Azərbaycanın 20 min kvadrat kilometr ərazisi hələ də işğal altındadır - PAŞİNYANIN HAQLI NARAHATLIĞI...
8-04-2024, 10:40
Ermənistanın Baş nazirinin tez-tez səsləndirdiyi bəyanatlardan biri regionda Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi risklər yarandığı barədədir. O, bildirir ki, İrəvanın əsas strategiyası ölkənin mövcud 29.8 min kvdrat kilometr ərazisi daxilində suverenliyinin qorunmasıdır. Paşinyan Qarabağ mövzusunda separatçı rejimin tör-töküntülərinin fəallaşmasının Ermənistanın təhlükəsizliyinə ciddi təhdid yaratdığını deyir.
İlk baxışdan Baş nazirin bu bəyanatları normal görünə bilər, Azərbaycan mediası da onun bu qəbildən olan fikirlərini tirajlayır. Mahiyyətə varanda Paşinyanın bu əndişəsinin səbəbsiz olmadığı məlum olur.
Əvvəla, 1991-ci ildə hər iki ölkə müstəqillik əldə etdikdən sonra sərhədlərini delimitasiya və demarkasiya etməyib. Çünki Ermənistan bundan 3 il əvvəldən yüzminlərlə azərbaycanlını tarixi torpaqlarından deportasiyasını həyata keçirib, daha sonra silahlı dəstələr yaradaraq, Qarabağın işğalına başlayıb. İrəvan keçmiş SSRİ-i daxilində mövcud olmuş sərhədlərin müstəqillik əldə etdikdən sonra respublikaların dövlət sərhədlərinə çevrilməsini əks etdirən Alma-Ata Bəyannaməsinə 10-a yaxın əlavələr etməklə imzalayıb. Belə ki, keçmiş "dağlıq Qarabağ"ın Ermənistan Respublikasının ərazisi olduğu iddia edilib və nəticədə sözügedən bəyannamənin prinsiplərini pozub.
İndi Paşinyan müxtəlif tribunlarda, iki gün əvvəl isə Brüsseldə bəyan edib ki, sərhədlərin müəyyənləşməsində Alma-Ata prinsiplərini dəstəkləyir, amma İrəvanın 33 il əvvəl sənədə etdiyi düzəlişləri unudur.
Azərbaycan ümumlikdə bu bəyannaməni qəbul etsə də, haqlı olaraq Ermənistanın əlavə etdiyi qeyd-şərtlərə görə Paşinyanın bəyanatlarını qeyri-ciddi hesab edir. Çünki Ermənistan hakimiyyəti 33 il əvvəlki bədnam düzəlişdən hələ də rəsmən imtina etməyib.
İkincisi, Azərbaycan, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktında və Konstitusiyada 1918-ci ildə bərqərar olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Ölkə 1920-ci il aprelin 28-də bolşevik Rusiyası tərəfindən işğal edilib, bundan 6 ay sonra Ermənistan sovetləşdirilib. Həmin dövrdə Azərbaycan 113.9 min kvadrat kilometr, Ermənistan isə 9.8 min kvadrat kilometr əraziyə malik olub. Azərbaycanı ilhaq edən rus qoşunları irəliləyərək Ermənistanla sərhəddə dayanıb və həmin bu nöqtələr Azərbaycan Respublikasının qanuni sərhədləridir.
Konstitusiya Aktının praembulasında yazılır: “1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu”.
Sənədin Ümumi Müddəlar bölməsində qeyd olunan 4 maddədə qeyd olunur:
Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.
Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.
Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.
Keçmiş SSR İttifaqının tərkibinə daxil olmuş suveren dövlətlər ilə qarşılıqlı münasibətlərin ortaya çıxan bütün məsələləri müqavilələr və sazişlər əsasında nizama salınmalıdır.
Maddə 4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası elan edilənə qədər qüvvədə olmuş, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilməmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.
Beləliklə, Azərbaycan müstəqillik bəyanatında SSRİ dövründə çəkilmiş sərhədləri tanımır, bu dövrdə Ermənistana pay verilən qorpaqları özünün qanuni əraziləri hesab edir. Məsələ burasındadır ki, İttifaq dağıldığı ərəfədə və ondan sonra iki ölkə arasında bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması ilə bağlı sənəd, bəyanat mövcud deyil. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddiaları sürüb, işğala başlayıb və bu fəaliyyətləri Müstəqillik Aktına, Konstitusiyaya yazaraq “qanuniləşdirib”.
Nikol Paşinyanın “Ermənistanın “kupçası” yoxdur, Qarabağ mövzusu bizim müstəqilliyimizə və suverenliyimizə təhlükədir” bəyanatları buradan qaynaqlanır.
Azərbaycanın sovet dövründə Ermənistana qanunsuz olaraq verilmiş 20 min kvadrat kilometr əraziləsinin qaytarılmasını tələb etməsi üçün tarixi faktlar, hüquqi, siyasi şərtlər var. Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti ona bu əraziləri “qanuniləşdirməyə” imkan verməyib. 44 günlük müharibədəki məğlubiyyətlə regionda vəziyyət kökündən dəyişib və beləliklə, Ermənistan indi 30 il ərzində törətdiyi cinayətlərinin əsirinə çevrilib.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında da sərhədlərin 30 faizi delimitasiya olunmayıb, mübahisə var, çünki sovet dövründə 20 min hektardan çox Azərbaycan torpaqları bu ölkəyə verilib. Amma hər iki ölkə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır, mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışır.
