"Putinin nüvə raketləri nə zaman işə düşəcək?" - Qərb kəşfiyyatı
29-02-2024, 10:45
"Nüvə silahlarının tətbiqi meyarları Rusiya hakimiyyətinin nə zamansa etiraf etdiyindən xeyli aşağıdır...
"Putinin dəfələrlə nüvə silahını tətbiq etmək təhdidləri Qərbi Kiyeə silah tədarükündə ehtiyatlı olmağa vadar edib..."
"Financial Times" beynəlxalq işgüzar qəzeti Rusiya Silahlı Qüvvələrinin məxfi materiallarını, o cümlədən taktiki nüvə silahının tətbiqi protokollarını əldə edib.
Moderator.az xəbər verir ki, bu barədə "krymr.com" nəşri məlumat yayıb.
Sənədlər 2008-2014-cü illərə aiddir, lakin qəzetin sorğu keçirdiyi ekspertlərin fikrincə, onlar indi də aktualdır.
Məxfi protokollar göstərir ki, Rusiya nüvə silahından təkcə cavab tədbiri kimi deyil, həm də düşməni döyüş əməliyyatlarında "ayıltmaq" üçün istifadə etməyə hazırdır.
Nəşr qeyd edir ki, nüvə silahının tətbiqi üçün meyarlar nə zamansa Rusiya hakimiyyətinin etiraf etdiyindən xeyli aşağıdır.
Rusiyanın nüvə arsenalının işə düşməli olduğu hüdud bir neçə amilin məcmusudur. O cümlədən:
- "Rusiya qoşunlarının düşmənin böyük təcavüzünü dayandırmaq iqtidarında olmamasına gətirib çıxaran, bunun da "Rusiyanın dövlət təhlükəsizliyi üçün kritik vəziyyət" yaradan geriyə dönməz itkiləri;
- düşmən qoşunlarının Rusiya ərazisində peyda olması;
- sərhəd rayonlarını mühafizə edən bölmələrin darmadağın edilməsi;
- adi silahlardan istifadə etməklə qaçılmaz hücum.
Materiallarda həmçinin deyilir ki, sualtı qayıqların 20 faizi, atom sualtı qayıqlarının 30 faizi, üç kreyser, üç hava limanının məhv ediləcəyi, habelə eyni zamanda əsas və ehtiyat komanda mərkəzlərinə zərbələr endiriləcəyi tədqirdə Rusiya nüvə silahını tətbiq edə bilər.
Bundan başqa, rusiyalı hərbçilər "dövlətləri təcavüzdən" və ya "hərbi münaqişələri eskalasiyadan" çəkindirmək, habelə "Rusiya qoşunlarının məhv edilməsinin qarşısını almaq", "hərbi-dəniz donanmasının səmərəliliyini yüksəltmək" üçün taktiki nüvə silahından istifadə edə bilər.
Silahlı Qüvvələrin Kral İnstitutun yerüstü müharibə üzrə baş elmi əməkdaşı Cek Uotlinq hesab edir ki, sənədlər Rusiya qoşunlarını Rusiyanın nüvə silahı tətbiq etməsi lazım gələn vəziyyətlərə hazırlaşdırmağa hesablanıb.
Lakin ekspertlərin fikrincə, bu sənədləri belə silahın tətbiq edilməsinin qaydaları kimi dəyərləndirmək lazım deyil.
Rusiya qoşunlarının Ukraynada tammiqyaslı hərbi müdaxiləsi başlanandan Rusiya prezidenti Vladimir Putin dəfələrlə nüvə silahını tətbiq etməklə təhdid edib.
Bu, Kiyevə münaqişənin inkişafına gətirib çıxara biləcək Qərb silahlarının tədarükündə ehtiyatlı olmağa vadar edib.