Rusiyada internet KƏSİLDİ
30-11-2024, 00:06
Bu gün axşam saatlarında Rusiyada böyük internet kəsilməsi baş verib.
Tribunainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vətəndaşlar kütləvi şəkildə bir çox məşhur saytların, bank proqramlarının və internet xidmətlərinə çıxışın olmamasından şikayətlənirlər.
İstifadəçilər Yandex, Yandex Food, Alfa Bank, MTS, Burger King, Cyan, Magnit Market və digər tətbiqlərə daxil olmaq istəyərkən problemlərlə üzləşirlər. Rusiya sakinləri ya naməlum bir səhv, ya da sonsuz yükləmə ilə üzləşirlər.
Roskomnadzorun (RKN) tabeliyində olan İctimai Rabitə Şəbəkələrinin Monitorinqi və İdarəetmə Mərkəzinin (CPN SSOP) mütəxəssisləri bank xidmətləri, çatdırılma xidmətləri və telekommunikasiya operatorlarının fəaliyyətində fasilələrin yarandığını təsdiqləyib.
Roskomnadzorun mətbuat xidmətindən verilən məlumata görə, problem bulud xidmətlərindən birində texniki problemlərlə bağlı ola bilər:
“Mütəxəssislər problemin diaqnozu və aradan qaldırılması üçün çalışırlar. Yaxın vaxtlarda xidmətlərin bərpa olunacağı gözlənilir və biz vəziyyəti izləməyə davam edəcəyik və bərpa vəziyyəti barədə operativ məlumat verəcəyik”.
Hadisə nəticəsində Rusiya hava şirkətlərinin fəaliyyətində də problemlər yaranıb. Lenardo bilet bron etmə sisteminin işi dayanıb, biletlərin dəyişdirilməsi, qaytarılması, sifarişi mümkünsüz olub.
Aeroflot problemin aradan qaldırılmasına çalışıldığına dair məlumat yayıb.