Sonadək savaş: Yaxın Şərqdə “qan qurumur”

10-04-2024, 09:14           
Sonadək savaş: Yaxın Şərqdə “qan qurumur”
Yakov Kedmi: İsrail elan etdiyi məqsədlərə çatanadək savaşın davam edəcəyi ehtimalı böyükdür”

Fələstinin radikal HƏMAS hərəkatı Qahirədə keçirilən görüş və sülh danışıqlardan sonra İsrailin atəşkəs təkliflərini rədd edib. Bu barədə HƏMAS-ın Milli Xarici Əlaqələr Bürosunun rəhbəri Əli Barakə “Reuters” agentliyinə deyib. "Biz Misir tərəfinin bizə bildirdiyi İsrailin son təkliflərini rədd edirik", - Barakə bildirib.

Qeyd edək ki, bazar günü, aprelin 7-də münaqişə tərəfləri Qətər və Misir vasitəçilərinin, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün iştirak etdiyi Qahirə danışıqlarına öz nümayəndə heyətlərini göndəriblər.

HƏMAS-ın digər rəsmisi isə bildirib ki, danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Lakin Misirin “Al Qahera News” telekanalı yüksək vəzifəli mənbəyə istinadən öz növbəsində “əhəmiyyətli irəliləyiş” olduğu məlumatını yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu da Qahirədəki danışıqlardan sonra açıqlama verib. Baş nazir vurğulayıb ki, Təl-Əviv hədəflərinə çatmaq, ilk növbədə bütün girovları azad etmək və HƏMAS üzərində tam qələbə üçün çalışır. Netanyahu eyni zamanda, İsrail tərəfinin HƏMAS döyüş bölmələrinin son qalası hesab etdiyi Rəfaha daxil olmaq tarixinin müəyyənləşdiyini açıqlayıb. Onun sözlərinə görə, İsrail ordusunun Rəfah şəhərinə daxil olması və əməliyyatın tarixini Təl-Əviv müəyyənləşdirib. Lakin Baş nazir bunun nə vaxt baş verəcəyini dəqiq söyləməyib.

Qeyd edək ki, Refah Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşir. Humanitar yardımlar Rəfah keçid məntəqəsindən keçir və qaçqınlar bölgəni bura vasitəsilə tərk edirlər.

Netanyahu həmçinin israilli girovları azad etmədən atəşkəsin mümkünlüyünü istisna edib. Baş nazir qeyd edib ki, HƏMAS-ın tələblərinə tabe olmaq “terrorçu qrupa” gələcəkdə İsrailə hücumu təkrarlamaq cəhdinə imkan verəcək.

Aprelin 7-də Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” və “Əl-Hədas” mənbələri bildiriblər ki, HƏMAS Misirdəki danışıqlarda liderlərinə qarşı təqiblərə son qoyulmasını və onların Qəzza zolağından çıxarılması, eləcə də İsrailin geri çəkilməsi məsələsini gündəmə gətirməyi tələb edib. Və şərtlərdən biri də Qəzzanın şimal hissəsinin sakinlərinin ora maneəsiz qayıda bilməsinin təmini olub.

Beynəlxalq analitiklər hesab edirlər ki, israillə HƏMAS arasında hazırkı mərhələdə atəşkəs razılaşmasının əldə olunması real görünmür. Ekspertlərin qənaətincə Yaxın Şərqdə hələ ki, “qan qurumayacaq”.

Rusiyalı təhlükəsizlik məsələləri üzrə ekspert, “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi “Vzqlyad” nəşrinə deyib ki, İsrail hakimiyyəti dəfələrlə bəyan edib ki, onların məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir: “netanyahu son açıqlamasında bunu bir daha təkrarladı. Ona görə də, HƏMAS və İsrail arasında danışıqlar nəticə vermir, əldə olunan razılaşmalar atəşkəs və ya münaqişənin deeskalasiyasının başlanğıcı kimi qəbul edilməməlidir. Söhbət eksklüziv olaraq girovların dəyişdirilməsindən gedir. Təl-Əviv qarşıdurmanın əvvəlindən buna can atırdı. Uzun müddətdir ki, tərəflər kompromis əldə edə bilmirdilər və bu, davam edir”.

Kedminin qənaətincə, İsrailin əsas prioriteti öz vətəndaşlarının həyatını qorumaqdır: “Əvvəllər İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəlmişdilər. Bunlar qismən reallaşdı. İndi atəşkəs barədə Qahirədə aparılan danışıqlar nəticəsizdir. Nəticəsiz olması gözlənilirdi. Çünki yenə deyirəm, İsrailin tələblərini HƏMAS, HƏMAS-ın tələblərini İsrail rədd edir. Belə halda hansısa razılaşmanı gözləmək mənasızdır”.

“Görünən odur ki, Yaxın Şərqdə münaqişə bir müddət də isti fazada davam edəcək. İsrail elan etdiyi məqsədlərə çatanadək savaşın davam edəcəyi ehtimalı böyükdür”, - ekspert fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.