Ermənistan isə işğalçılıq siyasətinə görə bu imkandan məhrumdur, Azərbaycanın qələbə əldə etdikdən sonra heç nə olmamış kimi sovet xəritələri əsasında sərhədləri müəyyənləşdirməsi hədsiz böyük güzəşt olardı. Bu mərhələdə ən azı Zəngəzur dəhlizinin tamamilə maneəsiz olaraq Azərbaycanın istifadəsinə verilməsi tarixi ədalətin qismən bərpasıdır, bunu isə nə erməni cəmiyyəti, nə də onun rəhbərliyi anlamaq istəmir. Qərb ölkələri ilə ittifaqa girib mövcud status-kvonu saxlamağa, güclənməyə və yenidən işğal dövründəki siyasətə qayıtmağa çalışır.
Sovet hakimiyyətinin Azərbaycan xalqının razılığı olmadan, qanunsuz olaraq Ermənistana peşkəş elədiyi 20 min kvadrat kilomet əraziyə gəlincə, Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş Zəngəzur qəzasında ümumilikdə 6742,92 kvadrat kilometr ərazinin yarıdan çoxu, eləcə də 405 min desyatin torpaq Ermənistana verilib.
- 1927-ci ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Mehri-Cəbrayıl qəzasının 24 kəndi və Aşağı Zəngəzurda 1065 desyatin torpaq, 1929-cu ildə isə daha 13 min hektar Azərbaycan ərazisi - Nüvədi, Tuqut və Yernəzir kəndləri kimi, o cümlədən Naxçıvan qəzasının 9 kəndi, Qaymaqlı ilə Kürümüzlü arasındakı bölgə (228,9 desyatin) Ermənistana verilib.
Həmin fərmanla Ordubad qəzasının Qurdqulaq, Horadiz, Xaçık, Ağbin, Ağxaç, Almalı, Dağalmalı, İtqıran, Sultanbəy, Qorçevan kəndləri və Kilid torpaqlarının bir hissəsi Ermənistan SSR-ə verilib.
- 1930-cu ildə Naxçıvan MSSR-in və Azərbaycan SSR-in Cəbrayıl rayonunun əraziləri hesabına Meğri rayonunun yaradılması Naxçıvanı Azərbaycanın qalan hissəsindən ayırdı. Nəticədə, 1933-cü il yanvarın 1-nə olan məlumata görə, Naxçıvan MSSR-in ümumi sahəsi 5329,6 kvadratkilometrə qədər azalıb.
- 1922-ci il oktyabrın 22-də Azərbaycan SSR-in Qazax rayonundan 379.984 hektar torpaq (4141,82 kv.km) Ermənistan SSR-ə verilib.
- Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR Qazax qəzasının Şınıx-Ayrım rayonunun 4000 desyatinlik sahəsi Ermənistan SSR-in Dilican rayonunun tərkibinə verilib.
- 1938-ci ildə Sədərək və Kərki kəndlərinin bir hissəsi, 1969-cu ildə Laçın rayonunun Qaragəlin yay otlaqları, Qubadlı rayonunun Çayzəmi ərazisi, Qazax rayonunun Kəmərli ərazisi, Kəlbəcər rayonundakı Zod qızıl yataqları olan ərazilərin bir hissəsi Ermənistana verilib.
- 1982-ci ildə İncədərə yaylağı, Qazax rayonunun Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin torpaqlarının bir hissəsi, 1986-cı ildə Qazax rayonunda 2500 hektar otlaq sahəsi, 1988-ci ildə Noyemberyandan Meğriyə qədər bütün sərhəd boyu 14551 hektar torpaq Ermənistana verilib.
Hazırda Azərbaycanın geri qaytarılmasnı tələb etdiyi səkkiz yaşayış məntəqəsinə gəlincə:
1990-cı ilin yanvarında Naxçıvan Muxtar Respublikası yaxınlığındakı Azərbaycan anklavı olan Kərki kəndi Ermənistan tərəfindən işğal olundu. Daha sonra Ermənistandakı digər Azərbaycan anklavları – Yuxarı Əskipara (8 iyun 1992-ci il) və Barxudarlı (27 aprel 1992-ci il) işğal edilib. Bundan başqa, Ermənistan Azərbaycanın Qazax rayonunun Aşağı-Əskipara (14 iyun 1992-ci il), Qızılhacılı (11 may 1992-ci il), Xeyrimli (8 mart 1992-ci il), Sofulu (27 aprel 1992-ci il) və Bağanis Ayrım (24 mart 1990-cı il) kəndlərini də işğal edib.
Faktlardan da görünür ki, Azərbaycanın Cümhuriyyət dövründə mövcud olmuş ərazilərinin altıda birindən çoxu tamamilə qanunsuz olaraq Ermənistana pay verilərək onun əraziləri 9.8 min kvadrtat kilometrdən 29.8 min kvadrat kilometrə qədər, yəni 3 dəfə böyüdülüb.
Bu gün Qarabağın və ətraf rayonların işğaldan azad olunması tarixi ədalətin, Azərbaycanın qanuni haqlarının tam olaraq bərpası demək deyil. Çünki bu münaqişəyə 30-35 ilin problemi kimi yanaşaraq, 1991-ci il sərhədləri daxilində onu həll etmək ədalətsizlikdir. Sovet rejimi ölkə ərazilərini Ermənistana peşkəş etməklə Naxçıvanı dövlətin əsas ərazilərindən ayrı salıb.
Bu mərhəldə Bakının bu bölgəyə öz tarixi torpaqlarından maneəsiz gediş-gəliş əldə etməsi onun tam qanuni, suveren haqqıdır. Rəsmi Bakının hazırda yürütdüyü siyasətə bu kontekstdən baxmaq lazımdır...
E.Rüstəmli
“AzPolitika.info”