cü ildə imzalanmış razılaşmaya əsasən alyans Şərqi Avropa ölkələrinin ərazisində daimi əsasda çoxsaylı hərbi kontingent yerləşdirməməlidir. Təhlükəsizliyi təmin etmək üçün köməyə yetişməyə hazır qüvvələri Qərbi Avropadakı bazalarda saxlamalıdır. Bu səbəbdən Rusiya xəbərdarlıq edir ki, Baltik ölkələrində NATO-nun iri hərbi kontingentinin yerləşdirilməsi bu razılaşmanın pozulması deməkdir və dərhal adekvat cavab tədbirlərinin görülməsinə səbəb olacaq.

Lakin Latviya xarici işlər naziri deyib ki, onun ölkəsi Rusiyanın getdikcə artan hərbi təhdidləri qarşısındadır. Rinkeviçin sözlərinə görə, Rusiya artıq “hibrid müharibəyə” başlayıb, bura təxribatçı hərbi addımlar və təbliğat metodlarından istifadə daxildir. Nazir deyib ki, əvvəl Rusiya təbliğatı Baltik ölkələrinin rusdilli əhalisinə hesablanmışdı, indi isə bu təbliğat cəmiyyətin bütün təbəqələrinə şüuraltı təsir göstərməyə hesablanıb.

Xatırladaq ki, bu günlərdə ABŞ-ın hərbi araşdırmalar üzrə nüfuzlu “Rand Corporation” şirkəti Pentaqonla birlikdə keçirdiyi kabinet hərbi təlimlərinin nəticəsi olaraq Rusiyanın Baltik regionundakı NATO qüvvələrini cəmi 36 saata darmadağın edərək Riqanı, Tallini və Vilnüsu tuta biləcəyini bildirib. Şirkət bu qənaətə gəlmişdi ki, NATO Rusiyanın mümkün hücumunu dayandırmaq üçün təcili olaraq regionda on minlərlə hərbçi, çoxsaylı tanklar və digər texnika yerləşdirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.