İLK KOMEDİYAMIZIN YARANMASINA VƏSİLƏ

28-11-2024, 16:14           
İLK  KOMEDİYAMIZIN  YARANMASINA  VƏSİLƏ
Hə, söhbət “Hekayəti Molla İbrahimxəlil kimyagər”in meydana çıxmasından gedəcək. Amma biz yeni bir Amerika açmayacaq, məlum məsələlərə öz münasibətimizi söyləyəcəyik.
1850-ci ildə yazılmış bu əsər yazıcı-dramaturq, filosof, içtimai xadim Mirzə Fətəli Axundzadənin ilk komediyasıdır. Həm də ədəbiyyat tariximizdə bir ilkdir. Məhz bu komediya ilə Azərbaycan dramaturgiyasının əsası qoyulmuşdur.
M.F.Axundzadə komediyada o zaman baş verən, cəmiyyətdə hökm sürən çatışmazlıqları, tamahkarlıq, hiyləgərlik, şeirə, sənətə qiymət verilməməsi, xalqa, vətənə laqeyd münasibətlərdən söhbət acır, cəhaləti tənqid edir. Əsərdə həmçinin “misi gümüşə çevirən”, saxta yolla varlanmaq, pul qazanmaq üçün hiyləyə əl atan yalancı kimyagərlərin fırıldaqları da ifşa olunur.
Qeyd edək ki, kimyagərlik, o cümlədən yalancı kimyagərlərin iksirdən istifadə etməklə misi gümüşə çevirmək motivi həm xalq yaradıcılığında, həm də şərq, o cümlədən Azzərbaycan və dünya ədəbiyyatında işlənən mövzulardan biridir. Məsələn, XII əsrdə kimyəvi elementlərin, o cümlədən misin, gümüşün xassələrinə aid məlumatlardan istifadə etməklə misilsiz poetik bənzətmələr yaradan dahi N.Gəncəvi özünün “İskəndərnamə” poemasındakı bir epizodda, XVIII əsr fransız maarifçilərindən olan Alen Rene Lesaj “Çolaq şeytan” əsərində misi gümüşə çevirmək üçün iksir axtaran kimyagərlərin dələduzluğunu və saxtakarlığını ifşa etmişdilər. XVII əsr ingilis yazıcısı Ben Conson və XX əsr Braziliya yazıcı Paulo Koelyonun “Kimyagər” əsərləri də oxuculara yaxşı məlumdur. Bu arada “həyat daşı” (“fəlsəfə daşı) haqqında məlum əfsanəni də xatırlatmaq istərdik. Həmin əfsanəyə görə, guya elə bir daş (maddə) varmış ki, onu başqa metallara vuranda qızıla, gümüşə çevrilirmiş. Bu, əlkimyagərlərin – fırıldaqçı və dələduzların meydana çıxmasına səbəb olmuşdu.
Tədqiqtçılar həmin motiv və mövzunun bədii ənənələr vasitəsilə yaşarlıq qazandığını söyləyirlər.
“Hekayəti Molla İbrahimxəlil kimyagər” də bunun bariz nümunələrindən sayıla bilər. Bəs bu komediyanın meydana çıxmasında konkret olaraq hansı yazıcının hansı əsəri, hansı rəvayət və ya hadisə tutarqa, vəsilə olub? Bu barədə bir-birindən maraqlı müxtəlif fikirlər vardır.
Bəzi tədqiqatçılar ilk komediyamızın yazılmasında Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin həmin mövzudakı əsərlərini “dayaq nöqtəsi” hesab edirlər.
Mərhum şair Q.Qasımzadə vaxtıyla qələmə aldığı “Zirək Xorasanlı”nın bədii səyahəti” adlı yazısında komediyanın mövzusunun dahi N.Gəncəvinin “İskəndərnamə” (“İqbalnamə”də) poemasındakı bir epizoddan (“Qibtli Mariyənin hekayəsi və onun kimyagərliyi”) götürüldüyünü iddia edir.
