Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirib

29-11-2024, 09:14           
Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirib
Rusiya pilotsuz təyyarələri və raketləri cümə axşamı Ukraynanın enerji infrastrukturunu vuraraq, ölkə daxilində 1 milyondan çox insanın elektrik enerjisini kəsib. Bu barədə Ukrayna rəsmiləri məlumat veriblər.

“Hazırda Lviv vilayətində 523 min abonent işıqsız qalıb”, - region rəhbəri Maksim Kozitski sosial şəbəkədə bildirib. Ölkənin qərb hissəsində yerləşən bu bölgə Polşa ilə həmsərhəddir.

Lviv vilayətinin şimalında, Volın bölgəsində 215 min, qonşu Rivne bölgəsində isə 280 min istehlakçının elektrik enerjisi kəsilib. Bu barədə Rivne vilayətinin qubernatoru Aleksandr Koval bildirib.

“Enerji infrastrukturu növbəti dəfə düşmənin kütləvi zərbəsinə məruz qalıb”, - Ukraynanın energetika naziri German Qaluşenko Facebook sosial şəbəkəsində yazıb.

Qaluşenko bildirib ki, milli elektrik şəbəkəsi operatoru olan “Ukrenergo” hücumlar zamanı fövqəladə hal kimi elektrik enerjisini kəsməyə başlayıb.

Rəsmilər Reuters-ə bildiriblər ki, hücumlar zamanı bir neçə nüvə enerji bloku şəbəkədən ayrılıb.

Özəl elektrik şirkəti DTEK məlumat verib ki, elektrik kəsilməsi Kyiv, Odesa, Dnipropetrovsk və Donetsk vilayətlərinə təsir edib.

Bəzi bölgə rəsmiləri hava hücumlarının su xidmətinə də təsir etdiyini bildirib.

Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak Telegram-da yazıb ki, Rusiya Ukrayna infrastrukturuna zərbələr endirmək və soyuq mövsümdə mülki əhaliyə qarşı müharibə aparmaq üçün raketlər yığıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru