İsrail Hizbullahla atəşkəsin pozulduğunu bildirərək, Livanın cənubuna atəş açıb
Bu gün, 09:34
İsrail tankları cümə axşamı Livanın cənubunda altı əraziyə atəş açıb. İsrail ordusu bildirib ki, Hizbullahla atəşkəs pozulub, belə ki, bəziləri maşında olan şübhəli şəxslər cənub zonadakı bir neçə əraziyə daxil olub.
İsraillə livanlı silahlı qrup Hizbullah arasında atəşkəs çərşənbə günü qüvvəyə minib. ABŞ və Fransanın vasitəçilik etdiyi razılığın məqsədi hər iki ölkədə insanlara 14 ay davam edən döyüşlər nəticəsində sərhəd ərazilərdə dağılan evlərinə geri qayıtmağa imkan vermək idi.
İsrail ordusu sərhəd zolağındakı şəhərlərin sakinlərini öz təhlükəsizlikləri üçün hələ ki, evlərinə qayıtmamağa çağırıb.
Dövlət mediası və Livanın təhlükəsizlik qüvvələrindəki mənbələr bildirib ki, cümə axşamı günü səhər saatlarına İsrail ordusu həmin sərhəd zolağında altı əraziyə atəş açıb.
Markaba, Vazzani və Kfarçuba, Xiyam, Taybe və Mərcayun ətrafındakı əkinçilik düzənlikləri vurulub ki, onların hamısı Livanla İsrail arasındakı sərhədi demarkasiya edən Mavi Xəttin iki kilometr yaxınlığında yerləşir. Təhlükəsizlik mənbələrindən biri bildirib ki, Markabada iki nəfər yaralanıb.
Cənub sərhəddə evlərindən didərgin düşən livanlı ailələr mal-mülklərini yoxlamaq üçün ora qayıtmağa çalışıblar. Ancaq İsrail ordusu Livan ərazisində sərhədyanı şəhərlərdə qalmağa davam edib və Reuters müxbirləri Livanın cənubundakı bəzi ərazilər üzərində nəzarət dronlarının uçduğunu eşidib.
Nə Hizbullah, nə də İsrail tank atəşi ilə bağlı hələ şərh verməyib. Tərəflər Qəzzada gedən müharibə ilə parallel olaraq bir ildən çoxdur döyüşür.
Münaqişələrin tüğyan etdiyi bölgədə nadir diplomatik uğur olaraq görülən bu razılaşma İsraillə İranın dəstəklədiyi silahlı qruplaşma arasında son illərdəki ən ölümcül qarşıdurmaya son qoydu. Ancaq İsrail hələ də Qəzza zolağında başqa bir əzəli düşməni olan fələstinin HƏMAS silahlı qruplaşması ilə mübarizə aparır.
HƏMAS və Hizbullah Birləşmiş Ştatlar, Birləşmiş Krallıq və başqa Qərb ölkələri tərəfindən terror qruplaşmaları kimi tanınıb.
Atəşkəsin şərtlərinə əsasən, İsrail qüvvələri Livanın cənubundan 60 gün müddətində geri çəkilməlidir, amma heç bir tərəf hücum əməliyyatı başlada bilməz. İsrail Baş naziri Benyamin Netanyahu deyib ki, o, orduya sakinlərin sərhəd yaxınlığındakı kəndlərə qayıtmalarına icazə verməməyə göstəriş verib.
Livan parlamentinin spikeri və Livan razılığa vasitəçilik edərkən Livanı təmsil edən Nəbir Berri çərşənbə günü deyib ki, sakinlər evlərinə geri dönə bilər.
Hizbullah bildirib ki, döyüşçüləri “israilli düşməninin təşəbbüsləri və hücumları ilə mübarizə aparmaq üçün tam təchizatlı olaraq qalırlar”. Onun qüvvələri İsrailin Livandan çıxmasına “əlləri tətikdə” nəzarət edəcək.
Qrup verdiyi itkilər, lideri Səid Həsən Nəsrallah və başqa komandirlərinin İsrail tərəfindən öldürülməsi nəticəsində zəifləyib.