Hər iki əsərdəki hadisələrin oxşarlığı, bəzi obrazların paralelliyi (Qitbli Mariyə və Hacı Nuru) göz önündədir. Üstəlik N.Gəncəvini çox yüksək qiymətləndirən, “Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm...Nizaminin “Xəmsəsi”…kimi nəşə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir”, – deyən M.F.Axundzadə, əlbəttə, “Xəmsə”yə dərindən bələd olub. Çox böyük ehtimalla “İskəndərnamə” poemasındakı həmin epizoddan da xəbərdar idi. Yəni mövzu ona məlum olub.
Q.Qasımzadədən fərqli olaraq bəzi tədqiqatçılar isə komediyanın Qoqolun məşhur “Müfəttiş” əsərinin təsiri ilə meydana çıxdığını söyləyirlər. Akademik M.Kazımoğlu qeyd edir ki, “Danmaq olmaz ki, “Ölülər”dən xeyli qabaq “Molla İbrahimxəlil kimyagər” komediyasının ortaya çıxmasında “Müfəttiş” öz müsbət və işıqlı rolunu oynayıb”. Tədqiqatçı L.Məmmədova da “Mirzə Fətəli Axundzadə və müasirlik” adlı avtoreferantında bu barədə yazır ki, “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının süjeti, orada qoyulan ictimai-siyasi məsələlər Qoqolun “Müfəttiş” komediyasındakı hadisələrlə yaxından səsləşir”. Yazar T.Vahid “Mədəniyyət” qəzetində çap etdirdiyi “Azad düşünsənin ilk mehi və ya uzun yolun başlanğıcı” adlı məqaləsində dolayısı ilə bu fikri təsdiq edərək qeyd edir ki, “XIX əsrin birinci yarısında Rusiyada tənqidi realizmin əsasını qoymuş Qoqolun yaradıcılığı bir çox yazıçılar kimi Axundzadənin də diqqətini çəkmişdi. O, rus realizm ənənələrini Azərbaycanın yerli şəraitinə uyğun şəkildə ədəbiyyata tətbiq etmişdi”.
Görkəmli yazıcımız Ə.Haqverdiyev isə “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının Molyerin “Tartüf” əsərinin təsiri altında yazıldığını vurğulamışdır. (Bəzi araşdırıcılar “Mizantrop” pyesinin də adını çəkirlər.)
Tədqiqatçıların bir başqa qrupu “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasında hadisələrin real həyatdan götürüldüyünü, tiplərin uydurma olmadığını söyləyirlər. Ə.Haqverdiyev, R.Əfəndiyev və Axundzadəşünas N.Məmmədovun qeydlərində Molla İbrahimxəlildən real şəxs kimi bəhs olunur.
Yazıçı Ə.Haqverdiyev M.F.Axundzadənin komediyalarındakı surətlərin həqiqətən də real həyatda yaşamış insanlar olduğu barədə yazır: “Mən deməliyəm ki, Axundzadə komediyalarındakı tiplər uydurulmamışdır, bilavasitə həyatdan götürülmüşdür. Komediyalarda verilən şəxslər, həqiqətən həyatda yaşamışdır. Hacı Qaranın nəvələri indi də Ağdam qəzasının Ağcabədi kəndində yaşayırlar. Molla İbrahimxəlil kimyagərin nəvəsi ilə mən özüm Tiflisdə tanış olmuşam. O, orada həvəskar artist idi. Hələ Axundov anadan olmamışdan əvvəl vəfat edən Vaqifin şeirlərində, Müsyö Jordan və Hatəmxanağa haqqında işarələr vardır. Lakin onlardan həqiqi, ölməz surətlər yaratmaq üçün Axundov istedadı lazım idi”. (Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1971, s. 396.)
