"Mən indi Azad Şuşada kompüter qarşısında əyləşib Tənzilə xanıma ad günü münasibətilə təbrik yazmaq istəyərkən" - Tənzilə Rüstəmxanlının ad gününə ittihaf -
Bu gün, 16:37
Facebookun xəbər lentinə baxanda, bu gün Tenzile Rüstemhanlı Tenzile Rüstemxanlı xanımın ad günü olduğu xəbərini də gördüm və yadıma bir əhvalat düşdü.
2008-ci ilin sonlarında “Xocalı – vəhşi əsrin vəhşi əsəri” adlı kitab yazmışdım. Azərbaycanda fəaliyyət göstərən heç bir nəşriyyat kitabı pulsuz çap etməyə razı olmamışdı. Yalnız “Qanun” nəşriyyatı digər bütün nəşriyyatlara nisbətən aşağı, o zaman özlərinin dediyi kimi, güzəştli qiymət demişdi və mən də həmin qiymətə razılaşaraq kitabı “Qanun”a vermişdim.
Ancaq fevral ayı – Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşsa da, ölkədə kitabın çapına maddi yardım məqsədilə müraciət etdiyim yüzdən çox ünvanın ikisi istisna olmaqla heç birindən müsbət cavab gəlməmişdi.
Müsbət cavab verən birinci ünvan – deputat Asim Mollazadə kitabın çapı üçün nəşriyyatın dediyi məbləğin təxminən dörddə birini ödəyərək şərt irəli sürmüşdü ki, kitabın titul səhifəsində onun deyil, rəhbərlik etdiyi partiyanın adı göstyəriləcək və kitabdan da 150 nüsxə ona veriləcək. Razılaşmışdım. Elə buradaca qeyd edim ki, kitab Xocalı soyqırımının 17-ci ildönümünə bir neçə gün qalmış çapdan çıxdı. Mən də vədimə əməl edərək kitabdan 150 nüsxə Asim bəyə verdim. Parlamentin Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş yığıncağına televizorda paxarkən gördüm ki, hər deputatın qarşısında həmin kitabdan bir nüsxə qoyulub. Başa düşdüm ki, Asim Mollazadə 150 nüsxəni buna görə istəyirmiş. Sonralar öyrəndim ki, qalan 25 nüsxəni də partiyanın rəhbərliyinə və fəallarına paylayıb.
Maddi dəstək göstərməyə razılıq verən isə 1988-ci ildən şəxsən tanıdığım və dostluq etdiyim Aqil Abbas idi. O, mənim xahişimi eşidəndə dərhal əlini cibinə salıb kitabın çapına – nəşriyyat xərcinə lazım olan məbləğin təxminən onda biri qədər pul çıxardaraq mənə verdi və dedi ki, adımı da kitaba yazmağa ehtiyac yoxdur. Əvvəla, biz dostuq və mən bu pulu sənə verirəm, təmənnasız. İkincisi də, Xocalıya aid kitab yazdığına, hələ kitabın çapına qədər nə qədər əziyyət və xərc çəkdiyinə görə bu məbləğ heç nədir. Ancaq mən kitabın titul səhifəsində özündən xəbərsiz onun da adını yazdım, çünki o pulu Aqil müəllimdən məhz həmin kitaba görə almışdım.
Kitabın ərsəyə gəlməsi üçün lazım olan məbləğin təxminən 50 faizini də özüm ödədim. Beləliklə, həmin məbləğin təxminən dörddə birindən bir qədər az hissəsi qaldı. Mən də kitabı nəşriyyatdan götürəndə yenə də təxminən elə o qədərini orada saxladım və söz verdim ki, tezliklə vəsait tapıb gəlib qalanını da götürəcəm.
Üstündən müəyyən bir müddət keçəndən sonra Bakıda Xocalıya həsr olunmuş bi tədbirdə iştirak edirdim. Özümlə 10 nüsxə həmin kitabdan da tədbirə aparmış və şəxsən tanıdığım ölkəmizdə tanınmış dostlarıma hədiyyə etmişdim. Ancaq etiraf edim ki, Tənzilə xanımın həmin anlarda orada olduğunu bilmirdim, onu hələ görməmişdim.
Çıxış etmək növbəsi mənə çatanda, əsas mövzu ilə yanaşı əlimdə tutduğum kitab barədə də məlumat verdim və gileyləndim ki, Xocalı barədə yazdığım kitabın çapından ötrü yüzdən çox ünvana müraciət elədim, yalnız Aqil Abbasla Asim Mollazadə müsbət reaksiya verdi. Qeyd elədim ki, özü də mən təkcə nəşriyyatın pulunu ödəmək üçün müraciət edirdim, qalan bütün vəsaiti özüm ödəmişəm. Ancaq kitabın müəyyən bir hissəsi hələ nəşriyyatda qalıb. Təkcə onu deyim ki, xocalılarla görüşmək üçün Bakıda müxtəlif yaşayış məntəqələri ilə yanaşı bir neçə rayona da getmişəm və s.
Çıxışımı qurtarıb yerimdə oturandan az sonra bir cavan oğlan mənə yaxınlaşdı və xahiş etdi ki, kitabı 10 dəqiqəlik ona verim, baxmaq istəyir. Dedim ki, 10 dəqiqə niyə bunu da elə sizə bağışlayıram. Oğlan təşəkkür elədi və getdi. Daha hara getdiyinə, kimə yaxınlaşdığına fikir vermədim və başım qarışdı yanımdakı şəxslə söhbətə.
Tədbirin axırına az qalmış bir də gördüm ki, qarşımda əllərində kitab bağlamaları olan iki nəfər dayanıb, biri həmin bayaq kitab bağışladığım oğlandır. Heyrətlə, təəccüblə ayağa qalxanda oğlan əlini salonun bir tərəfinə uzadaraq dedi:
– Kitabınızı nəşriyyatdan Tənzilə xanımın göstərişilə alıb gətirdik. Hesab edin ki, nəşriyyata daha borcunuz qalmayıb.
Açığını deyim ki, çox mütəssir oldum, təşəkkür etməyə söz tapmasam da Tənzilə xanıma yaxınlaşıb əlini sıxdım və hər halda necəsə minnətdarlıq elədim. O isə gülə-gülə dedi ki, əsas minnətdarlıq sizə düşür ki, siz bu boyda əziyyət çəkmisiniz, heç bir təmənna ummadan belə bir kitab yazmışınız. Əgər əvvəlcədən bizə müraciət etsəydiniz, kitabın bütün xərcini biz ödəyərdik.
Sonra bağlamanın birini açdım və qoydum masanın üstünə və tədbir iştirakçılarına dedim ki, arzulayanlar kitabdan götürə bilər, ancaq bu dəfə Tənzilə Rüstəmxanlının hədiyyəsi kimi.
Mən indi Azad Şuşada kompüter qarşısında əyləşib Tənzilə xanıma ad günü münasibətilə təbrik yazmaq istəyərkən bu hadisə yadıma düşdü və düşündüm ki, onun bu xeyirxahlığını da qeyd etsəm çox ədalətli olar.
Əziz Tənzilə xanım, sizi ad gününüz münasibətilə təbrik edirəm! Möhkəm can sağlığı, uzun ömür, həyatda xoşbəxtlik arzulayıram.
Gec də olsa 2009-cu ildə etdiyiniz bu hörmətə görə bir daha ictimai şəkildə təşəkkür edirəm.
Kərim Kərimli
TEREF