İKTA hesabat verib
10-04-2024, 09:24
Gözlənilirdi ki, sektorun ilk tənzimləyici qurumu ilk Hesabatını İKT ictimaiyyətinin iştirakı ilə təqdim edəcək.
Lakin RİNN-in İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi Hesabatı sadəcə media vasitəsilə yaymağa üstünlük verib.
Hesabata nəzər saldım.
Hiss olunur ki, yetərincə üzərində işləyiblər.
Dərhal qeyd edim ki, RİNN-nin digər Agentliyindən, İRİA-dan fərqli olaraq İKTA sıfırdan formalaşmış qurumdur.
Buna baxmayaraq görünən odur ki, İKTA ötən müddət ərzində daha çox işlər görə bilib, hətta uzun illərdən bəri donmuş vəziyyətdə olan bir neçə ciddi işləri reallaşdıra bilib.
İKTA səpələnmiş formada, yarı gizli – yarı açıq formada fəaliyyət göstərən provayderlərin uçot-qeydiyyat işini sahmana sala bilib. İndiyədək 150-dən çox provayder uçota alınıb. Əlçatanlıq yaradılıb.
İKT sektorunda göstərilən xidmətlərin keyfiyyətinə nəzarət üçün, vətəndaşların şikayətlərinin qəbulu və izlənilməsi üçün faydalı bir onlayn sistem, e-Şikayət rəqəmsal resursunu da hazırlayıb.
İKTA tərəfindən Internet xidmətlərinin keyfiyyət göstəriciləri də hazırlanıb və Nazirlik tərəfindən təsdiqlənib
Yəni belə demək mümkünsə, İKTA ölkənin internet bazarında bir xeyli səliqə-sahman yarada bilib, şəffaflıq və keyfiyyətə nəzarət mexanizmləri formalaşdırıb.
Düşünürəm ki, bununla da qarşıdakı mərhələdə biz “keyfiyyətsiz internet” probleminə son qoya biləcəyik.
İKTA radiotezlik sektorunda da gözəçarpan işlər görə bilib. DRİ ilə birgə radiotezliklərdən effektiv və səmərəli istifadə, 5G tezliklərinin digər qurumlardan geri alınması, müstəsna hallarda tezliklərin məhdudlaşdırılması və s. məsələlər artıq öz həllini tapıb.
Uzun illərdən bəri ciddi problem olaraq qalan 5G tezliklərinin təyinatı üzrə istifadəsi üçün nəticəsi olan addımlar atılıb.
5G işçi Qrupu bu texnologiyanın Azərbaycanda tətbiqi istqiamətində işlərə başlayıb.
Hələlik heç bir operatora 5G lisenziyası verilməyib.
Yeri gəmişkən xatırladıram ki, bu sahədə biz qonşu ölkələrdən xeyli geri qalmışıq.
İKTA –nın bazarın iştirakçıları ilə müntəzəm olaraq görüşlər keçirməsi də diqqətçəkəndir. Amma yaxşı olar ki, İKTA bu görüşləri maraqlı tərəflərin iştirakı ilə keçirsin.
Ümumiyyətlə, Hesabatdan da görünür ki İKTA hələlik bir çox sahələrdə yenicə tənzimləyici və nəzarətedici addımlar atmağa başlayır.
Bu məqsədlə bir çox sistemlər formalaşdırlıb, beynəlxalq təcrübə öyrənilib, tənzimləmə məsələləri ilə bağlı beynəlxalq əlaqələr gücləndirilib.
Müəyyən addımlar atılsa da tənzimləmə və nəzarət sahəsində problemlər çoxdur.
Xüsusilə dövlətə məxsus telekommunikasiya resurslarından, yeni formalaşmış nəhəng GPON telekommunikasiya şəbəkəsindən gələcəkdə bərabər əsaslarla istifadə, rəqabətli mühitin formalaşması, dövlət operatorlarının bazarda hökmranlığının yaratdığı neqativlərin qarşısın alınması istiqamətində ciddi tənzimləyici mexanizmlər hazırlanmalıdır.
Operatorlara 5G lisenziyalarının ədalətli və ağlabatan formada verilməsini üçün mühit formalaşdırılmalıdır.
İKTA ictimai iştirakçılığa şərait yaratmalı, rəqəmsal mühitdə istifadəçilərin hüquqlarının qorunmasına diqqəti artırmalıdır.
Osman Gunduz
TEREF