Görkəmli maarifçi, 1890-1892-ci illərdə Vartaşen (indiki Oğuz) rayonundakı Xaçmaz kənd məktəbində müəllim işləmiş R.Əfəndiyev 1928-ci ildə yazdığı və Mirzə Fətəli Axundzadəyə həsr etdiyi "Mirzə Fətəli haqqında bildiklərim və eşitdiklərim" adlı xatirəsində göstərir ki, Molla İbrahimxəlil tarixi şəxsiyyətdir. Həmin xatirədə oxuyuruq: “Çar höküməti Zaqafqaziyanı istila etdiyi zaman Nuxa qəzasında Molla Ibrahimxəlil adlı bir aferist zərgər kimya xülyasına qapılaraq yalnız avam xalqı deyil, çar hökümətinin yerli işçilərini də aldatmağa müvəffəq olmuşdur. Molla Ibrahimxəlil bir qədər gümüşü qumlu torpağa qatıb sərdar dəftərxanasına gətirir. Bir ərizə ilə Sərdara müraciət edərək, Xaçmaz dağlarında gümüş mədəni tapdığını bildirib, haman mədəni işlətməyə icazə istəyir və hökümətdən maddi yardım tələb edir. Sərdar Molla Ibrahimxəlilin gətirdiyi qarışıq torpağı müayinə üçün Peterburqa göndərir. Müayinə nəticəsində torpağın içərisində əlli faiz gümüş olduğunu aydınlaşdırdıqdan sonra haman mədəni işlətmək üçün hökümət Molla Ibrahimxəlilə icazə və dörd min manat da para verir. Molla Ibrahimxəlil icazə aldıqdan sonra gedib bir müddət Xaçmaz dağlarında çadır qurub oturur. Hər tərəfdən pullu tacirlər, bəylər çoxlu pullar ilə bunun yanına gəlirdilər. Molla Ibrahim isə yanına saçlı-paçaqlı bir dərviş alıb, iksir ilə torpağı gümüşə döndərmək haqqında mövhumatlar yayıb xalqın başını qarışdırırdı. Beləliklə, az bir zaman içərisində Molla Ibrahimxəlil çox para yığdı. Mirzə Fətəli “Kimyagər” komediyasında Molla Ibrahimxəlilin xalqı və hökümət adamlarını aldatmasını çox gözəl bir surətdə göstərmişdir. Senzor hökümət qulluqçularının aldadılması qismini nəşr etməyə icazə verməyərək əsərin içərisindən silmiş olduğundan əsər bir qədər cansız çıxmışdır. Yoxsa Mirzə Fətəlinin bu əsərdə yazıçılıq qüdrəti daha artıq görünə bilərdi.”
Digər bir mənbədə - 1850-ci ildə “Kafkaz” qəzetinin 39,41,42,43 saylarında həmin faktın dəqiqliyi – Molla Ibrahimxəlilin real şəxsiyyət olması haqqında məqalə dərc olunmuşdur. Qəzetdə yazılmışdı: “Gəldək və Daşazılı kəndləri keçmiş Şamaxı əyalətində, indiki Nuxa qəzasındadır. Bu qəzanın Artyanit kəndinin sakini Ibrahimxəlil Abdulla Rəhim oğlu Gürcüstan Ali Baş Komandanlığına xəbər verir ki, o adları çəkilən kəndlərin yaxınlığındakı dağlarda gümüş mədəni tapmışdır. Bu barədə dağ ekspedisiyasına məlumat verilmiş, lakin işdən görünür ki, həmin mədənin tədqiqi sahəsində ekspedisiya o zaman heç bir tədbir görməmişdir, mədənin sonralar da bir kəs tərəfindən tədqiq olunması barədə burada heç bir məlumat yoxdur.” (Ə.Mikayılova: “Onomastik vahidlərin üslubi imkanları”, «Mеmar Nəşriyyat–Poliqrafiya» MMC, Bakı, 2008. Səh: 86-87)
Yuxarıda da qeyd etdiyimiz kimi, Axundzadəşünas N.Məmmədov da Molla İbrahimxəlilin sırf bədii tip deyil, real şəxs olduğunu Gürcüstan arxivindən əldə etdiyi məlumatlar əsasında təsdiqləmişdir.
