Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT

Bu gün, 09:51           
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Azərbaycanda məhkəmə başlayıb.

"Report" xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə həm ingilis, həm də fransız dilini bilən tərcüməçilər iştirak edib.

Təqsirləndirilən şəxs tərcüməçilərə etiraz etməyib.

Daha sonra təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunub. Təqsirləndirilən şəxs hakimlərə və dövlət ittihamçısına etiraz etməyib.
Bundan sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, o, 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır, evlidir, iki uşağı var.
Qeyd olunub ki, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkətin Dubayda qeydiyyatda olduğu bildirilib.

Təqsirləndirilən şəxs cinayət işinə xitam verilməsini, cinayət işinin ibtidai araşdırmaya qaytarılmasını istəyib. O, həmçinin bildirib ki, 11 aydır işləmir, övladları Dubaydadır, onun özü də həmin ölkəyə, övladlarının yanına getmək istəyir.

Müdafiəçi müvəkkili ilə razı olduğunu deyib.

Daha sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar.

Qərarda qeyd olunub ki, cinayət işini dayandırılmasına, xitam verilməsinə əsaslar yoxdur. Bu səbəbdən təqsirləndirilən şəxsin vəsatəti təmin olunmayıb. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Cinayət işi araşdırılması üçün məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyulun 3-ə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.

İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.