İrəvanın Kremlə "Brüssel xəyanəti"nin şifrələri açıldı: - Paşinyan üç milyard dollar əvəzində "rus ruleti" oynayır

5-04-2024, 00:05           
İrəvanın Kremlə "Brüssel xəyanəti"nin şifrələri açıldı: -
ABŞ və Qərb Cənubi Qafqazda hərbi-siyasi situasiyanı son həddə qədər gərginləşdirməyə nail oldu. Ağ Ev regional sülh prosesini dəstəklədiyini vaxtaşırı bəyan etsə də, ABŞ-ın son davranışları bunun tamamilə əksini göstərir. Hər halda, hazırda ABŞ və Avropa Birliyinin ortaq Cənubi Qafqaz siyasəti məhz sülh prosesinin pozularaq, yeni savaşın stimullaşdırılmasına indeksləşib. Və bu səbəbdən də, bundan sonra regionda baş verə biləcək istənilən hərbi toqquşmaya görə Ermənistanla yanaşı, həm ABŞ, həm də Avropa Birliyi birbaşa məsuliyyət daşımalı olacaq.

Təbii ki, rəsmi Bakı ABŞ və Avropa Birliyinin Cənubi Qafqaz siyasətindən ciddi şəkildə narahatdır. Ona görə də, Azərbaycan dövləti ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək ortaq konfransa sərt şəkildə etirazını bildirdi. ABŞ və Avropa Birliyini Cənubi Qafqazda sülh prosesini poza biləcək addımlar atmaqda ittiham etdi. Və bu, rəsmi Bakının Ağ Evə Cənubi Qafqazda mövcud olan status-kvonu birtərəfli qaydada Ermənistanın xeyrinə dəyişmək cəhdlərinə imkan verilməyəcəyinin açıq mesajı da hesab oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının sərt mesajı ünvana artıq çatıb. Əks halda, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanın ortaq konfransla bağlı narahatlığını nəzərə alaraq, Prezident İlham Əliyevə telefonla zəng etmək məcburiyyətində qalmazdı. Azərbaycan lideri, Ermənistana hərbi dəstək planlarının yolverilməz olduğunu ABŞ dövlət katibinin diqqətinə çatdırdı. Və Ağ Ev ortaq konfransla bağlı bəzi məqamlara izahat gətirməli oldu.

Məsələ ondadır ki, ABŞ ortaq konfransın Azərbaycana qarşı yönəlmədiyini xüsusi olaraq, vurğulayır. Ancaq Ağ Evin bu məsələ ilə bağlı izahatlarına inanmaq və ya etibar etmək sadəlövhlük olardı. Hər halda, Ağ Evin verdiyi sözləri heç vaxt tutmadığı, yalnız ABŞ-ın maraqlarına uyğun davrandığı heç kəsə sirr deyil. Elə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin "Ortaq konfransda sülh prosesinin əsas müzakirə mövzusu olmayacağını" vurğulanması da Ağ Evin yenə müəmmalı ssenarilər üzrə hərəkət etdiyini göstərir.

Üstəlik, ABŞ-ın bu müəmmalı ssenarilərinə Avropa Birliyi də ortadadır. Avropa Birliyinin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib ki, təmsil etdiyi qurum "öldürücü olmayan silahlar"la Ermənistan ordusunun potensialını gücləndirmək əsaslı hərbi dəstək vermək niyyətindədir. Avropa Birliyinin "öldürücü olmayan silahlar" dedikdə, nəyi nəzərdə tutduğu isə anlaşılmazdır. Çünki dünyada öldürücü olmayan silah növü hələ kəşf edilməyib və bu qurum sadəcə, söz oyunu ilə məşğuldur.

Məsələ ondadır ki, Avropa Birliyinin davranışlarının arxasında məhz Fransa dayanır. Daha dəqiq desək, Avropa Birliyinin ortaq konfransda Ermənistanla bağlı üzərinə götürəcəyi öhdəliklər rəsmi Paris tərəfindən müəyyən olunur. Fransanın Ermənistandakı səfiri bunu son açıqlamasında etiraf edib. O, bildirib ki, Ermənistanın hərbi problemlərinin həlli ilə bağlı məsələləri Fransa öz üzərinə götürüb və bu proses intensiv şəkildə inkişaf edir.

Göründüyü kimi, ABŞ və Avropa Birliyi Ermənistanı hərtərəfli himayə etmək qərarı veriblər. Üstəlik, nə qədər gizlətməyə çalışsalar da, ortaq konfransın əsas müzakirə mövzuları da artıq deşifrə olunub. Diplomatik mənbələrdən sızan məlumatlara görə, Azərbaycanın da təhlükəsizlik maraqlarını təhdid edən ortaq konfrans həm də Rusiyaya qarşı yönəlib.

Ortaq konfransda müzakirə ediləcək mövzuların sırasına kiberməkanda əməkdaşlıq məsələsi də daxildir. Yəni, ABŞ-Ermənistan və Avropa Birliyi-Ermənistan kiberdialoq formatını işə salınması planlaşdırılır. Bu isə o deməkdir ki, Ermənistanın internet və İT infrastrukturu tamamilə Qərbin nəzarətinə keçmiş olacaq. Və bundan kimə qarşı, hansı məqsədlərlə istifadə olunacağını təxmin etmək o qədər də çətin deyil.

Eyni zamanda, ABŞ və Avropa Birliyi Ermənistana enerji təhlükəsizliyi sahəsində də dəstək vermək niyyətindədir. Belə ki, "Metsamor" AES-in istismarı başa çatdıqdan sonra onun ləğvi və əvəzində yenisinin tikintisinə maliyyə vəsaiti ayrılacaq. Bu vədin yerinə yetirilmə ehtimalı o qədər də inandırıcı görünmür. Böyük ehtimalla bu məsələ gündəliyə hədəf yayındırmaq məqsədilə salınıb. Və rəsmi İrəvan təxminən 10 il sonraya yönəlik bu vədin yerinə yetirilməsinə ümid bəsləməsə, daha doğru olar.