Tədqiqatçı L.Məmmədova isə “M.F.Axunzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasında xarakterlərin konflikti” adlı məqaləsində yazır ki, “Molla İbrahimxəlil surəti real həyatdan götürülmüş, həqiqətən olmuş hadisələr əsasında qələmə alınaraq komediyanın ruhuna uyğun şəklə salınmış, tipikləşdirilmişdir. Komediyadakı hadisələr Şəki şəhəri yaxınlığında, Xaçmaz dağlarında cərəyan edir. L.Məmmədova “Mirzə Fətəli Axundzadə və müasirlik” adlı avtoreferantında həmçinin qeyd edir ki, Molla İbrahimxəlilin adına real həyatda, mətbuat səhifələrində, elmi monoqrafiyalarda, rəylərdə də rast gəlinir. O da göstərilir ki, Molla İbrahimxəlil savadlı və kimya elmindən (əlkimyadan) müəyyən qədər məlumatı olan biri olub, zərgərlik və qazıntı işləri ilə də məşğul olmuşdur. Axundzadəşünas N.Məmmədov da özünün “M.F.Axundzadənin realizmi” əsərində dolayısı ilə bunu təsdiq edir”.
Hətta Molla İbrahimxəlilin canişinlikdən fırıldaq yolu ilə pul alıb Xaçmaz dağlarında qazıntı aparması, adamları aldatması ilə bağlı məlumatlar da dillərdə dolaşmaqdadır. R.Əfəndiyevin xatirəsində göstərilənlər və “Kafqaz” qəzetində çap olunanlar da bunu təsdiq edir.
Komediyanın özündə də İbrahimxəlilin tarixi şəxsiyyət olmasına işarə olunur. Müəllif əsərin müsbət qəhrəmanı Hacı Nurunun dili ilə deyir: “…Molla İbrahimxəlili mən görməmişəm…Hərçənd bir neçə vaxt bundan irəli, belə ki, deyirlər o, Tiflisə getmişdi, amma ona kimya qayırmağa kim icazə verdi və kim gördü?” Və yaxud zərgər Hacı Kərim deyir: “Sizə qəribə xəbərim var. Kərdəkli Molla İbrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüsxət alıb, gəlib Xaçmaz dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur”. Bunlar M.F.Axundzadənin özünün də həmin əhvalatdan xəbərdar olması anlamına gəlmirmi?!
Gördüyümüz kimi, bir neçə mənbədə Molla İbrahimxəlilin tarixi şəxsiyyət olduğu qeyd edilir. Amma professor M. Rəfili bunlara inanmadığını söyləmiş, belə bir rəvayətin “komediyanın bilavasitə təsiri altında yarandığını” güman etmişdir. Onun iddiasının tənqidə dözümü yoxdur. Bizcə, Ə.Haqverdiyev və R.Əfəndiyevin qeydləri və N.Məmmədovun aşkara çıxardığı arxiv materialları onun fikrini təkzib etmək üçün kifayətdir.
Əsərdəki hadisələrin təsvir olunduğu coğrafi mövqe də yuxarıda qeyd olunan ehtimallara haqq qazandırır. Belə ki, remarkası aydın və maraqlı bir hekayəni xatırladan əsərin ikinci məclisinin əvvəlində oxyuyruq: “Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaçlarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağaçların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəgəmat ilə dərəyə qülqülə salırlar. Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin Gündoğan tərəfi göz işləməyən səhradır”. Pyesdə bəhs edilən məkanın dəqiq adı Balaşumdur. Xaçmaz kəndindən 3 – 4 km içəridə dağın ətəyində, meşənin içində qədim yaşayış yeridir. Şahidlər həmin yerlərin ötən əsrin ortalarına kimi remarkada göstərilən vəziyyətdə qalmaqda olduğunu söyləyirlər.
