Dövlətin şəhiddən sığorta, əlildən infrastruktur haqqı tələbi etməsi absurddur - BU NƏ DEMƏKDİR?

29-11-2024, 15:02           
Dövlətin şəhiddən sığorta, əlildən infrastruktur haqqı tələbi etməsi absurddur - BU NƏ DEMƏKDİR?
Milli Məclis əlillər, şəhidlər, qazilər barəsində ayrı-seçkilik edir

Milli Məclisdə büdcə müzakirələrinin “qızğın qırğın” gedir. Ən çox “qızışdırılan” mövzu- qonu populist “veteran pulu” artımı, əlil, şəhidlərə diqqət, məşğulluqla bağlıdır. Bəri başdan, başımıza gələnlərə istinadla deyək ki, ƏƏSMN-in ən diqqətcil, qayğıkeş qurumu Dövlət Məşğulluq Agentliyidir, görəvlərini layiqincə yerinə yetirirlər. İndi Agentlik neyləsin ki, göndəriş verdikləri vakant iş yerləri saxta çıxır, işverənlər saxta elanlar verib, işaxtaranlarla məzələnirlər?

Keçək dövlətin, qanunverici orqanın əlillər, şəhidlər, qazilər barəsində ayrı-seçkilik sərgiləməsi barədə qanun aktlarına.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15.3 maddəsində göstərilir:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər İSTİSNA olmaqla, əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün UYĞUNLAŞDIRILMASI ONLARIN (əlil olan şəxslərin- M. B.) VƏSAİTİ HESABINA TƏMİN EDİLİR”. Bu açıq-aşkar əlilliyi olan şəxslər barəsində dövlətin ayrı-seçkilik etdiyini ortaya qoyur. Bəs müharibə ilə əlaqədar, yaxud anadangəlmə əlilliyi olan şəxslərin “suçu” nədir ki, onlar istehsalatda yox, hərbi peşə “xəstəliyindən”, anadangəlmə sağlamlıqlarını itiriblər?

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun Qarabağ əlillərinə və şəhid ailələrinə aid olan bütün maddələri ləğv edilib, yalnız Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının, onların dul arvadlarının, uşaqlarının güzəştləri tanınır.

Ayrı-seçkiliyin dərəcəsinə baxın, şəhidin dul qalmış yoldaşına, uşaqlarına güzəşt edilmir, amma BVM iştirakçısının övladlarına gəlir vergisində güzəşt tətbiq edilir. Qanunun yalnız 11-ci maddəsi (“Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir”)

Qarabağ savaşı veteranlarına aiddir, ona da Tarif Şurası 05.07.2013 tarixli qərarla qadağa qoyub. Əmlak Məsələləri Dövlət Xidməti qanunu, Konstitusiyanı yox, tabeliyində olduğu nazirin normativ hüquqi akt olmayan qərarını daha üstün tutur.

Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001 tarixli, 613 saylı Fərmanını və “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” 597 saylı Sərəncamı icra etməli olan DSMF-in uyğun filialları, əksinə, bu aktları “ciblərinə uyğunlaşdırıblar”.

Qanunverici isə Qarabağ savaşı veteranlarını, şəhidlərin dul arvadlarının güzəştini ləğv edib, yalnız BVM iştirakçıları və onların dul arvadlarının güzəştini müavinət formasında saxlayıb.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2 maddəsinin 2-ci cümləsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ( müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, şəhid ailələrinin) tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı, təminat xərcliyi sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanırdı.

5 noyabr 2022-ci il tarixli 627-VIQD nömrəli Qanunla 29.2 maddəsi ləğv olunub. Şuşa, Qarabağ ZƏFƏRİNİN düz 2-ci ilində ŞƏHİDLƏRƏ, QAZİLƏRƏ bu “ləğvetmə diqqəti” nədən qaynaqlanıb? Heç demə, hökumət, dövlət böyük yanlışlıq edibmiş, ŞƏHİD, XİDMƏTƏ YARARSIZ QAZİ DÖVLƏTƏ SIĞORTA HAQQI ÖDƏMƏDİYİ HALDA, ONLARA BU HAQQA UYĞUN PENSİYA ÖDƏYİRMİŞ!(??) Şəhidin, qazinin hesabına BÜTÖVLÜYÜNÜ BƏRPA EDƏN DÖVLƏTİN ZƏFƏR GÜNÜNÜN 2-Cİ İLİNDƏ QAZİNİN, ŞƏHİDİN HAQQINA GİRMƏSİ, ŞƏHİDDƏN, ƏLİLDƏN SIĞORTA HAQQI TƏLƏB ETMƏSİNİN ADINI NƏ QOYAQ? Bu, ayrı-seçkilikdən də betərdir, faktiki düşmən ilgisidir. Şəhid cənnətdəki dünyasından DÖVLƏTƏ necə HAQQ ödəsin? Bunu Milli Məclis, PA, MƏHKƏMƏ HAKİMİYYƏTİ nə ilə izah edə bilər?!

Populist deputatlar da 5 ildən bir “xal yığırlar” ki, “veteran pulu” belə gəldi, əlillik təyinatı elə getdi. Elə 30 ildir Qarabağ belə, Qarabağ elə, şəhid sənin, şəhid mənim, şəhid heç kimin. Şəhid Allahındır, sığorta haqqını da dövlətə O, ödəyər…

Məğrur Bədəlsoy
Birinci qrup Qarabağ əlili













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.