ABŞ və Avropa Birliyi Ermənistana büdcə dəstəyi göstərmək üçün maliyyə vəsaiti ayırmağa da söz verir. Əsas məqsəd isə Rusiya tərəfindən Ermənistana qarşı iqtisadi məhdudiyyətlər tətbiq edilərsə, rəsmi İrəvanın Kremlin addımların nəticələrinə tab gətirməsini təmin etməkdir. ABŞ və Avropa Birliyi indiki mərhələdə iqtisadiyyatı tamamilə Rusiyadan asılı olan Ermənistanın Kreml tərəfindən çökdürülə biləcəyindən narahatdır. Və bu, baş verərsə, Ermənistandan Rusiyaya qarşı faydalanmaq niyyətində olan Qərbin planları pozula bilər.

Hərbi əməkdaşlıq sahəsindəsə, ABŞ və Avropa Birliyi Ermənistana yeni hərbi texnologiyaların və silah sistemlərinin ötürülməsini vəd edir. Buna paralel olaraq, həm də Ermənistan ordusu üçün təlim proqramlarının sayını və birgə təlimləri artırmağı öz üzərinə götürür. ABŞ-ın Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Ermənistan ordusunun müasir hərbi texnika ilə təmin edilməsi planının razılaşdırılması gözlənilir.

Göründüyü kimi, Brüsseldə Ermənistan üçün kifayət qədər genişmiqyaslı dəstək proqramı hazırlanıb. Halbuki, bütün bunlar əvəzsiz deyil. Rəsmi İrəvan bu proqramın tətbiqinə nail olmaq üçün mütləq ABŞ və Qərbin bütün təlimatlarını və sifarişlərini yerinə yetirməlidir. Məsələnin ən çətin tərəfi də məhz bundan ibarətdir. Çünki rəsmi İrəvan ABŞ və Avropa Birliyini məmnun etmək üçün Rusiya ilə qeyri-bərabər qarşıdurmaya girməli olacaq. Əks halda, ortaq konfransın nəticələri Ermənistanın əleyhinə də çevrilə bilər.

Maraqlıdır ki, Ermənistanın hakim siyasi dairələri ortaq konfransa böyük ümidlər bağlasalar da, həm də Rusiyanın verə biləcəyi aqressiv reaksiyadan da ciddi şəkildə narahatdırlar. "Hraparak" nəşri iddia edir ki, Paşinyan hakimiyyəti ortaq konfransla bağlı ciddi sınaq qarşısında qalıb. Çünki rəsmi İrəvan artıq Rusiya və Qərb arasında kövrək balansı pozmaq barədə qərar vermək mərhələsinə yaxınlaşır. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanı auksionda satışa çıxarıb.

Baş nazir Nikol Paşinyanın yaxın ətrafı ona Ermənistan üçün böyük risk doğura biləcək addımlardan və qərarlardan çəkinməyi məsləhət görüb. Əsas qənaət ondan ibarətdir ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır və Kreml "xəyanəti" bağışlamaz. Və nəticələri tam dəqiqliyi ilə hesablanmamış Qərbə inteqrasiya cəhdləri Ermənistana nəinki Zəngəzur dəhlizi, hətta ümumiyyətlə, Sünikin (Zəngəzur) itirilməsi bahasına başa gələ bilər.

Ermənistanın hakim siyasi dairələri ortaq konfransda baş nazir Nikol Paşinyanın ABŞ və Avropa Birliyindən hər il Ermənistan büdcəsinə 3-5 milyard dollarlıq maliyyə vəsaiti ayrılmasına yönəlik təminat qoparmasını vacib satırlar. Onların fikrincə, yalnız belə ciddi məbləğ təxminən 8-10 il ərzində davamlı olaraq, Qərb tərəfindən ayrılarsa, Ermənistan iqtisadiyyatını Rusiyanın asılılığından çıxartmaq mümkün ola bilər. Yəni, Paşinyan hakimiyyəti Ermənistanın Rusiyaya xəyanətini hesablayıb və yeni "sahibkara" satış qiymətini ən azı illik 3 milyard dollar olaraq, müəyyən edib.

Ancaq Paşinyan hakimiyyəti daxilində olan mənbənin dediyinə görə, Qərbdə Ermənistanın dəyərinin rəsmi İrəvanın müəyyənləşdirdiyi rəqəmdən qat-qat ucuz hesab edirlər. Belə ki, baş nazir Nikol Paşinyanın üstüörtülü şəkildə Avropa Birliyi ən yaxşı halda, illik bir milyard dollar ayırmağa razılaşa bilər. Bundan artığına ümid bəsləmək mümkün deyil. Və bu səbəbdən də, Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri cəmisi bir milyard dollar əvəzində Rusiyaya tam xəyanət qərarı olduqca təhlükəlidir.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan ortaq konfransa əslində, "rus ruleti" oynamağa gedəcək. Yəni, Brüsseldə planlaşdırılan "üç meymun" tamaşası Ermənistan üçün böyük risk daşıyır. Əgər, ABŞ və Avropa Birliyi Ermənistanı Rusiyadan birmənalı şəkildə qoparmağa yönəlik prosesə rəsmən start verə bilərsə, bu, Kremlin açıq qəzəbinə səbəb ola bilər. Və Rusiyanın hansı radikal addımlarla Ermənistanın Brüssel xəyanətinə cavab verəcəyi isə hələlik müəmmalı xarakter daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.