Bu yerlərdə doğulub böyümüş şair Cəlil Cavanşır “İbrahimxəlil Kimyagərin kəndindən reportaj” adlı yazısında deyilənləri təsdiq edərək yazır ki,
“…Axundzadəni Xaçmaz dağlarında xatırlamaq, onun ilk əsərində adı çəkilən yerləri gəzmək izaholunmaz dərəcədə maraqlı və həyəcanlıdır. “Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır”. Həmin dərəni də, qarlı dağları da görmüşəm. “Balaca çay”da əl-üzümü yuyub, həmin çayın suyundan çay qaynadıb içmişəm…”
Bizcə, coğrafi mövqeyin belə yerli-yataqlı təsviri M.F.Axundzadənin buralarda olması və bu yerləri tanıması ehtimalını da yaradır. Həmin vaxtlar Vartaşen (Oğuz) və onun qədim Xaçmaz kəndi Nuxa qəzasının tərkibində olmuşdur. Məntəqələr arasındaki məsafə də çox qısadır. Nuxada (Şəkidə) yetişən böyük mütəffəkirlər, o cümlədən, Mirzə Fətəli Axundzadə üçün də bu yerlər doğmadır, onun buralara gəlməsi və burada baş verən hadisələrdən xəbərdar olması, əsərləri üçün mövzu seçməsi də təbiidir. Filologiya üzrə fəlsəfə doktoru İ.Şəmsizadə haqlı olaraq yazır ki, “…dramaturq hadisələri elə təqdim edir ki, sanki onun real şahidi olduğu hadisələrdir”.
Şübhəsiz ki, “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının meydana çıxmasında N.Gəncəvinin “İskəndərnamə” poemasındakı məlum epizodun da, N.V.Qoqolun “Müfəttiş”inin də, Molyerin “Tartüf” əsərinin də və bir sıra digər amillərin də rolu olub. Amma, fikrimizcə, müəllif həmin əsərlərdən təsirlənsə də, movzu və ideya ortaqlığı, hadisələrin oxşarlığı olsa da, adı çəkilən əsərlərin heç biri komdediyanın yazılması üçün “dayaq nöqtəsi” deyil.
Yuxarıda qeyd etdiklərimizdən belə qənaətə gəlirik ki, “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının yazılması üçün əsas vəsilə (vasitə, səbəb, bəhanə, fürsət) Molla İbrahimxəlil əhvalatı olmuşdur. Bu mənada əsərdəki hadisələrlə əhvalatdakı hadisələrin uyğunluğu, baş qəhrəmanın real şəxs olması, əhvalatın baş verdiyi tarixlə əsərin yazılma tarixinin, demək olar ki, üst-üstə düşməsi təsadüfi sayılmamalıdır.
Belə bir hadisədən, Ə.Haqverdiyevin dediyi kimi, “…həqiqi, ölməz surətlər yaratmaq üçün Axundzadə istedadı lazım idi”. Elə də oldu. Amma Mirzə Fətəli əhvalatın təsvirçisi olmadı, bədii ənənələr vasitəsilə müasir dövrümüzə və ədəbiyyatimiza qədər gəlib çıxmış “misi gümüşə çevirmək motivini” öz dövrünün və zamanının tələbinə məharətlə uyğunlaşdırdı, komediya janrının ruhuna uyğun şəklə salmaqla müasirləşdirdi və tipikləşdirdi. N.V.Qoqolun da dediyi kimi, o, kopya şəklində portret çəkmədi, portretin özünü yaratdı.
M.F.Axundzadə həmin hadisədən istifadə edərək özünün mütərəqqi ideyalarını bədii dillə bizə çatdırdı. Həm də bu mövzunu ictimai düşüncəyə daha dərindən nüfuz edə biləcək bir səviyyədə təqdim etməklə. Və həm də hər kəsin anlayacağı dildə, üslubda və tərzdə.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.