Özümüzdə distant təhsil alanın diplomu tanınır, amma xaricdə distant təhsil alanın diplomu tanınmır ?
10-04-2024, 09:48
Bu necə ola bilər ?
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament rəhbəri Aysel Kərimli APA-nın suallarını cavablandırıb.
Nə qədər təəccüblü və qanunvericiliyə zidd olsa da Aysel xanım “açıq təhsilalma formasının” (open education) bizdə olmadığını bildirib.
“Azərbaycan təhsil qanunvericiliyində bu təhsilalma forması yoxdur. Buna görə də birmənalı olaraq bu təhsilalma formasında əldə olunmuş diplomlar Azərbaycanda tanınmır” – o qeyd edib.
Heç olmasa deyə bilərdi ki, qanunda var, amma hökumətin alt sənədlərində bu yoxdur.
Aysel xanımın diqqətinə çatdırmaq istərdim ki, “açıq təhsilalma forması” (open education) dediyimiz elə distant və ya onlayn təhsil formasıdır. Yaxud da, distant texnologiyalardan istifadə edilməklə reallaşan formal, ənənəvi təhsil formasıdır.
Hansı ki bizim “Təhsil haqqında” qanunda distant təhsil forması illərdi ki, nəzərdə tutulub.
Xatırladıram ki, pandemiya dövründə bizim təhsil sistemi məhz həmin “açıq təhsilalma forması” əsasında tədris prosesini qurub.
ETN-nin "Microsoft Teams" platforması əsasında qurduğu və uğurla tətbiq etdiyi "Virtual məktəbin" milyonlarla istifadəçisi məhz “açıq təhsilalma forması” əsasında iki il təhsil alıb.
Məhz 2 il bu təhsil forması ilə təhsil alan tələbələrimizə diplomlar verilib və bizim hökumət də, o cümlədən qarşılıqlı tanınma olan xarici öllkələr də bizim tələbələrin bu diplomlarını tanıyıblar.
Aysel xanıma sual edirəm, bəs necə olur ki, bizdə distant formada təhsil alanlara verilən diplomlar tanınır, amma digər ölkələrdə bu formada təhsil alan tələbələrimizin diplomları tanınmır ?
Necə ola bilər ki, hansısa yerli universitetimizin distant diplomu tanınsın, amma, tutaq ki, Massaçusets Texnologiya İnstitutunun, yaxud Harvard-ın distant diplomu tanınmasın ?
Düşünürəm ki, bu cür ağlasığmaz, qanunazidd və ölkənin imicinə zərər verən açıqlamalar vermək əvəzinə, distant təhsil formasının oturuşması üçün real addımlar atılması daha doğru olardı.
Məsələn, daha ağlabatan olardı ki, ETN və DİM real imkanı olan universitetlər üçün bu ilin plan yerlərini müəyyən edərkən, əyani və qiyabi ilə yanaşı, distant təhsil formasında təhsil almaq istəyənlər üçün yerlərin sayını müəyyənləşdirsin.
Ümid edirəm Nazirlik, təhsil sahəsində qərar qəbul edənlər də bunun fərqindədirlər.
Osman Gunduz
TEREF